Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2018-Cİ İLİN OKTYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi oktyabr ayında da öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən 24 oktyabrda Hüseyn Cavidin  anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şairin yaradıcılığından nümunələr bədii qiraət edilmiş, sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən 09 oktyabrda Naxçıvan Dövlət Tarix Muzeyində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçirilmiş, onlara muzeydə ekskursiya və fond işinin təşkili haqqında ətraflı məlumat verilmişdir. Bundan əlavə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 03 oktyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Kitabxana-informasiya təminatı üzrə təhsil alan I kurs tələbələrinə “Azərbaycan kitabxanalarının inkişaf tarixi” mövzusunda “Açıq dərs” keçirilmiş, 24 oktyabr 2018-ci il tarixdə Naxçıvan Dövlət Universitetində “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən M.T.Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsi keçirilmişdir. Tədbirlər planına müvafiq olaraq 05 oktyabr 2018-ci tarixdə Naxçıvan Musiqi Kollecində Naxçıvan Dövlət Filarmoniyasının ixtisaslı kadrları tərəfindən vokal ixtisası, 12 oktyabr tarixdə xanəndəlik, 16 oktyabr 2018-ci tarixdə isə xoreoqrafiya ixtisası üzrə müəllim və tələbələr üçün, 22 oktyabrda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev tərəfindən Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələri üçün ustad dərslər keçirilmişdir. 09 oktyabrda isə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru H.Məmmədli Naxçıvan Universitetinin tələbələri üçün “Azərbaycanın milli geyimləri” mövzusunda mühazirə söyləmişdir.

17 oktyabr tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponat təqdimatı olmuşdur. Təqdimatda Sədərək kənd sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, o cümlədən başqa toxuculuq məmulatları, mis və saxsı qablar və digər nümunələrdən ibarət 26 eksponat muzeyə təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq 15 oktyabr tarixdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə Aşağı Buzqov və Yuxarı Buzqov kənd tam orta məktəbləri arasında, 31 oktyabr tarixdə isə Naxçıvan Duz Muzeyi muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərs keçirilmişdir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 03 oktyabr tarixdə Bəhruz Kəngərli Muzeyində, 30 oktyabr tarixdə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilmişdir.

13 oktyabrda Məmməd Arazın Ev Muzeyində şairin anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

“18 oktyabr Dövlət Müstəqilliyi günü” ilə əlaqədar Cəmşid Naxçıvanskinin Ev Muzeyində tədbir keçirilmiş, Naxçıvan Dövlət Tarix Muzeyində və tarix-diyarşünaslıq muzeylərində açıq dərslər keçirilmiş, sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planına əsasən Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 19 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında”  adlı rəsm müsabiqəsinin I mərhələsi Ordubad rayon orta məktəb şagirdləri arasında keçirilmişdir.

29 oktyabrda Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 94-cü ildönümü ilə bağlı  Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün mühazirə keçirilmişdir.

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində Ərtoğrol Cavidin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş sərgi qurulmuşdur.

Ay ərzində muzeylərdə ümumilikdə 3 tədbir, 42 açıq dərs keçirilmiş, 10 sərgi qurulmuşdur.

Oktyabr ayı ərzində muzeylərə 178 ədəd yeni eksponat daxil olmuş, muzeyləri ümumilikdə 61301 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 17249  nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxana işi üzrə keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, əlamətdar və tarixi günlərlə bağlı bir sıra tədbirlər keçirilmişdir. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında 18 oktyabr “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə, 17 oktyabr  tarixində- “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə eyni adlı sərgi təşkil edilmiş, sərgidə 22 kitab nümayiş etdirilmişdir. Həmçinin uşaq kitabxanası tərəfindən 15 oktyabr 2018-ci il tarixdə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında Naxçıvan şəhərindəki 1, 2, 3, 6 və 14 nömrəli tam orta məktəblərində “İslamda müdrik kəlamlar” kitabının müzakirəsi aparılmış, 22 oktyabr 2018-ci il tarixdə isə  “Beynəlxalq məktəb kitabxanaları” günü ilə əlaqədar Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kitabxanaçıları ilə “Məktəblərdə kitabxanaçıların rolu” mövzusunda tədbir keçirilmişdir. 25 oktyabr 2018-ci il tarixdə, Zəngilan və Xocavənd rayonunun erməni qəsbkarları tərəfindən işğalı ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında yığıncaq keçirilmişdir. Ümumilikdə hesabat dövrü ərzində əlamətdar və tarixi günlərlə əlaqədar 23 tədbir keçirilmişdir.

