Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin birinci yarımili ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
1 yanvar tarixdə Naxçıvan şəhərinin mərkəzi meydanında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə əlaqədar keçirilən bayram şənliyində Naxçıvan Dövlət Filarmoniyası konsert proqramı ilə çıxış etmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı H.X.Andersenin “Qar Kraliçası” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirmişdir.
13 yanvar tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 25-ci ildönümünə, 17 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümünə, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 13-cü, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin yaradılmasının 9-cu və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 10-cu ildönümünə, 11 may tarixdə Naxçıvan Teatrının yaradılmasının 140 illiyinə, iyunun 19-da Cəlil Məmmədəquluzadənin Ev Muzeyinin yaradılmasının 25-ci ildönümünə, 24 iyun tarixdə Xalq şairi Məmməd Arazın Ev Muzeyinin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirlər təşkil edilmişdir.
21 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
2 fevral tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “2 Fevral - Gənclər Günü” münasibətilə tədbir təşkil olunmuşdur.
Fevralın 2-də Naxçıvan Saray Kompleksində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə isə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.
Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və təşkilatın yeni sədri seçilmişdir.
17 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümü qeyd edilmişdir.
Fevralın 21-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Fevralın 23-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir.
Martın 7-də Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin geniş konsert proqramı təqdim edilmişdir. Həmçinin Nazirliyinin təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı flaşmob keçirilmişdir.
Nazirliyin iş planına uyğun olaraq 10 mart tarixdə “Milli Teatr Günü” və 27 mart tarixdə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmiş, tədbirlərdə ardıcıl olaraq Hüseyn Cavidin “Topal Teymur” və N.V.Qoqolun “Müfəttiş” tamaşaları nümayiş etdirilmişdir.
Martın 17-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.
19-26 mart tarixlərdə Nazirlik və “Element” şirkəti tərəfindən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə “Novruz şəhərciyi” təşkil edilmişdir. 18 mart tarixdə “Novruz bayramı” şənliyinin keçirildiyi ərazinin estetik cəhətdən daha gözəl görünməsi məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri və müxtəlif könüllü qruplar arasında “Ağac bəzəmə” müsabiqəsi keçirilmiş, müsabiqə iştirak edən komandalar tədbirin ilk günündə təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.
Səkkizgünlük bayram tədbirlərində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Sədərək rayon mədəniyyət idarə və şöbələrinin musiqi, rəqs və folklor kollektivlərinin konsertləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının, xalq teatrlarının tamaşaları, Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradovun, həmçinin Ceyhun Ares, Hiss, Tofiq Hacıyev və Eldar Qasımovun konsertləri təşkil olunmuşdur.
20-26 mart tarixlərində “Novruz Şəhərciyi”ndə 8 bədii, 23 cizgi filmi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası, rayon, şəhər mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin və Bakı şəhərindən dəvət edilmiş müğənnilərin 14 konsert proqramı təqdim olunmuş, Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarının hər biri 3 tamaşa, rayon xalq teatrları və folklor qruplarının 4 tamaşası nümayiş etdirilmişdir.
Muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir.
20-26 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan 6 muzey tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.
Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən Novruz bayramı münasibətilə 10, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə 8, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə 13 olmaqla, ümumilikdə, 31 konsert proqramı təqdim edilmişdir.
30 mart tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri muxtar respublikada səfərdə olmuş, mədəniyyət və incəsənət müəssisələri ilə tanış olmuşlar.
Aprelin 6-da Ordubad Rayon Mədəniyyət Sarayında yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.
7-8 aprel tarixlərdə “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçirilmiş, festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblının təqdimatında konsert proqramları təqdim olunmuş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi” tərəfindən muxtar respublika sənətkarlarının hazırladıqları suvenirlərin və hədiyyəlik xatirə əşyalarının satışı təşkil edilmişdir.
