Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2019-CU İLİN FEVRAL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi fevral ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Fevral ayında Kərimbəyli Kənd Kitabxana Filialının və Mədəniyyət Evinın fəaliyyəti üçün yeni tikilmiş Kənd Mərkəzində şərait yaradılmışdır.

Fevral ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, Şərur yallı kollektivinin repertuarında olan bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Hesabat dövründə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş tədbirlərin keçirilməsi diqqətdə saxlanmışdır.

Fevralın 1-də Nazirliyin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti olmuşdur. Fevralın 2-də isə muxtar respublikanın rayonlarında aid təşkilatlarla birgə keçirilən “2 fevral-Gənclər Günü”nə həsr edilmiş tədbirlərdə rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişlər.

Həmin tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq rəssamı, teatrın baş rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə iş aparılmış, Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılmışdır. Fevralın 5-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, sonda qədim diyarımıza həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Fevralın 8-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur. Həmçinin Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 2 rəsm müsabiqəsi keçirilmişdir.

Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Fevralın 18-də Şərur rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmiş, sonra İmadəddin Nəsiminin qəzəlləri bədii qiraət edilmiş, “Nəsimi” bədii filmi nümayiş olunmuşdur.

Fevralın 21-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə dilimizə həsr edilmiş şeirlər bədii qiraət edilmiş, kitabxanada təşkil olunmuş kitab sərgisinə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli 323-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” nın icrası ilə bağlı iş davam etdirilmişdir. Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda ədibin yubileyi ilə bağlı sərgilər hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə oxucu konfransı, kitab müzakirəsi, dəyirmi masa, mühazirə olmaqla 10 tədbir keçirilmişdir.

Fevralın 22-də Cəlil Məmmədquluzadənin Ev Muzeyində böyük yazıçının anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Həmçinin Cəlil Məmmədquluzadənin Nehrəm Kəndində Xatirə Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində və Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Fevralın 25-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, fevralın 15-də “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində növbəti eksponat təqdimatı keçirilmiş, muzeyə 33 eksponat təqdim edilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 5 fevralda “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində və Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərdə elektron dərsin təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil və Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən 7 fevralda Naxçıvan Dövlət Xalça Muzeyi ilə Kərimbəyli kənd tam orta məktəbi arasında, 26 fevralda isə Xatirə Muzeyində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar, Dövlət Bayrağı Muzeyində 8 fevral tarixdə muxtar respublikada olan ümumtəhsil məktəblərinin şagirdləri üçün, 27 fevralda isə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümünə həsr olunmuş, 21 fevralda Cəlil Məmmədquluzadənin Ev Muzeyindən ümumtəhsil məktəblərinin şagirdləri üçün böyük ədibin 150 illik yubileyinə həsr olunmuş, ümumilikdə 5 distant dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən 26 fevralda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçirilmiş, onlara muzeydə ekskursiya və fond işinin təşkili haqqında ətraflı məlumat verilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 5 fevral tarixdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsinin növbəti mərhələsi Şahbuz rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmişdir.

Fevralın 6-da Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvan muzeyləri muxtariyyətin yetirməsidir” mövzusunda elmi-təcrübi konfrans, 13 fevral tarixdə isə “Muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda dəyirmi masa keçirilmişdir.

6 fevral tarixdə Akademik Yusif Məmmədəliyevin Ev Muzeyinin yaradılmasının 43 illiyinə, 8 fevralda Şahtaxtinskilər Muzeyinin yaranmasının 9 illiyinə, 15 fevralda isə Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 6 illiyinə həsr olunmuş, fevralın 7-də Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyində Azərbaycan realist təsviri incəsənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş tədbirlər keçirilmişdir.

Nazirliyin təsdiq etdiyi qrafikə əsasən fevral ayından etibarən muzeylərin fond mühafizlərinin Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələlərinə başlanmışdır.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə fevral ayından etibarən Nazirliyin təşkilatçılığı ilə bələdçilər ingilis və rus dilləri üzrə kursa cəlb olunmuşdur. Bələdçilərdən 11 muzeydən 1 nəfər rus dili, 12 nəfər ingilis dili üzrə kurs keçəcəkdir.

