Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN İYUN AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi pandemiya dövründə işini yeni istiqamətdə qurmağa çalışmış, dövr ərzində xüsusi qaydalara ciddi riayət etməklə onlayn tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. İyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən təqdim edilən tamaşa və konsertlər, Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdən onlayn ekskursiyalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Belə ki, iyunun 10-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının, iyunun 13-də Naxçıvan Dövlət Filarmoniyasının solisti, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin onlayn solo konsertləri təşkil olunmuşdur.

İyunun 15-də isə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Milli Qurtuluş Günü”nə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı tamaşaçılara onlayn təqdim edilmişdir. Həmçinin iyunun 27-də Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bəstəkar Məmməd Məmmədovun əsərlərindən ibarət onlayn konserti olmuşdur.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı iyunun 6-da Kəmalə Ağayevanın “Göyçək Fatma” və iyunun 20-də həmin müəllifin “Tıq-tıq xanım” pyesləri əsasında hazırlanan eyniadlı tamaşaları onlayn formada balaca tamaşaçılara təqdim etmişdir.

Əhalinin asudə vaxtının səmərəli keçirilməsi, eyni zamanda muzeylərin təbliği məqsədilə Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə onlayn ekskursiyaların keçirilməsi davam etdirilmişdir. 03 iyunda Bəhruz Kəngərli Muzeyindən, 24 iyunda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksindən keçirilən onlayn ekskursiyalar NTV kanalından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

“15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fonduna daxil olan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalça haqqında məlumat hazırlanmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 76 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının hazırlanması ilə bağlı iş aparılmış, yallıların çəkilişi və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilmişdir.

Görülən işlərlə yanaşı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm və “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqələri yekunlaşmışdır.

11 may tarixdə elan olunmuş “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı onlayn rəsm müsabiqəsinə 7-12, 13-17 və 18-29 yaş kateqoriyaları üzrə ümumilikdə 93 nəfər uşaq, yeniyetmə və gəncin 148 rəsm əsəri təqdim edilmişdir. Qaliblər Nazirliyin diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanlarla təltif edilmişdir.

“Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqəsi 16 iyunda yekunlaşmışdır. Onlayn müsabiqəyə ümumilikdə 42 iştirakçı tərəfindən 43 esse təqdim olunmuşdur. Qaliblər Nazirliyin diplomları və pul mükafatı, fərqlənənlər fəxri fərmanlarla təltif edilmişdir. Qalib esselər Nazirliyin saytlarında yayımlanmışdır.

“Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsinə 20 iştirakçı tərəfindən 20 videoçarx daxil olmuşdur. Qaliblər Nazirliyin diplomları və pul mükafatı ilə təltif edilmişdir.

İyun ayından il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə start verilmişdir.

Nazirliyin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə onlayn tədbirlərin keçirilməsinin muzeylərin tanıdılmasında rolu” mövzusunda onlayn seminar, “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi ilə birgə  sağlamlıq imkanları məhdud uşaqlara Heydər Əliyev Muzeyindən onlayn ekskursiya keçirilmişdir.

İyun ayı ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Ay ərzində  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və Məmməd Arazın Ev Muzeyinin yaradılmasının 7, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 14, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yaradılmasının 22 illiyi ilə bağlı, Abbasqulu ağa Bakıxanovun anadan olmasının 226, Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi ilə bağlı, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Sabir Qədimov haqqında videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 716 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 118-i onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 190 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Ay ərzində muzeylər tərəfindən ümumilikdə Instagram səhifələrində 3 min 063, Facebook hesablarında 2 min 839 paylaşım edilmişdir ki, onlardan, 228 ədədi onlayn ekskursiya, 1 min 103 ədədi məlumat xarakterli paylaşım, 4 min 571 ədədi Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Ay ərzində bu paylaşımların İnstagram hesablarında 69 min 209, Facebook hesablarında isə 51 min 364 izləyicisi olmuşdur. Bu dövrdə muzeylərə 24 ədəd eksponat daxil olub.

Bu dövrdə Şərur rayonu ərazisindəki Parçı İmamzadəsi və Piri Süleyman ziyarətgahı, Şahbuz rayonu ərazisindəki Fərhad Evi  haqqında videomateriallar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmış, onlayn xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanaları tərəfindən R.Mirzəzadənin “Qriboyedov: şair-diplomat”,  Ştefan Svayqın “Şahmat”, Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” kitablarının, Şərur və Sədərək rayon MKS-lərin əməkdaşları üçün onlayn təcrübə məşğələsi, Babək Rayon Mədəniyyət Şöbəsi tərəfindən  “Nizaminin hikmət və nəsihətləri” kitabının onlayn müzakirələri, keçirilmişdir. Həmçinin A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə 9 nəfər sağlamlıq imkanı məhdud uşağın ailəsində olmuşlar.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 15 material hazırlanmış və 30 paylaşım edilmişdir.

Həmçinin 10-u Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları, digər hissəsi muzey, kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən olmaqla 48 şeir və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar, 7 audiokitab hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 175  material hazırlamış, sosial şəbəkə hesablarında 1 min 182 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 10 min 644, Facebook səhifələrində 6 min 945 olmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən “Nağıl Günləri” layihəsi çərçivəsində iyun ayında 40 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 4 adda 32 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə göndərilmişdir.