“15 Aprel – Dünya İncəsənət Günü” ilə əlaqədar mədəniyyət idarə və şöbələri, muzeylər, kitabxanalar, təhsil müəssisələri tərəfindən müxtəlif xarakterli tədbirlər keçirilmişdir. Əlamətdar günlə bağlı ümumilikdə, 14 tədbir keçirilmiş, 1 sərgi qurulmuş, müvafiq videoçarx hazırlanaraq Nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.
18 aprel tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Nazirliyin Gənclər Təşkilatının 30 nəfər üzvünün iştirakı ilə Ordubad rayonuna ekskursiya təşkil olunmuş, ekskursiya zamanı Ordubad şəhərindəki məşhur tarixi-memarlıq abidələrini əks etdirən videoçarxlar hazırlanaraq Nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.
Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qəhrəman Tağıyevin “Duyğular və rənglər” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Rəssam sərgidə nümayiş etdirilən 10 rəsm əsərini Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə hədiyyə etmişdir.
28 aprel tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə Heydər Əliyev muzeyinə “muxtar respublika” statusu verilmişdir.
Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.
18 may tarixdə Açıq Səma Altında Muzeydə nazirliyin təşkilatçılığı ilə “18 May - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
"Naxçıvan-bəşəriyyətin beşiyi" VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində festival iştirakçılarına Naxçıvan Dövlət Filarmoniyasının muğam studiyası və "Şərur" Xalq Yallı Ansamblının konsert proqramı təqdim olunmuşdur.
24 iyunda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə mədəniyyət müəssisələrinin əməkdaşlarına icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
İyunun 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 140-cı teatr mövsümünün bağlanış mərasimi olmuş, A.Babayevin eyniadlı əsəri əsasında hazırlanmış “Xilaskar tamaşası nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən “Heydər Əliyev İli”ndə görüləcək işlərə dair Tədbirlər Planı hazırlanmış və Nazirliyin 2023-cü il 13 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir.
Yanvar-iyun ayları ərzində bununla bağlı bir sıra işlər görülmüşdür. Belə ki, Nazirlik tərəfindən Heydər Əliyev Muzeyi ilə birlikdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən albom-kataloqun hazırlanması ilə bağlı iş və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmışdır. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri aparılmış, 26 may tarixdə tamaşaya ictimai baxış keçirilmişdir. 6 iyun tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında tamaşanın premyerası olmuşdur. Tamaşa 6 və 9 iyun tarixlərdə stasionarda, iyunun 14-də “N” saylı hərbi hissədə, iyunun 12-də Culfa, 16-da Şahbuz, 19-da Şərur, 20-də Ordubad, 21-də Kəngərli, 22-də Sədərək və 23-də Babək rayonlarında rayon ictimaiyyəti üçün oynanılmışdır.
“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayon mədəniyyət saraylarında konsertləri keçirilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən I Uşaq İncəsənət Festivalının ilk mərhələsinə muxtar respublikada aprelin 19-dan start verilmiş, 15 may tarixdə yekunlaşmışdır.
24-26 may tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “SABAH” İncəsənət Festivalı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “İstedadlı uşaqlar-2023” festivalı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sağlamlıq imkanı məhdud uşaqlar arasında “İstedad əngəl tanımır” yaradıcılıq müsabiqəsi və müsabiqənin yekun tədbiri keçirilmişdir.
Heydər Əliyev Muzeyində Nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfrans, ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə, Orta İxtisas Polis Məktəbinin kursantlarına ulu öndərin həyatı və siyasi fəaliyyətinə dair mühazirələr keçirilmişdir. Heydər Əliyev Muzeyinin qarşısında Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.
İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində Bakı şəhər 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hesabat konserti təqdim edilmişdir.
İyunun 2-dən 14-dək Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi və Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələri təşkil olunmuş, iyunun 20-də müsabiqələrinin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.