Ay ərzində muzeylərdə ümumilikdə 32 açıq dərs, 8 tədbir keçirilmiş, 10 sərgi qurulmuş, muzeylərə 158 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 26 min 64 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 4 min 958 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində “2 fevral - Gənclər Günü”, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, “Beynəlxalq Ana Dili Günü” və Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar 74 tədbir keçirilmiş, 68 sərgi təşkil olunmuşdur.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 5 adda 40, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 2 adda 16 metodiki məktub olmaqla, ümumilikdə 7 adda 56 metodik məktub tərtib olunaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmış, ümumilikdə rayon (şəhər) MKS-lər də daxil olmaqla hesabat dövrü ərzində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan 19 kitabın müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən hesabat dövrü ərzində 10 nəfər məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 8 adda 106 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə isə hesabat dövrü  ərzində rayon (şəhər) MKS-lər də daxil olmaqla cəmi 59 adda 149 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 288, oxucu gəlişi 8 min 391 nəfər, kitab verilişi 52 min 290 nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 523 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 10 min 455-ada çatdırılmış, şəbəkəyə isə 522 kitab (PDF) işlənmiş və ümumi sayı 1502-yə çatdırılmışdır.

Hesabat dövrü ərzində kitabxanaçı günü, kitabxana günü və mütailə günü ilə bağlı hər birindən 10, nağıl günü ilə bağlı isə 27 tədbir keçirilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Nazirliyin 2019-cu il üçün tədbirlər planına əsasən 7 fevral tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Maddi mənəvi irsim Naxçıvan” rəsm müsabiqəsinin seçim turu keçirilmişdir. Müsabiqədə, ümumilikdə 30 nəfər iştirak etmişdir.

Naxçıvan Şəhər Təqaüdçülər Klubunda fevralın 13-də Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının, fevralın 20-də Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evlərinin ansambllarının konserti keçirilmişdir.

Ay ərzində rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və mənəvi istirahətinin səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Naxçıvan Musiqi Kollecinin “Buta” Muğam Ansamblının konsertləri keçirilmişdir. Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının konsertləri olmuşdur. Ordubad Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti və Babək Rayon Xalq Teatrının “Beş manatlıq gəlin” tamaşası olmuşdur. Culfa Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının konserti olmuş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Tülkü həccə gedir” tamaşasını nümayiş etdirmişdir. Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Kukla Teatrının “Bu günün çay dəstgahı” tamaşası nümayiş etdirilmiş, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının konserti keçirilmişdir. Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti, Babək Rayon Xalq Teatrının “Beş manatlıq gəlin” tamaşası rayon sakinlərinə təqdim olunmuşdur. Sarayda fevralın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük bəstəkarımız Fikrət Əmirovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Həmçinin Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə şagirdlərinin konserti təqdim olunmuşdur. Sədərək Rayon Mədəniyyət Sarayında Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan musiqi kollektivlərinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş konsertləri təşkil olunmuşdur. Ay ərzində rayon mədəniyyət saraylarında Nazirliyin təşkilatçılığı ilə 16 konsert və tamaşa nümayiş etdirilmişdir.

Ağbulaq İstirahət Mərkəzində “Şərur” Xalq Yallı Ansamblının 1 və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 3 konserti təşkil edilmişdir.

1 fevral tarixdə Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Kəngərli və Şahbuz rayonlarında klub müəssisələri əməkdaşlarının iştirakı ilə keçirilən seminar-müşavirələrdə iştirak etmiş, mədəniyyət evi və klublarda keçiriləcək mədəni-kütləvi tədbirlərin təşkili metodikası ilə bağlı metodik tövsiyələr vermişlər. 22 fevral 2019-cu il tarixdə isə Şərur rayonunda bir sıra mədəniyyət evi və klublarda olmuş, klub müəssisələrinin dərnək fəaliyyəti və tədbirlərin təşkili ilə bağlı əməli köməklik göstərmişlər.

Fevral ayı ərzində Metodik Mərkəz tərəfindən “Ürəyinizi qoruyun” adlı pyes mətni Kəngərli Rayon Qabıllı Kənd Mədəniyyət Evinin dram dərnəyində istifadə olunması üçün Kəngərli Rayon Mədəniyyət Şöbəsinə, həmçinin dram dərnəklərinin fəaliyyəti ilə əlaqədar metodik vəsait və tədris proqramı hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir. Ümumilikdə hesabat dövrü ərzində mədəniyyət evləri və klublarda əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlərin sayı 172, sərgilərin sayı isə 75 olmuşdur. Bunlardan əlavə 1 konfrans, 2 dəyirmi masa, 1 müsabiqə və 7 yubiley tədbiri keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin fevral ayı ərzində 305.4 manatlıq 27 adda 43 ədəd iş satılmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 1 fevral tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Yanğın təhlükəsizliyi qaydaları” haqqında maarifləndirici tədbir, 19 fevral tarixdə isə Naxçıvan Musiqi Kollecində “Fövqəladə hallarda fəaliyyət göstərməyi hər kəs bacarmalıdır” mövzusunda konfrans keçirilmişdir.