16 oktyabr 2018-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan, 31 oktyabr tarixdə isə Naxçıvan Texniki Kollecində “Oxunması zəruri olan kitablar”ın siyahısına əsasən M.T.Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsi keçirilmişdir. Ümumilikdə oktyabr ayında 15 kitab müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 №-li Təqaüdçülər Klubuna gündəlik olaraq səyyar xidmət göstərilmiş, hesabat dövrü ərzində Naxçıvan şəhərinin Atatürk küçəsində, 11-ci  və 57-ci məhəllələrində,   oktyabr ayının 5-i və 25-i isə 6  evdə  məhdud fiziki imkanlı şəxslərə səyyar xidmət göstərilmişdir. Bundan əlavə 30-31 oktyabr tarixlərdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən Babək məhəlləsi, Tumbul və Qaraçuq kəndlərində məhdud fiziki imkanlı uşaqların ailələrinə səyyari kitabxana xidməti göstərilib. MKS-lərin Mərkəzi kitabxanaları da daxil olmaqla 45 nəfər ahıl və məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti göstərilib.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 09 oktyabr 2018-ci il tarixində Naxçıvan şəhər 5№-li uşaq bağçasında uşaqlara “Lovğa qurbağa” nağılı söylənilmiş, “Gəlin birgə öyrənək” cizgi filmi nümayiş etdirilmişdir. 23 oktyabr tarixdə isə Naxçıvan şəhər 8№-li tam orta məktəbinin I sinif şagirdlərinə N.Gəncəvinin “Fitnə” nağılı söylənilmiş, “Tülkü və xoruz” cizgi filmi nümayiş etdirilmişdir. Nağıl günlərinin sonunda kitabxanaçıların təşkil etdikləri “Kitabı sevin-kitab bilik mənbəyidir” başlıqlı sərgilərə baxış olmuşdur. Hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və uşaq şöbələri də daxil olmaqla ümumilikdə 40 nağıl günü keçirilmişdir.

Həmçinin hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasında İtalyan bəstəkarı Cüzeppe Verdinin 205 illiyi münasibətilə “Cüzeppe Verdi-205” mövzusunda oxucularla söhbət aparılmışdır. Hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla ümumilikdə 4 görkəmli şəxsiyyətlə bağlı 21 yubiley tədbiri keçirilmişdir.

Hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərinə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16 metodiki məktub (“18 oktyabr - Azərbaycan Dövlət Müstəqillik aktı”, M.T.Sidqinin “Məktəb hekayələri” kitabının təhlili”), A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən də 2 adda 16 metodik məktub (“Kiçik yaşlı uşaqların mütaliə maraqlarının artırılması”, Babək rayonunun 40-cı illiyi münasibəti ilə “Babək rayonu-40”) olmaqla ümumilikdə 4 adda 32 metodik məktub göndərilmişdir.

Kəngərli rayon MKS-nin əməkdaşları 17 oktyabr 2018-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, 25 oktyabr tarixində isə Kəngərli rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə məşğələsində  olmuşlar.

29 oktyabr 2018-ci il tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları İ.Qasımov adına Naxçıvan şəhər MKS-də, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə 30 oktyabr tarixində Sədərək rayon MKS-də ezamiyyədə olmuşdur.

