Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sentyabr ayında öz fəaliyyətini 2019-cu ilin iş planına uyğun qurmuş və sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından irəli gələn vəzifələr icra edilmişdir.
Sentyabr ayının 2-də Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbər-dirijoru Çingiz Axundovun 60 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə filarmoniyanın simli kvartetinin ifasında müxtəlif musiqi nömrələri təqdim edilmişdir.
Sentyabrın 13-də Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə teatrın fəaliyyətini əks etdirən foto sərgiyə baxış olub. Sonda Aleksey Nikolayeviç Tolstoyun “Buratinonun macəraları” əsəri əsasında xalq artisti Şirzad Abutalıbov tərəfindən səhnələşdirilən “Buratino” tamaşası nümayiş olunub.
Sentyabrın 11-dən başlayaraq Nazirliyin təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlər keçirilmişdir. Silsilə tədbirlərə “Görüş yeri” kafesinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start verilmiş, tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və digər yaradıcı kollektivlərin çıxışı, həmçinin “Yallı festivalı” keçirilmişdir. Əlamətdar günlə əlaqədar keçirilən tədbirlər çərçivəsində Naxçıvan Musiqi Kolleci tərəfindən hazırlanmış fləşmob təqdim olunmuş, Filarmoniyanın, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivlərinin ifasında xor əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Bundan əlavə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yuxarı sinif şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Azərbaycan musiqi tarixindən” mövzusunda mühazirə oxunmuşdur. Tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulmuşdur. Bundan əlavə muxtar respublikanın rayon mərkəzlərində və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində “Milli Musiqi Günü” ilə əlaqədar analoji tədbirlər keçirilmişdir.
Sentyabrın 20-də yazıçı-dramaturq Xaqani Əliyevin "Ehsan xan Kəngərli" tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 137-ci teatr mövsümünün açılış mərasimi keçirilmişdir.
Sentyabrın 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının yaradılmasının 60 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Filarmoniyanın kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər. Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, rəqs qrupu və xor kollektivinin, filarmoniyanın solistlərinin ifaları alqışlarla qarşılanmışdır.
28-29 sentyabr tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən ənənəvi “Bal” festivalında Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Musiqi Kollecinin musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara Nazirliyin müvafiq komissiyası tərəfindən nəzarət edilmiş, AMEA Naxçıvan Bölməsi tərəfindən verilmiş vəkalətnamələr əsasında Baxşəliyev Vəli Baxşəli oğlunun rəhbərliyi ilə Şərur rayonu ərazisində Oğlanqala, Naxçıvan şəhəri ərazisindəki Naxçıvantəpə, Babək rayonu ərazisində Uçan Ağıl yaşayış yerlərində başa çatmış arxeoloji qazıntılar haqqında hesabat qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, muzeyin internet portalının yaradılması üçün materiallar hazırlanmışdır.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 16 sentyabr tarixdə Heydər Əliyev Muzeyi ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb, 30 sentyabr tarixdə isə Naxçıvan Dövlət Tarix Muzeyi ilə Babək rayonunun Kültəpə kənd tam orta məktəbi arasında olmaqla 2 interaktiv dərs keçirilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.
Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi ilə bağlı iş aparılmış, 25 sentyabr tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə olunmuş 60-dan çox maddi-mədəniyyət nümunəsinin təqdimatı olmuşdur. Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 10 sentyabr tarixdə Məhəmməd Tağı Sidqinin Ev Muzeyində seminar-treninq keçirilmiş, tədbirin sonunda Akademik Yusif Məmmədəliyevin və Məmməd Səid Ordubadinin ev muzeylərinə ekskursiya olmuşdur.
Ay ərzində Naxçıvan Duz Muzeyinin yaradılmasının 2-ci ildönümünə və Məhəmməd Tağı Sidqinin Ev Muzeyində muzeyin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 134-cü ildönümünə həsr olunmuş “Üzeyir Hacıbəyov-134” başlıqlı sərgi hazırlanmışdır.
Ay ərzində muzeylərə 183 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 68 min 621 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 22 min 670 nəfəri əcnəbi vətəndaşlardır.