2023-cü ilin birinci yarımili ərzində Nazirlik, mədəniyyət və incəsənət müəssisələri tərəfindən konsertlər, tamaşalar, film nümayişləri, yığıncaq, görüş və digər tədbirlər, ali və orta ixtisas məktəblərinin tələbələrinə, ümumtəhsil məktəblərinin şagirdlərinə mühazirə, interaktiv və açıq dərslər, kitab müzakirələri və s. olmaqla, ümumilikdə, müxtəlif formatlı 195 tədbir keçirilmişdir.
“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, yanvar-iyun ayları ərzində 14 tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Sədərək rayonu ərazisində olan Sədərək (Sədərək Kültəpəsi) yaşayış yerində və Naxçıvan şəhəri ərazisində olan Tumbultəpə yaşayış yerində, İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonu ərazisində yerləşən Plovdağ arxeoloji abidə kompleksi və ətraf abidələrdə arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən 3 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. Həmçinin Sədərək rayonu ərazisində olan Sədərək (Sədərək Kültəpəsi) yaşayış yerində aparılan arxeoloji qazıntı və Şərur rayonu ərazisində yerləşən Qızqala və Oğlanqala yaşayış yerlərində aparılan kəşfiyyat işlərinə baxış keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı 2018-2022-ci illərdə görülmüş işlərə dair, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2019-2022-ci illər və 2023-cü ilin 5 ayı ərzində icra vəziyyəti barədə məlumatlar, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadı inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlərin 2023-2027-ci illərdə icrası üzrə Təfsilatlı Tədbirlər Planına Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Təklifləri hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir.
Müvafiq müraciətlərə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələri haqqında, Naxçıvan Muxtar Respublikası ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri haqqında məlumatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə, Heydər Əliyev Muzeyinin fondunda olan Ulu Öndərin zəhmətkeş qadınlarla olan fotolarının surəti və onlar haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı, müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə "18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü"nə həsr olunmuş Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən "Açıq qapı" aksiyasında Nazirliyin əməkdaşı iştirak etmiş və müvafiq icraat aparılmışdır.
2023-cü ilin birinci yarımili ərzində istfadəyə verilmiş Şərur rayon Həmzəli, Axura və Vərməziyar, Ordubad rayon Xanağa, Babək rayon Vayxır kənd mərkəzlərində Axura, Həmzəli, Xanağa, Vayxır və Vərməziyar kənd kitabxana filialları, Axura və Vayxır kənd mədəniyyət evləri, Həmzəli və Vərməziyar kənd klublarının fəaliyyəti üçün iş şəraiti yaradılmışdır. Əsaslı təmir olunmuş Şahbuz rayon Biçənək kənd mərkəzində Biçənək Kənd Kitabxana Filialı, Biçənək Kənd Mədəniyyət Evi və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin Biçənəkdə fəaliyyət göstərən sinifləri üçün iş şəraiti yaradılmışdır.
Dövr ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Kitabxanaçılıq və informasiya” və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə təhsil alan tələbələrinə Nazirliyin tabeliyində olan muzeylərdə, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 4 kitab müzakirəsi, 8 açıq dərs, 3 mühazirə və film nümayişi keçirilmişdir.
Fevral-may aylarında Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik”, “Tarix”, “Kitabxanaçılıq və informasiya”, Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Dövlət Universitetinin magistratura üzrə əyani şöbəsinin II kurs magistrantlarının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.
Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında dövr ərzində 11-i xeyriyyə, 16-ü bilet satışı ilə olmaqla 27 tamaşa nümayiş etdirilmişdir. Bunlar Elçinin “Teleskop”, N.V.Qoqolun “Müfəttiş”, V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, Ə.Orucoğlunun “Qaynana əməliyyatı”, Ümüd Görkülünün “Cibimizdəki dəlilik”, M.F.Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri”, Aqşin Babayevin “Xilaskar”, V.Hüqonun “Edama məhkumun son günü” əsərləri olmuşdur. Həmçinin dövr ərzində Elçinin “Şekspir”” əsərinin məşqləri aparılmışdır.