“Kitabxanaçı Günü” münasibətilə 19 oktyabr 2018-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Avtoreferatların təsviri” mövzusunda məruzə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə Naxçıvan Qızlar liseyinin, H.Əliyevin adına tam orta məktəbin və Naxçıvan şəhər Hərbi hissəsinin tabeliyindəki tam orta məktəbin kitabxanaçılarına “Kitabxanalarda biblioqrafik vəsaitlərin tərtib edilməsi və oxucuların tələbələrinin ödənilməsində biblioqrafik kataloqlardan istifadə qaydaları” mövzusunda məşğələ keçirilmişdir. Hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla ümumilikdə 10 kitabxanaçı günü keçirilmişdir.

“Kitabxana Günü”  münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında  26 oktyabr  2018-ci il tarixdə  xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə “Məmməd Araz şeirlərində vətənpərvərlik”  mövzusunda ədəbi-bədii gecə  keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 26 oktyabr 2018-ci il tarixdə Naxçıvan şəhəri 5№-li tam orta məktəbdə “Qarabağnamə” kitabının müzakirəsi keçirilmişdir. Hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla ümumilikdə 10 kitabxana günü keçirilmişdir.

“Mütaliə günləri”nin keçirilməsi ilə əlaqədar olaraq 12 oktyabr  2018-ci il  tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhər 7 №-li orta məktəbdə “Məktəb və mütaliə” adlı konfrans keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə kitabxanaçı və məktəblilərlə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən Elçinin “Baş” romanının müzakirəsi keçirilmişdir. Hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla ümumilikdə 37 mütaliə günü keçirilmişdir. Qeyd olunanlarla yanaşı hesabat dövrü ərzində rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla  “Naxçivan İslam Mədəniyyətinin Paytaxti- 2018” devizi altında keçirilən tədbirlərin sayı 44, birbaşa həsr olunan tədbirlərin sayı isə 14 olmuşdur.

Hesabat dövrü ərzində nazirliyə 1 adda 200 ədəd buklet, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 309 ədəd kitab və 20 ədəd jurnal daxil olmuşdur. Ay ərzində nazirliyin sisteminə daxil olan kitabxanalara 264, Heydər Əliyev Muzeyinə 6, Heydər Əliyev Sarayına 3, nazirliyin kitabxanasına isə 3 çap məhsulu daxil olmuş, 160 ədəd çap məhsulu isə nazirliyin hədiyyəlik kitablar siyahısına daxil edilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. 18 oktyabr “Dövlət Müstəqilliyi Günü” və 1 oktyabr “Ahıllar günü” ilə əlaqədar rayon (şəhər) mədəniyyət evi və klublarda tədbirlər keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən 16 oktyabr 2018-ci il tarixində Babək rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşlarının iştirakı ilə “Xalq Yaradıcılığı günü” ilə bağlı tədbir keçirilmişdir. Ümumilikdə hesabat dövrü ərzində rayon (şəhər) mədəniyyət evləri və klublarda əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlərin sayı 285 olmuşdur.

2 oktyabr 2018-ci il tarixdə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı və Şahbuz rayonunda fəaliyyət göstərən mədəniyyət evləri və klub əməkdaşlarının “Milli dəyərlərimiz bizim qədim keçmişimizdir” mövzusunda seminar-müşavirəsi keçirilmişdir. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları mədəniyyət evləri və klub əməkdaşlarına əməli köməklik göstərmək məqsədilə 19 oktyabr 2018-ci il tarixdə Naxçıvan şəhərindəki Qaraxanbəyli, Qaraçuq və Tumbul kənd mədəniyyət evlərində olmuş, dərnək fəaliyyəti və mədəni-kütləvi tədbirlərin təşkili işi ilə bağlı tövsiyələr vermişlər.

4 oktyabr 2018-ci il tarixdə Culfa Rayon Mədəniyyət Şöbəsi və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə Culfa Rayon Bənəniyar Kənd Mədəniyyət Evində klub müəssisələri əməkdaşları üçün seminar müşavirə keçirilmişdir.

