Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN APREL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi aprel ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmağa çalışmış, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövrü ərzində mövcud vəziyyətlə bağlı olaraq onlayn mədəni xidmətin göstərilməsi Nazirliyin əsas vəzifələrindən olmuşdur.

Belə ki, 15 aprel tarixdə Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün, 25 aprel tarixdə Naxçıvan Dövlət Filarmoniyasının “Simli kvarteti”nin onlayn konserti, 29 aprel tarixdə isə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın onlayn nümayişi olmuşdur. Konsert Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır. Bundan əlavə, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da onlayn tamaşaların nümayişi üçün hazırlıqlara başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar aprel ayının 15-də Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə Məmməd Məmmədovun əsərlərindən ibarət tərtib edilmiş yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmişdir. Videoçəkilişdə həmçinin Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Naxçıvan Dövlət Filarmoniyasının direktorları bəstəkarın həyat və yaradıclığı barədə çıxış etmişlər. Televiziya çəkilişi 18 aprel tarixdə efirdə yayımlanmışdır. Aparılan çəkilişlər Nazirliyin rəsmi vebsaytlarında, Youtube video kanalında və sosial şəbəkələrdə işıqlandırılmışdır.

“18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar Nazirlik tərəfindən mövzu ilə bağlı məruzələr,  muxtar respublika ərazisində olan abidələrin görüntüsündən ibarət slayd və Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuş Naxçıvan şəhərində yerləşən dünya əhəmiyyətli XII əsr memarlıq abidəsi olan Yusif Küseyir oğlu türbəsi haqqında videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında və digər sosial şəbəkə hesablarında paylaşılmışdır.

Həmçinin “23 Aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü”, aprelin 20-də görkəmli dramaturq, yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığının zirvəsi hesab edilən “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi ilə bağlı hazırlanmış videomateriallar da Nazirliyin Youtube kanalında yerləşdirilmiş, Facebook və İnstagram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Nazirliyinin təşkilatçılığı ilə gənclərlə onlayn görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 15 aprel tarixdə “Zoom” mobil tətbiqi vasitəsilə muxtar respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələrində işləyən və təhsil alan gənclərlə “İslam əxlaqi dəyərlərinin təbliği”nə həsr olunmuş “Qurani-Kərim”də əmr olunan əxlaq qaydalarının təfsiri” mövzusunda onlayn görüş, 16 aprel tarixdə milli kinomuzun nadir incilərindən sayılan “Tütək səsi” filminin, 25-də isə dünya kinosunun incilərindən sayılan Çarli Çaplinin “Uşaq” filminin müzakirəsi keçirilmişdir. Müzakirələr diskussiya şəraitində təşkil edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Aprel ayında Nazirliyin yeni layihəsi olan “Biz birlikdə güclüyük” çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Musiqi Kollecinin musiqiçilərinin ifasında Naxçıvan Dövlət Film Fondu tərəfindən hazırlanmış bir sıra sosial videomateriallar internet resurslarında uğur qazanmış, layihələr geniş izləyici kütləsinə nail olmuşdur.

Aprelin 23-də Naxçıvan Dövlət Tarix Muzeyindən, aprelin 28-də isə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksindən keçirilən onlayn ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

13 aprel tarixdə Nazirlik tərəfindən elan edilmiş “Evdə qal, sən də yarat” rəsm müsabiqəsinə 4-12 və 13-18 yaş kateqoriyaları üzrə 133 nəfər uşaq, yeniyetmə və gəncin 225 rəsm əsəri təqdim edilmişdir. Müsabiqənin nəticələri Münsiflər Heyətinin 27 aprel tarixli yekun qərarına əsasən Nazirliyin internet resurslarında elan edilmişdir.

Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin ümumi nəzəri fənlər üzrə müəllimlərinə aprelin 27-də və 29-da “Zoom” mobil tətbiqi vasitəsilə “Qamma”nın və “Akkord”un tədris olunma metodikası mövzusunda onlayn metodiki kurs keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 5 ədəd yeni xalça haqqında məlumat hazırlanmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 62 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Ay ərzində muxtar respublikanın muzey və muzeytipli müəssisələri də öz fəaliyyətlərini sosial şəbəkə hesablarında onlayn ekskursiyalar, məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etməklə qurmuşlar. Belə ki, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı materiallar, ekskursiyalar hazırlanmış, sosial şəbəkə hesablarında geniş paylaşılmışdır. Hesabat dövründə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi, Nəriman Nərimanovun anadan olmasının 150 illiyi, “Beynəlxalq Mədəniyyət Günü”, “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, “Bəhruz Kəngərli yaradıcılığında tarixi abidələr”, “Bəhruz bəy Kəngərliyə məhəbbətdən doğan ithaf əsərləri”, “Xan Sarayı”, “Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyi”, naxçıvanlı rəssamlar Nəriman Əliyevin, Qədirulla Bağırovun yaradıcılığı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.    Hesabat dövründə, ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 670 ədəd müxtəlif məlumat, audio və video materiallar hazırlanmışdır.