Mayın 10-da M.F.Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri” və mayın 26-da Aqşin Babayevin “Xilaskar”, iyunun 9-da plandankənar hazırlanan V.Hüqonun “Edama məhkumun son günü” tamaşalarına ictimai baxış keçirilərək teatrın repertuarına daxil edilmişdir.
Dövr ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 5-i xeyriyyə, 68-i bilet satışı ilə olmaqla ümumilikdə 52 tamaşa nümayiş etdirilmişdir. Bundan əlavə B.İskəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan tamaşanın ümumi, Ş.Abutalıbovun “Qoğalın sərgüzəşti”, Ə.Abbasovun “Keçinin qisası”, V.Haqverdiyevin “Saçları səməni oğlan”, Y.Şvarçın “Qırmızı papaq”, A.Şaiqin “İnanmayaq tülkülərə”, G.Kərimovanın “Nəğməkar bülbül”, K.Ağayevanın “Tıq-tıq xanım” tamaşalarının bərpa məşqləri, B.İskəndərlinin “Yalanlara inanmayaq”, V.Haqverdiyevin “Qarınqulu ayı balası” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri aparılmışdır.
Naxçıvan Dövlət Uşaq Teatrında N.Nəzərovanın “Mavi işıq”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”, C.Məmmədquluzadənin “Saqqallı Uşaq”, T.Seyidovun “Bahar qızı küsüb” və N.Niftəliyevanın “NBŞ”, “Məzlum dovşan” və T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşaları səhnəyə qoyulmuş və 35 tamaşa nümayiş etdirilmişdir.
17 mart 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının hazırladığı Mirzəağa Atəşin “Şərəfin sandığı” 3 pərdəli komediyası rayon ictimaiyyətinə təqdim edilmişdir. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa aprelin 6-da Ordubad Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edilmiş, tamaşa həmçinin, 11 aprel tarixdə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində nümayiş olunmuşdur.
Naxçıvan Dövlət Filarmoniyası müxtəlif tədbirlərdə konsert proqramları təqdim etməklə dövr ərzində kollektivlərin yeni repertuarlarının məşqləri aparılmışdır.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Nazirliyin Kollegiyasının 2023-cü il üçün iş planına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksində uçot-mühafizə işinin vəziyyəti ilə bağlı yoxlamalar aparılmışdır.
Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında ümumilikdə 10 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.
Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey bələdçilərinin hazırlığına verilən tələblər”, “Muzeylərin ideya-tərbiyəvi əhəmiyyəti və həyata keçirilməsinin təşkili yolları”, “Muzey fondlarının tərkibi”, “Muzeylərdə topoqrafik siyahıların tərtib edilməsi qaydaları” və “Açıq səma altında nümayiş etdirilən eksponatların qeydiyyatı, uçota alınması və mühafizəsi” mövzularında olmaqla 5 seminar-treninq keçirilmişdir.
Hesabat dövründə ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin 4 rayon turu və muxtar respublika turu keçirilmiş, Cəlil Məmmədquluzadənin anadan olmasının 154, Məhəmməd Tağı Sidqinin anadan olmasının 169 illiyi, Bəhruz Kəngərlinin doğum və anım günləri, Şahtaxtinskilər Muzeyinin, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin, Məmməd Arazın Ev Muzeyinin yaradılmasının ildönümlərinə həsr olunmuş tədbirlər təşkil edilmişdir. Muzeylər tərəfindən 20 yanvar faciəsinin 33-cü, Xocalı soyqırımının 31-ci ildönümünə, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə, “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə, “15 Aprel – Dünya İncəsənət Günü”nə, “Molla Nəsrəddin” jurnalının 117-ci ildönümünə, “18 May - Beynəlxalq Muzeylər Günü”nə və s. həsr olunmuş tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.
Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, yanvar-iyun ayları ərzində rayon tarix-diyarşünaslıq muzeyləri əməkdaşlarının sakinlərlə 15 görüşü olmuşdur.