Şahbuz Rayon Mədəniyyət Evi və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin  yaradıcı kollektivləri 6, 13, 20 və 27 oktyabr tarixlərdə “Ağbulaq” İstirahət Mərkəzində konsert proqramı ilə  çıxış etmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq 16 oktyabr 2018-ci il tarixdə Naxçıvan şəhərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında  “Dram Kollektivlərinin İfaçılıq Müsabiqəsi”nin seçim turu keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi gənc  istedadların  axtarışı  və  onların üzə  çıxarılması, aşkar edilmiş istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf  etdirilməsi və müsabiqədə  fərqlənən  istedadlı  gənclərin muxtar respublikada  fəaliyyət  göstərən  xalq  teatrları  və peşəkar teatrlara  cəlb olunmasının təmin edilməsidir.

Üç mərhələdən ibarət olan seçim turunun 1-ci mərhələsinə 16 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində start verilmiş, keçirilən seçim turunda 12 dram kollektivi iştirak etmişdir. Seçim turunda “Üfüq”, “Nurlu”, “Uğur”, “Araz”, “Təkəlduz”, “Nur”, “Nəqşicahan”, “Zəka”, “Sabit” (Naxçıvan şəhəri), “Haçadağ” və “Tumurcuq” (Culfa rayonu), “Simurq” (Sədərək rayonu) dram kollektivləri öz istedadlarını göstərmiş, Culfa rayonundan “Haçadağ” kollektivi 52 bal, Naxçıvan şəhərindən  “Nur” kollektivi 51, “Sabit” kollektivi isə 40 bal, toplayaraq əsas tura vəsiqə qazanmışlar.

Seçim turunun 2-ci mərhələsi 17 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində keçirilmiş, keçirilən seçim turunda 7 dram kollektivi iştirak etmişdir. Seçim turunda “Gənclik”, “Buta”, “Səbinə” (Babək rayonu), “Badamlı”, “Çınqıllı”, “Şahbulaq” (Şahbuz rayonu) və “Yurd” (Kəngərli rayonu) dram kollektivləri öz istedadlarını göstərmiş, Babək rayonundan “Gənclik” kollektivi 41 bal, “Səbinə” kollektivi isə 37 bal toplayaraq əsas tura vəsiqə qazanmışlar.

Seçim turunun son mərhələsi 25 oktyabr 2018-ci ildə Ordubad Rayon Mədəniyyət Evində keçirilmiş, keçirilən seçim turunda 6 dram kollektivi iştirak etmişdir. Seçim turunda “Gilançay”, “Kotam”, “Pəzməri”, “Unus-Dırnıs”, “Üstüpü”, “Bist”  (Ordubad rayonu) dram kollektivləri öz istedadlarını göstərmiş, Ordubad rayonundan “Gilançay” kollektivi 34 balla əsas tura vəsiqə qazanmışdır.

24 oktyabr 2018-ci il tarixdə Culfa rayon Əbrəqunus Kənd Mədəniyyət Evində şair, dramaturq, publisist Hüseyn Cavidin 135, həmçinin Ordubad rayonunda xalq şairi Məmməd Arazın 85, şair Əhməd Cəmilin 105, əməkdar incəsənət xadimi, yazıçı Əli Əmirlinin 70 illiyi münasibətilə tədbirlər keçirilmiş və müvafiq başlıqlı sərgilər təşkil olunmuşdur. Ümumilikdə hesabat dövrü ərzində rayon (şəhər) mədəniyyət evləri və klublarda keçirilən yubiley tədbirlərinin sayı 4 sərgilərin sayı 42 olmuşdur.

Naxçıvan şəhərinin 2018-ci il üçün “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində rayon (şəhər) mədəniyyət şöbələrinin Gənclər birlikləri ilə birgə keçirilən “Gənclik və mədəniyyətimiz” adlı dəyirmi masa və diskussiyaların davamı olaraq növbəti belə tədbir 25 oktyabr 2018-ci il tarixdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində keçirilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz  tərəfindən oktyabr ayı ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü və Hüseyn Cavid Poeziya Günü ilə əlaqədar  “Müstəqilliyimiz ən ali dəyərimizdir” və “Zəmanəsinin sərhədlərini aşan sənətkar” adlı metodik vəsaitlər hazırlanaraq Naxçıvan Şəhər və Şahbuz Rayon Mədəniyyət şöbələrinə göndərilmişdir.

