Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi Ordubad şəhərində alimin uşaq və yeniyetməlik illərində yaşadığı evdə fəaliyyət göstərir. Muzey 1975-ci ildə yaradılmışdır. İkimərtəbəli muzey binasının birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlərdən, çap olunmuş əsərlərindən, fotoşəkillərdən, habelə xatirə şəkillərindən 2000-dən çox eksponat qorunub saxlanılır. Bu eksponatlardan 400-ə yaxını muzeyin ekspozisiyasında nümayiş olunur. Muzeyin binası 2006-cı ildə təmir olunmuşdur.
Ünvan: Ordubad şəhəri, Y.Məmmədəliyev küçəsi