Muzey işinin təkmilləşdirilməsi məqsədilə muzeylərin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir.
Birinci yarımil ərzində muzeylərdə Nazirlik tərəfindən 19, muzeylər tərəfindən 75 tədbir keçirilmiş, 36 sərgi qurulmuşdur.
Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Xatirə Muzeyində “20 Yanvar – Azərbaycan xalqı üçün unudulmaz tarixdir” və “31 Mart-Azərbaycanlıların Soyqırımı günü”, Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı – Cəlil Məmmədquluzadə”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı – qan yaddaşımız”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın muxtariyyəti tarixdə və bu günümüzdə”, Bəhruz Kəngərli Muzeyində “XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan tarixi abidələr diyarıdır”, Heydər Əliyev Muzeyində “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət – Heydər Əliyev”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində “Azərbaycan xalçaçılıq sənətinin tarixi” mövzularında olmaqla 10 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 230 açıq dərs və 211 mühazirə keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.
Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 1688 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 3297, Facebook səhifələrində 3202 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 753, Facebook hesablarında isə 53 min 590 olmuşdur.
Hesabat dövrü ərzində muzeyləri 214 min 740 nəfər yerli, 50 min 741 nəfər əcnəbi olmaqla, ümumilikdə 265 min 481 nəfər ziyarət etmiş, muzeylərə 806 yeni və 1538 fondun yerdəyişməsi yolu ilə olmaqla, ümumilikdə, 2344 eksponat daxil olmuşdur.
Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının 2023-cü il üçün iş planına əsasən Naxçıvan Şəhər və Babək Rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində çap məhsullarının uçotu işinin təşkili vəziyyəti ilə bağlı yoxlamalar aparılmışdır.
Yarım il ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 73 kitab müzakirəsi keçirilmişdir.
Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə “20 yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı tədbir və oxucuların Xatirə Muzeyinə ekskursiyası, şair Q.Təbrizinin 455, şair, dramaturq, publisist A.Babayevin 98, rus şair və yazıçı A.N.Tolstoyun 140, “21 Fevral – Beynəlxalq Ana dili Günü”, “26 Fevral - Xocalı soyqırımı” münasibətilə tədbirlər, şair-dramaturq İ.Səfərlinin 100, bəstəkar Q.Qarayevin 105, “8 Mart - Beynəlxalq Qadınlar Günü”, Novruz bayramı münasibətilə tədbirlər, Xalq şairi Cabir Novruzun 90, yazıçı, şair, ssenarist Anar Rzayevin 85, coğrafiya elmləri doktoru Səfərəli Babayevin 100, tarixi romanlar müəllifi M.S.Ordubadinin 151 illiyi, “Beynəlxalq Uşaq Kitabı Günü”, “15 Aprel – Dünya İncəsənət Günü”, “23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”, M.S.Ordubadinin anım günü, Elçin Əfəndiyevin əsərlərinin biblioqrafik icmalı, “1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun Milli Qurtuluş Günü”, yazıçı İsa Muğannanın anadan olmasının 95, şairə Nigar Rəfibəylinin anadan olmasının 110, yazıçı Qasım Qasımzadənin anadan olmasının 100, şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Altı ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 181 tədbir keçirilmiş, 372 sərgi qurulmuşdur.
Yanvar–iyun ayları ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı 60, “Kitabxanaçı Günü” münasibətilə 40, “Kitabxana Günü” münasibətilə 60, “Oxucu Günü” ilə əlaqədar 6, “Nağıl Günü” ilə bağlı 225 tədbir keçirilmişdir.
Hesabat dövründə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 5, MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 141 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 146 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 12 adda 96, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 6 adda 48 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Birinci yarımil ərzində 641 material hazırlanmış, sosial şəbəkə hesablarında 2115 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 615, Facebook səhifələrində 17 min 676 olmuşdur.
Yanvar-iyun aylarında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 6 adda 78 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 23 adda 631 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 1417 adda 2126 nüsxə çap məhsulu daxil olmuşdur.