Heydər Əliyev Sarayı tərəfindən 18 oktyabr “Dövlət Müstəqilliyi Günü” və “Tofiq Quliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeri” olmaqla 2 adda 16 metodik vəsait köməklik məqsədi ilə rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir. Ümumilikdə hesabat dövrü ərzində rayon (şəhər) mədəniyyət evləri və klublara 4 adda 20 metodiki məktub göndərilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Musiqi Kollecində 9 oktyabr 2018-ci il tarixdə maarifləndirici tədbir, 19 oktyabr tarixdə maarifləndirici söhbət aparılmış, 30 oktyabr tarixdə Kəngərli Rayon Mədəniyyət Evində mədəniyyət müəssisələrinin rəhbərlərinin ortaq iştirakı ilə “Mülki Müdafiə” kursu keçirilmişdir. Qeyd olunanlarla yanaşı hesabat dövrü ərzində rayon (şəhər) mədəniyyət evləri və klublarda “Naxçivan İslam Mədəniyyətinin Paytaxti - 2018” devizi altında keçirilən tədbirlərin sayı 82, birbaşa həsr olunan tədbirlərin sayı isə 16 olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2018-ci ilin oktyabr  ayı ərzində 563,4 manatlıq 36 adda 70 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Hüseyn Cavidin “Xəyyam” faciəsinin məşqləri davam etdirilmişdir. Ayın 19-da tamaşaya ictimai baxış keçirilmiş, nöqsanları aradan qaldırmaq üçün yenidən işlənməsi tövsiyə edilmişdir.

Bununla yanaşı olaraq plandan kənar hazırlanan Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” tamaşasının məşqləri aparılmışdır. Tamaşanın bu günlərdə müzakirəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Teatr  31 oktyabrda stasionarda “Əli və Nino” tamaşasını oynamışdır.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı repertuar planında olan Kəmalə Ağayevanın “Tık-tık xanım” və Bayram İsgəndərlinin “Cırtdanın sərgüzəştləri” tamaşalarının məşqləri davam etdirilmişdir. Oktyabr ayının 26-da Ordubad rayonunda bilet satışı ilə “Göyçək Fatma” tagmaşası göstərilmidir.

Həftənin şənbə günləri stasionarda “Ələddinin sehrli çırağı”, “Tülkü həccə gedir” və “Keçinin qisası” tamaşaları nümayiş etdirilib.

Naxçıvan Dövlət Uşaq Teatrı Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” tamaşasının məşqləri aparılıb.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin məşqləri ay ərzində qrafikə uyğun olaraq aparılmış, 16-17 oktyabr tarixlərdə Mahnı və rəqs ansamblı hərbiçilər qarşısında xeyriyyə konsertləri verilmişdir.

20-21 oktyabr tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində  keçirilən “Arıçılıq məhsulları, bal” festivalında filarmoniyanın Mahnı və rəqs ansamblı çıxış edib.

19 oktyabrda Kamera Orkestri Şərur şəhərində, 31 oktyabrda isə Mahnı və Rəqs Ansamblı stasionarda bilet satışı ilə konsert verib.

Oktyabrın 24-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında  Naxçıvan Gənclərinin VIII Formunun bədi hissəsində, 26-da isə Olimpiya İdman Kompleksində Məktəblilərin Muxtar Respublika Spartakidasının bədii hissəsində Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.

Hesabat dövründə xalq teatrlarında müəyyən işlər görülmüş, Ordubad Rayon Xalq Teatrı S.Rəhmanın “Yalan”, Şərur Rayon Xalq Teatrı Ə.Əmirlinin “Varlı qadın”, Babək Rayon Xalq Teatrı M.S.Ordubadi və Səid Rüstəmovun “Beş manatlıq gəlin”, Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Tofiq Seyidovun “Yarım günlü rəis müavini” əsərləri üzərində yaradıcılıq işi aparırlar.