İyun ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 1 adda 7 nüsxə çap məhsulu daxil olmuş və aidiyyatı üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 93 adda 128 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda oxucu gəlişi 2 min 721 nəfər, kitab verilişi isə 18 min 306 nüsxə olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Şahbuz Rayon MKS-nin Uşaq Kitabxanası tərəfindən sağlamlıq imkanı məhdud 10 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində elektron kataloqa 601 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 18 min 588-ə, şəbəkəyə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 982-yə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 120-si lokal, 279-u qlobal olmaqla 399 oxucu istifadə etmişdir.

İyun ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da bura daxildir. Ümumilikdə 87 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 1 min 478 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 667 paylaşım edilmiş, 10 min 602 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 811 paylaşımın 17 min 353 izləyicisi olmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Görkəmli şəxsiyyətlərlə bağlı videolar, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, bədii qiraət və audiokitab materialları hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən iyun ayında 38 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 185 paylaşım edilmiş, İnstaqramda 2 min 123, Facebookda 1 min 116 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən iyun  ayı ərzində 423 manatlıq 14 adda 66 ədəd iş satılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Film Fond tərəfindən ay ərzində 43 material hazırlanmış, sosial şəbəkə hesablarında 82 paylaşım edilmiş, 1 min 119 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində Kəngərli və Culfa rayonlarında fəaliyyət göstərən folklor kollektivlərinin iştirakı ilə xalq yaradıcılığı nümunələrinin, həmçinin Naxçıvan Musiqi Kollecinin “Tar” ixtisası üzrə təhsil alan tələbələrinin konsert nömrələrinin çəkilişi həyata keçirilmişdir.

Ay ərzində filmlərin  nömrələnməsi, pasportlarının yenilənməsi və  lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması və görkəmli şair, yazıçı və dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi əsasında, həmçinin, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Hüseyn Əsgərovun eyniadlı əsəri əsasında hazırlanan “Qorxaq Əhməd” və Naxçıvan Dövlət Uşaq Teatrında müəllif Nuray Nəzərovanın eyniadlı “Mavi işıq” tamaşalarının məşqləri davam etdirilmişdir.

Ay ərzində təhsil müəssisələri ilə iş sahəsində də onlayn faəliyyət davam etdirilmişdir. Nazirliyinin təşkilatçılığı ilə iyun ayının 10-da  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin qanun ixtisası üzrə müəllimlərinə ustad dərs, iyun ayının 27-də isə Naxçıvan Musiqi Kollecinin Musiqi nəzəriyyəsi şöbəsinin müəllimlərinə solfecio fənni üzrə onlayn metodiki kurs keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Musiqi Kollecinin buraxılış kurslarının dövlət imtahanları və yaz imtahan sessiyası keçirilərək yekunlaşmışdır. Ay ərzində Nazirliyin sisteminə daxil olan təhsil müəssisələri tərəfindən onlayn dərslərin keçirilməsi və müxtəlif videomaterialların hazırlanması və paylaşılması işi davam etdirilmişdir. Belə ki, Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 456, Babək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 329, Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 426, Ordubad rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 216, Culfa rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 198, Kəngərli rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 103, Şahbuz rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 121, Sədərək rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan təhsil müəssisələri 56 olmaqla, ümumilikdə 1 min 905 onlayn dərs keçmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçirilmiş imtahanların nəticələrinə əsasən təhsil müəssislərini 52 fərqlənmə, 624 ümumi qiymətlərlə olmaqla ümumilikdə 676 şagird bitirmişdir. Həmin şagirdlər qiymətləndirmə kateqoriyalarına uyğun olaraq şəhadətnamə ilə təmin edilmişdir.

Ay ərzində gənclərlə iş sahəsində də onlayn tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, iyunun 6-da V.Hüqonun “Edama məhkumun son gecəsi” əsəri və 24-də Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Son iclas” filmi gənclər tərəfindən müzakirə edilmişdir. 10 iyun tarixdə gənclər arasında “Milli adət-ənənələr” adlı maarifləndirici tədbir təşkil olunmuş və 19 iyun tarixdə isə “Yaşa və öyrən – onlayn” intellektual bilik yarışı keçirilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 28 xəbər, 18 məqalə olmaqla, ümumilikdə 46 material işlənmişdir.

Nazirliyin Youtube kanalına iyun ayında 72 (cəmi 308) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 060 abunəçi, 49 min 263 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 448-ə çatmış, 189 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 4 min 710 olmuş, səhifədə 189 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 190 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 602 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 9 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 5 məqalə işıq üzü görmüşdür.

“Şərqin səhəri” qəzetinin 5 iyun 2020-ci il tarixli nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin “Pandemiya dövründə mədəniyyət”, “Nuh Yurdu” qəzetinin 13 iyun 2020-ci il tarixli nömrəsində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın “Müasir cəmiyyətdə kitab və kitabxanaların rolu”, “Şərq qapısı” qəzetinin 18 iyun 2020-ci il tarixli sayında Xalq şairi Məmməd Arazın ev-muzeyinin direktoru Əzizə Süleymanovanın “Vətənlə ucalıb Vətəni ucaltmaq məramı...” adlı məqalələri dərc olunmuşdur.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 17 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. İyun ayı ərzində Nazirliyə 4-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 28 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara  12-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 36 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 17 nəfər işə qəbul edilmişdir.