6 ay ərzində kitabxanalarda yeni oxucu sayı 8 min 743, oxucu gəlişi 54 min 344, kitab verilişi isə 347 min 90 nüsxə olmuşdur.
Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 300 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 307-ə çatdırılmışdır.
Şəbəkəyə 300 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 508-ə çatdırılmışdır. Birinci yarımil ərzində elektron kitabxananın lokal şəbəkəsindən 2419 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan qlobal şəbəkədən istifadə mümkün olmamışdır.
Dövr ərzində kitabxanalarda ümumilikdə, 839 tədbir keçirilmişdir.
Birinci yarımil ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
Martın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Klub müəssisələrində mədəni kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Mədəniyyət üzrə Elmi Metodik Mərkəz, Heydər Əliyev Sarayı və rayon (şəhər) mədəniyyət saraylarının əməkdaşları iştirak etmişdir.
May ayında 2022-ci il ərzində mədəniyyət evləri və klubların əməkdaşları tərəfindən toplanmış folklor nümunələri ümumiləşdirilərək istifadə üçün AMEA Naxçıvan Bölməsinə göndərilmişdir.
İyun ayında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq xüsusi kateqoriyadan olan uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”ndə Şahbuz Mədəniyyət Şöbəsinin mahnı və rəqs ansamblının iştirakı ilə konsert proqramı nümayiş etdirilmişdir.
Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü”, “2 Fevral – Gənclər Günü”, “26 Fevral – Xocalı Soyqırımı”, “8 Mart – Beynəlxalq Qadınlar Günü”, “21 Mart – Novruz Bayramı”, akademik Zərifə Əliyevanın 100 illik yubileyi, “15 Aprel – Dünya İncəsənət Günü”, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, “28 May – Müstəqillik Günü”, “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun – Milli Qurtuluş Günü”, “26 İyun – Silahlı Qüvvələr Günü” və s. münasibətilə müxtəlif tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Dövr ərzində əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 159 tədbir keçirilmiş, 72 sərgi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan “Yay məktəbi”nin iştirakçıları qarşısında Şahbuz Mədəniyyət Şöbəsinin instrumental ansamblı konsert proqramı ilə çıxış etmiş, Babək Rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər “Gənclik” Mərkəzində şəhid Vəlizadə İbrahim Malik oğlunun “Mənim atam qəhramandır” adlı anım tədbiri keçirilmişdir.
Altı ayda Heydər Əliyev Sarayı tərəfindən 12 adda 96 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.
Birinci yarımildə Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği məqsədilə Nazirlik tərəfindən müxtəlif dillərdə 4 material hazırlanaraq klub müəssisələrinin sosial şəbəkə hesablarında paylaşım üçün təqdim edilmişdir. Yanvar-iyun aylarında rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 1181 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 486 paylaşım edilmiş, 4 min 543 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 695 paylaşımın 6 min 565 izləyicisi olmuşdur.
Dövr ərzində Elmi-Metodik Mərkəz tərəfindən Şahtaxtı Kənd Mədəniyyət Evində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – Qan yaddaşı”, Sədərək Kənd Mədəniyyət Evində “26 Fevral – Xocalı Soyqırımı”na həsr olunmuş “Əsrin faciəsi” adlı tədbirlər keçirilmişdir. Mərkəz tərəfindən Kəngərli rayonunun Çalxanqala kəndində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən bölgə folkloruna və toponimlərinə aid nümunələr, Şahbuz rayonunun Ayrınc kəndinin sakinlərindən folklor nümunələri toplanmışdır. Çalxanqala və Ayrınc kənd mədəniyyət evlərinin əməkdaşlarına əməli köməklik göstərilmişdir.
Yarımil ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 106 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1009, Facebook izləyicilərinin sayı isə 1014 olmuşdur.
Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 203 tədbir keçirilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən dövr ərzində 5910 manatlıq 72 adda 576 ədəd iş satılmışdır.
Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti yanvar-iyun aylarında diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.
Dövr ərzində Naxçıvan şəhər, Culfa, Sədərək, Ordubad və Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turları, 5 may tarixində isə muxtar respublika birinciliyi keçirilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun bir qrup tələbəsi arasında və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında “Bu kino ki var...” adlı 2 kinoviktorina keçirilmişdir.
Film Fond tərəfindən yanvar-iyun ayları ərzində 4 tədbir keçirilmiş, Hərbi Liseyin kursantları üçün 10 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 8 film, “Heydər Əliyev ili” ilə bağlı 4 film və digər tədbirlərdə isə 43 film olmaqla, ümumilikdə 65 film nümayiş olunmuşdur. Həmçinin sosial şəbəkə hesablarında paylaşılmaq üçün 705 material hazırlanmış, 1410 paylaşım edilmiş, 1686 izləyici sayı olmuşdur.
Dövr ərzində müəssisəyə 48 film, 5 kitab, 10 jurnal daxil olmuş, 14 film nüsxələnərək müxtəlif təşkilatlara verilmiş, nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Təsdiq olunmuş qrafikə uyğun olaraq fevralın 17-də təhsil müəssisələrində çalışan istedadlı müəllimlər tərəfindən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində, 30 mart tarixdə isə Sədərək Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə ustad dərslər təşkil olunmuşdur.
Dövr ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Nazirliyin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə 13 yanvar tarixdə “Gənclik, mədəniyyət, musiqi” adlı diskussiya, 24 fevral tarixdə “Tanımadığımız tanışlar” adlı maarifləndirici tədbir, 16 fevral tarixdə “Mədəniyyətdən bir parça: Retro” adlı musiqili yarış, 19 yanvar tarixdə Naxçıvan Dövlət Film Fondunda “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibəti ilə “20 Yanvar 1990” filmi və 7 mart tarixdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Suyun səsi” adlı film nümayişi, 31 mart tarixdə Sədərək rayon gənclərinin iştirakı ilə Anarın “Şəhidlər dağı” əsərinin müzakirəsi, “18 Aprel – Beynəlxalq Tarixi Yerlər və Abidələr Günü” münasibəti ilə həmin tarixdə gənclərin Ordubad rayonuna ekskursiyası və 19 may tarixdə Naxçıvan Gənclər Fondunda “Yaşa və öyrən” bilik yarışı təşkil edilmişdir.
İyun ayında Nazirliyin yeni "nculture.gov.az" internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır. Belə ki, yeni sayt “gov.az” zonasına köçürülüb, yenilənmiş internet səhifəsinin maksimal təhlükəsizliyi, kiber hücumlara, piratlara və potensial hücumlara qarşı müdafiəsi üçün SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması üçün «CYBER ON» MMC şirkəti ilə müvafiq müqavilə bağlanmışdır. Hazırda saytın bölmələrinin hazırlanması, axtarış sistemlərinə uyğunlaşdırılması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün işlər davam etdirilir.
Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Dövr ərzində səhifəyə 120 xəbər, 31 məqalə olmaqla, ümumilikdə 151 material işlənmişdir.
Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 990, görüntüləmə sayı 639 min 741 olmuşdur.
2023-cü ilin birinci yarımilində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Ötən dövrdə Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 455-ə çatmış, 522 paylaşım edilmişdir.
O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 680 olmuş, səhifədə 630 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 107 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 925 nəfər olmuşdur.
Birinci yarımildə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmiş, media vasitələrində müxtəlif xarakterli xəbər və məqalələr dərc olunmuşdur. . Belə ki, “Şərq qapısı” qəzetində 75, şəhər və rayon qəzetlərində 9 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 32, digər informasiya agentliklərində 83 məqalə yerləşdirilmişdir.