Hesabat dövrü ərzində Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında ay ərzində Xəqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramının məşqləri davam etdirilmiş, fevralın 22-də tamaşaya ictimai baxış keçirilmişdir. Fevralın 15-də stasionarda H.Cavidin “Xəyyam” tamaşası nümayiş etdirilmişdir.

Ay ərzində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında M.Seyidzadənin “Qızıl xoruz” əsərinin məşqləri davam etdirmiş, həftənin şənbə günləri stasionarda repertuarda olan tamaşalar nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı isə “Məlik Məmməd” və “Adam-badam iyisi gəlir” tamaşalarının məşqlərini davam etdirmişdir, fevralın 23-də Kəngərli rayonunda “Bu günün çay dəstgahı” tamaşası bilet satışı ilə etdirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri məşqlərini qrafikə uyğun olaraq davam etdirmişdir. Bundan əlavə konsert müəssisələri tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar olaraq fevralın 1-də Estrada Orkestri Şahbuz rayonunda, 28 fevralda Babək rayonunda, Kamera Orkestri fevralın 19-da Ordubad rayonunda, fevralın 16-da isə Mahnı Rəqs Ansamblı Şərur şəhərində bilet satışı ilə konsert vermişdir.

Fevralın 6-da Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Ənvər Rəhimov tərəfindən Naxçıvan Dövlət Film Fondunun muzeyinə verilən 25 ədəd müxtəlif kino avadanlığının təqdimat mərasimi olmuşdur. 1963-1985-ci illərdə istehsal edilmiş kinokamera, videokamera, səs yazma aparatı, obyektiv, eksponometr, video kaset və digər avadanlıqlar vaxtilə Naxçıvan televiziyasında müxtəlif film və başqa çəkilişlərdə istifadə edilmişdir.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində fevralın 8-də Şərur rayonunun İbadulla kəndində, fevralın 22-də isə Şahbuz şəhərində “Yarımçıq xatirələr”, 15 fevralda Babək rayonunun Nehrəm kəndində “Nəsimi” filmlərini nümayiş etdirmişdir. 19 fevralda Culfa rayon məktəbliləri arasında “Milli filmlərimiz” kinoviktorinası keçirilmiş, 21 fevralda isə Naxçıvan şəhər məktəbliləri üçün “Xocalıda son gecə” sənədli filminin nümayişi təşkil edilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Belə ki, Nazirliyin iş planına uyğun olaraq 4 fevral tarixdə Şahbuz Rayon Kolanı Kənd Uşaq Məktəbində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin tar, kamança, fortepiano, xanəndəlik ixtisasları üzrə, 6 fevral tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə müəllim və şagirdlər üçün ustad dərslər keçirilmişdir. 8 fevral tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor ixtisası üzrə açıq dərs təşkil olunmuşdur.

13 fevral tarixdə Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmiş, metodiki istiqamətdə müəllimlərə tövsiyələr verilmişdir.

14 fevral tarixdə Naxçıvan şəhər Gənclər Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili intellektual oyununun birinci mərhələsi keçirilmişdir. Nəticələrə əsasən I yeri tutmuş Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbi iyun ayında keçiriləcək final oyununda iştirak etmək hüququ qazanmışdır. Naxçıvan Şəhər M.Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin komandası II, Culfa Rayon Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin komandası III dərəcəli diplomlarla və Babək Rayon Uşaq Musiqi Məktəbinin komandası diplomla mükafatlandırılmışdır. 20 fevral tarixdə isə Naxçıvan Musiqi Kollecinin tələbələri arasında “Lira” musiqili intellektual oyun keçirilmişdir.

20 fevral tarixdə Naxçıvan Musiqi Kollecinin Bədii yaradıcılıq işi ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərs təşkil olunmuşdur.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölünməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Fevral ayı ərzində Nazirliyə 16-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 62 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 19-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 69 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 3 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır. Müəssisələrə 18 nəfər işə qəbul edilmişdir.

Ay ərzində bir kollegiya iclası keçirilmiş və müvafiq qərar qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Fevral ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 12, yerli qəzetlərdə 5 məqalə dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 3, “Naxçıvanın səsi” radiosunda 2 material efirə verilmişdir. Nazirliyin saytına 12 məqalə və 46 xəbər olmaqla 58 material işlənmişdir, NTV kanalında nazirliyin keçirdiyi tədbirlərlə bağlı 42 xəbər süjeti efirə getmişdir.