Hesabat dövrü ərzində kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərdə “Milli Musiqi Günü” münasibətilə “Musiqi ruhun qidasıdır”, “21 sentyabr-Beynəlxalq Sülh Günü” münasibətilə “Dünyamıza sülh gərəkdir”, görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə əsərlərinin biblioqrafik icmalı keçirilmişdir. Həmçinin görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi ilə əlaqədar “Ədəbiyyatımızın və mətbuatımızın istiqlal günəşi” adlı ədəbi-bədii gecə, “Bəlkə də qaytardılar”, “Molla Nəsrəddin jurnalının mətbuatda rolu”, Ərtoğrol Cavidin yubileyi ilə əlaqədar “Hüseyn Cavid ocağının parlaq nuru” və s. adlı tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər də daxil olmaqla əlamətdar və tarixi günlərlə bağlı 26, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı 18 tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Naxçıvan Texniki Kollecində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin, A.Babayev adına Naxçıvan Muxtar Respublikasının Uşaq Kitabxanası tərəfindən E.Əfəndiyevin “Baş” romanının müzakirələri keçirilmişdir. Hesabat dövrü ərzində ümumilikdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 14-ü klub müəssisələrinin işçilərinə olmaqla 34 kitab müzakirəsi keçirilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 11, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3, rayon (şəhər) MKS-lər tərəfindən isə 18 olmaqla, ümumilikdə 32 nəfər sağlamlıq imkanı məhdud və ahıl şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.
Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “15 sentyabr-Azərbaycanda bilik günüdür” və “18 sentyabr-Milli Musiqi Günü” adlı 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən isə “Məktəbəqədər yaşlı oxucuların mütaliəsinə rəhbərlik” və “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı 2 adda 16 olmaqla ümumilikdə 4 adda 32 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərə göndərilmişdir.
Şahbuz rayon MKS-nin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasında təcrübə keçmiş, əməli və metodik köməklik məqsədilə M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının əməkdaşları Culfa rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər MKS-nin uşaq şöbəsində ezamiyyədə olmuşlar.
Sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 2 adda 52 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır.
Ümumilikdə, kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 147 adda 200 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 347 nəfər, oxucu gəlişi 9 min 310 nəfər, kitab verilişi 48 min 773 nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 620 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 13 min 248-dən 13 min 868-ə çatdırılmışdır. Şəbəkəyə isə 47 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 520-dən 2 min 567-yə qədər artmışdır. Elektron kitabxanadan 305 nəfər qlobal, 127 nəfər lokal şəbəkədən olmaqla, ümumilikdə 432 oxucu istifadə etmişdir.
Hesabat dövrü ərzində mütaliə günü ilə bağlı 10, nağıl günü ilə bağlı 23 kitabxanaçı və kitabxana günü ilə bağlı isə ümumilikdə 20 tədbir keçirilmişdir.
Hesabat ayı ərzində kitabxanalarda ümumilikdə 118 mədəni-kütləvi tədbir keçirilmiş, 39 sərgi qurulmuşdur.
Hesabat dövrü ərzində klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, “15 sentyabr-Bilik Günü”, “18 sentyabr-Milli Musiqi Günü” ilə bağlı, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmiş, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” və Kəngərli Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblları “N” saylı hərbi hissələrdə konsert proqramları ilə çıxış etmişlər. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert verilmişdir. Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə Ü.Hacıbəyovun musiqili komediyaları və felyetonları əsasında hazırlanmış səhnəciklərdən ibarət tədbir keçirilmişdir. Milli Musiqi Günü ilə bağlı Şərur Şəhər “Bahar” Kinoteatrında film nümayişi olmuş, rayon (şəhər) mədəniyyət saraylarının musiqi kollektivləri tərəfindən rayonlarda 7 olmaqla ümumilikdə 8 konsert verilmişdir.