Hesabat dövründə Xatirə Muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Qərənfil şəhid qanı, ağla qərənfil ağla” və “Sızıltısı sönməyən yara” sərlövhəli məqalələləri, Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın “Vedibasar” qəzetində “Ümid işığı” məqaləsi, “İki sahil” qəzetində “Şəhidlik zirvəsinə ucalan igid - Rəşad Hüseynli”, “Qərbi Azərbaycanın toy mərasimləri”, “Zorla ağlayaraq öz yurdundan çıxarılan laçınlılar geri dönür”, “Uşaqlar bizim gələcəyimizdir” məqalələri, “Şərq qapısı” qəzetində Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin “Heydər Əliyev irsinin qorunduğu və təbliğ olunduğu məkan” sərlövhəli məqaləsi, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “İki sahil” qəzetində “Milli rəssamlığımızın fəxri Bəhruz Kəngərli”, “NUHÇIXAN” İnformasiya Agentliyində “Şərqin qapısını seyrə çıxan iki böyük sənətkar”, “Ulu öndər: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!”, “Mədəniyyət” qəzetində “Ulu öndərlə görüşlərdən xatirimdə qalanlar” sərlövhəli məqalələri, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Heydər Əliyev və Türk dünyasının mədəniyyəti” sərlövhəli məqaləsi yer alıb. “Arazın səsi” qəzetində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “Nizami Gəncəvinin Leyli və Məcnun poemasında qələmə aldığı maraqlı faktlar” sərlövhəli məqaləsi, “El həyatı” qəzetində Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın “Azərbaycanın incisi - Ordubad”, “Abidələr diyarı Naxçıvan Azərbaycanın incisidir”, Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun direktoru Əminə Alməmmədovanın “Abidələr babaların daşa dönmüş ürəyidir” məqaləsi, “Hərbi and” qəzetində Naxçıvan Dövlət Tarix Muzeyinin təsərrüfat müdiri Bəxtiyar Əliyevin “Tarix heç nəyi unutmur” və “Qəhrəman Azərbaycan qadınları” məqalələri, “Naxçıvanxəbərləri.com” saytında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin “Teatrdan dünyaya baxış” və “Ulu öndərin teatr xadimləri ilə görüşündən yadda qalanlar” adlı məqalələri, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun “Çağdaş Azərbaycan dilinin aktual problemləri" adlı II Respublika Elmi konfransının materialları”nda “Azərbaycan dili dialekt və şivələrinin təsnifi məsələləri" adlı elmi araşdırması və “Nuh yurdu” qəzetində “M.S.Ordubadinin “Qanlı sənələr” əsəri və tarixi həqiqətlər” adlı məqaləsi dərc olunub. “Oğuz səsi” qəzetində Şahbuz Rayon MKS-nın direktor əvəzi Kifayət Əliyevanın “Müdrikliyə gedən yol kitabxanadan keçir” adlı məqaləsi yer almışdır.
Hesabat dövründə Azərbaycan televiziyasında gedən verilişlərdə Nazirliyin əməkdaşlarından 1 nəfər, Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin və Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 8 nəfər iştirak etmiş, 23 nəfər müsahibə vermiş, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Naxçıvan televiziyasının “Mizrab” verilişində, Ərtoğrul Cavid adına Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri “Günaydın” proqramında iştirak etmişlər. Naxçıvan Televiziyasının Su çərşənbəsinə həsr olunmuş bayram buraxılışında Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin 45 nəfər əməkdaşı iştirak etmişdir. Azərbaycan televiziyasının Novruz bayramına həsr olunmuş “Oğuz elinin Novruzu: Naxçıvan” verilişində rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin kollektivləri geniş şəkildə iştirak ediblər. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 57 xəbər süjeti efirə verilmişdir.
Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri altı ay ərzində də davam etdirilmişdir. Belə ki, altı ay ərzində Nazirliyə 294-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 864 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 965-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 494 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 607 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 171 nəfər işə qəbul edilmişdir.
Altı ay ərzində Nazirliyin 3 kollegiya iclası keçirilmiş və 5 məsələ müzakirə edilmişdir.