Naxçıvan Dövlət Film Fondu tərəfindən 5 oktyabr 2018-ci il tarixdə “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Sədərək rayon Qaraağac kəndində Qarağac kənd ictimaiyyətinə “Üçüncü günün adamı” bədii filmi nümayiş olunmuşdur.

11 oktyabr 2018-ci il tarixdə Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin kollektivləri arasında kinoviktorinanın ilk seçim turu baş tutmuşdur.

Ayda bir dəfə olmaqla, “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris ili üçün tədbirlər planı”na  əsasən “Ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi”ni təşkil etmək məqsədi ilə 12 oktyabr 2018-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdlərinə “Əbədi ezamiyyət” bədii-sənədli filminin nümayişi təşkil olunmuşdur.

12 oktyabr 2018-ci il tarixdə “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Şahbuz rayon Kükü kəndində Kükü kənd ictimaiyyətinə “Üçüncü günün adamı” bədii filmi nümayiş olunmuşdur.

17 oktyabr 2018-ci il tarixdə “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Kəngərli Rayon Mədəniyyət Evində Kəngərli rayon ictimaiyyətinə “Üçüncü günün adamı” bədii filmi nümayiş olunmuşdur.

30 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublika Gənclər Mərkəzində Babək rayonundakı ümumtəhsil məktəblərinin kollektivləri arasında kinoviktorinanın ikinci seçim turu keçirilmişdir.

Nazirliyinin aylıq iş planına uyğun olaraq, 16 oktyabr 2018-ci tarixdə “Əcəmi” seyrəngahında uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərin iştirakı ilə ustad dərs keçirilmişdir. Dərsdə məktəblərin müəllimləri də iştirak etmişdir. 23 oktyabr 2018-ci tarixdə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərində tar, kamança, fortepiano, qarmon və skripka ixtisasları üzrə müəllim və şagirdlər üçün ustad dərs keçirilmişdir. 19 oktyabr 2018-ci il tarixdə Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri 25 oktyabr 2018-ci il tarixdə Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmişdir.

05 oktyabr 2018-ci il tarixdə Naxçıvan Musiqi Kolleci və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində “Müəllim Günü” qeyd olunmuşdur.

23 oktyabr 2018-ci il tarixdə Ərtoğrul Cavidin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllim və şagirdləri Hüseyn Cavidin Ev Muzeyində olmuş və 24 oktyabr 2018-ci il tarixdə həmin məktəbin müəllim və şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert keçirilmişdir.

01-26 oktyabr tarixlərində Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisası V kurs qiyabi şöbənin tələbələri pedaqoji təcrübə keçmişlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirdiyi yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət müsabiqədə Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin şagirdləri iştirak etmiş, Quliyev Zəfər, Hüseynova Arzu III dərəcəli diplomla,  Əsgərova Jalə fəxri fərmanla təltif olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gələcəyə doğru” layihəsi altında ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələri ilə görüşün final mərhələsində Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının konserti keçirilmişdir.

“Naxçıvan İslam Mədəniyyətinin paytaxtı – 2018”-ə həsr olunmuş müxtəlif səpkili tədbirlər keçirilmişdir. Belə ki, ay ərzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”ə həsr olunmuş tədbirlərin sayı 40, bu deviz altında keçirilən tədbirlərin sayı isə 127 olmuşdur.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. oktyabr ayı ərzində Nazirliyə 34-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 87 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 28-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla   137 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 6 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 8 nəfər işə qəbul edilmişdir.

Nazirliyin Maliyyə və təsərrüfat sektoru tərəfindən sentyabr ayına dair statistik hesabatların, aylıq üzləşmə aktının hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi, Nazirliyin Aparatının və tabeliyində olan təşkilatların saxlanılması, Nazirliyin tabeliyində olan müəssisələrə lazımi mal-material alınması təmin edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Oktyabr ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-lər ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 4 məqalə, yerli qəzetlərdə 4 yazı dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 5 material efirə verilmişdir. Həmçinin keçirilmiş tədbirlər bağlı 20 xəbər süjeti NTV kanalında efirə getmişdir. Nazirliyin saytına 3-ü məqalə, 21 xəbər olmaqla 24 material işlənmişdir.