Nazirliyin təşkilatçılığı ilə Şərur və Şahbuz rayonlarında klub müəssisələrinin işçilərinə “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşməsi” mövzusunda 2 seminar-müşavirə keçirilmişdir.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Culfa rayonunda fəaliyyət göstərən bir neçə klub müəssisəsinə əməli-metodiki köməklik göstərilmiş, Şahbuz Rayon Mədəniyyət Şöbəsi ilə birgə “Xalqımızın ənənəvi rəqsləri – yallı” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Sentyabr ayında klub müəssisələrində 16-sı əlamətdar və tarixi günlərə həsr olunmaqla 121 mədəni-kütləvi tədbir keçirilmişdir
Hesabat dövrü ərzində Heydər Əliyev Sarayı tərəfindən 2 adda 16, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən isə 1 adda 8 metodik tövsiyyə hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2019-cu ilin sentyabr ayı ərzində 1944 (bir min doqquz yüz qırx dörd) manatlıq 51 adda 460 ədəd əl işi satılmışdır.
Sentyabr ayında Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.
Ötən dövrdə “Azərbaycan Kinosu Günü” çərçivəsində Şərur rayon Tumaslı, Kəngərli rayon Təzəkənd və Culfa rayon Milax kənd mərkəzlərində kənd ictimaiyyətinə Azərbaycan filmləri nümayiş olunmuşdur.
Sentyabr ayı ərzində “Azərbaycan Kinosu Günü” çərçivəsində 3, əlamətdar və tarixi günlərlə bağlı 1 olmaqla 4 film nümayişi olmuşdur.
Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Hesabat dövrü ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması işi davam etdirilmişdir.
Nazirliyin sistemində olan təhsil müəssislərində sentyabr ayınının birinci ongünlüyündə müvafiq imtahanlar keçirilməklə müxtəlif ixtisaslar üzrə şagird qəbulu aparılmışdır.
Ay ərzində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla”, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qaraca qız” Naxçıvan Dövlət Uşaq Teatrında isə “Mavi işıq”, həmçinin “Siçan və pişik” tamaşasının məşqləri davam etdirilmişdir. Bundan əlavə kukla teatrı tərəfindən 07 sentyabrda “Qoğalın sərgüzəştləri”, 14 sentyabrda “İnanmayaq tülkülərə”, 21 sentyabrda isə “Buratino” tamaşaları nümayiş etdirilib.
Hesabat dövründə gənclər sahəsində də işlər davam etdirilmiş, Nazirliyin 2019-cu il üçün iş planına uyğun olaraq sentyabr ayının 12-də Nazirliyin tabe müəssisələrində çalışan və təhsil alan gənclərin Naxçıvan Dövlət Tarix Muzeyinə, ekskursiyası, sentyabr ayının 27-də Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Şahtaxtinskilər Muzeyinə və Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil olunmuşdur.
Bundan əlavə 20 sentyabr tarixdə Şahbuz Rayon Uşaq Musiqi Məktəbində gənclərin iştirakı ilə “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Muxtar Respublikanın təbliğində sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa keçirilmiş, 28 sentyabrda isə Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün “Buratino” tamaşası nümayiş olunmuşdur. Tamaşa uşaqlarda xoş təəssürat yaratmışdır.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan şəhərində yerləşən mədəniyyət müəssisələrinin qazanxanalarında payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı yoxlama aparılmış, Naxçıvan şəhərində yerləşən mədəniyyət müəssisələrinin rəhbərlərinə və Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin rəhbərlərinə “Fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri” ilə bağlı 2 maarifləndirici tədbir keçirilmişdir.
Sentyabr ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etmiş, 23 sentyabr tarixdə Cəmşid Naxçıvanski Muzeyi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Hesabat dövründə Mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 1 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 1 nəfər Tərəqqi medalı ilə təltif edilmişdir.
Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Sentyabr ayı ərzində Nazirliyə 23-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 84 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 15-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 88 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 22 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 21 nəfər işə qəbul edilmişdir. sentyabr ayı ərzində 1 kollegiya iclası keçirilmiş 2 məsələ müzakirə olunmuşdur.
Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.
Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 4 məqalə dərc olunmuşdur. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 26 süjet efirə getmişdir. Nazirliyin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Radiosunda 1 verilişdə iştirak edilmiş, “Naxçıvanın səsi” radiosuna 1 müsahibə verilmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 10 məqalə və 30 xəbər olmaqla 40 material işlənmişdir.