Aprel ayı ərzində Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 95 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiyalar yerləşdirilmişdir. Ay ərzində muzeylər tərəfindən ümumilikdə İnstagram səhifələrində 1 min 474, Facebook hesablarında 1 min 250 paylaşım edilmişdir ki, onlardan, 630 ədədi onlayn ekskursiya, 654 ədədi məlumat xarakterli paylaşım, 1 min 470 ədədi Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Ay ərzində bu paylaşımların İnstagram hesablarında 74 minə yaxın, Facebook hesablarında isə 25 mindən  çox izləyicisi olmuşdur.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmışdır.

Belə ki, hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən oxuculara sifarişlər əsasında evlərinə kitabların çatdırılması xidmətinə start verilmişdir. Qeyd edilmiş kitabxanaların rəsmi sosial şəbəkə səhifələrində yayımlanmış elanlarda göstərilmiş əlaqə telefonlarına zəng vurmaqla oxucunun istəyinə müvafiq kitablar ünvanına çatdırılmışdır. Hesabat dövründə müraciət etmiş 650 şəxsə səyyar kitabxana xidməti göstərilmiş, 1 min 214 kitab verilişi olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 85 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 210 kitab verilişi olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 141 material hazırlanmış və 189 paylaşım edilmişdir.

Həmçinin 40-ı Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları, digər hissəsi kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən olmaqla 60-dan çox şeir və poemalardan parçaların bədii qiraət formatlı videomateriallar, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən 9, mədəniyyət və kitabxana müəssisələrinin əməkdaşları tərəfindən 4 olmaqla 13 audiokitab hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemləri tərəfindən videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 200 material hazırlamış, sosial şəbəkə hesablarında 750 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 4 min 750, Facebook səhifələrində 2min 350 olmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən “Nağıl Günləri” layihəsi çərçivəsində 140 audio və videomaterial hazırlanaraq paylaşılmışdır. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Musiqi Kollecinin “kitabxana-informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə onlayn təcrübə məşğələləri keçirilmişdir.

22 aprel tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Bakı Şəhər Xətai Rayon MKS arasında telekörpü baş tutmuşdur.

Aprel ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2 adda 20 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 8 adda 9 nüsxə çap məhsulu daxil olmuşdur.

Dövr ərzində elektron kataloqa 365 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 17 min 021-ə çatdırılmış, şəbəkəyə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 910-a çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 444 oxucu (qlobal şəbəkədən) istifadə etmişdir.

Aprel ayında klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da bura daxildir.

Hesabat dövründə Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən Facebook sosial şəbəkəsində 430 paylaşım edilmiş, 5 min 900 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 800 paylaşımın 10 min 470 izləyicisi olmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüş, görkəmli şəxsiyyətlərlə bağlı videolar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır. Həmçinin milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, bədii qiraət və audiokitab materialları hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən aprel ayında 45 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 150-dək paylaşım edilmiş, 6 min 500-ə yaxın bəyənmə sayı olmuşdur. Mərkəzin İnstaqram profilindəki bölümündə mütəmadi olaraq folklorumuzla bağlı test sualları paylaşılmaqdadır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı geniş paylaşımlar edilmişdir. Film Fond tərəfindən sosial şəbəkə vasitəsilə ay ərzində 44 material hazırlanmış, sosial şəbəkə hesablarında 90 paylaşım edilmiş, 900 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmişdir.

Aprel ayı ərzində Nazirliyin sisteminə daxil olan təhsil müəssisələri tərəfindən onlayn dərslərin keçirilməsi və müxtəlif videomaterialların hazırlanması və paylaşılması işi davam etdirilmişdir. Belə ki, Naxçıvan Musiqi Kolleci 1 min 186, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 1 min 483, Babək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 503, Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 996, Ordubad rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 326, Culfa rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 487, Kəngərli rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 213, Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 398, Sədərək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 75 olmaqla, ümumilikdə 5 min 667 onlayn dərs keçmişdir.

Hesabat dövründə Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən ümumilikdə, 376 videomaterial hazırlanmışdır. Həmin materiallar Kollecin, Uşaq Filarmoniyasının və rayon (şəhər) mədəniyyət şöbələrinin sosial şəbəkələrdəki hesablarında paylaşılmış və ümumilikdə 10 min 950 sayda bəyənmə qeydə alınmışdır.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 24 xəbər, 9 məqalə olmaqla, ümumilikdə 33 material işlənmişdir.

Nazirliyin aprelin 7-dən etibarən fəaliyyət göstərən Youtube kanalına 132 videomaterial yerləşdirilmiş, bu günədək 341 abunəçi və 7 min 873 izləmə sayı olmuşdur. Ay ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 210-a çatmış, 285 paylaşım edilmişdir. O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 3 min 200 olmuş, səhifədə 285 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 71 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 515 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 6 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 5 məqalə işıq üzü görmüşdür. Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 13 xəbər süjeti efirə getmişdir.

Cari dövrdə də Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, 2020-ci ilin aprel ayı ərzində Nazirliyə 2-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 11 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 4-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 15 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır.