Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
Culfa Rayon Mədəniyyət Şöbəsi haqqında
Ə S A S N A M Ə
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Culfa Rayon Mədəniyyət Şöbəsi (bundan sonra şöbə) Culfa rayonunda mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Mədəniyyət Nazirliyi) tabeliyində olan yerli icra hakimiyyəti orqanıdır.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Mədəniyyət Nazirliyinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən yerli özünüidarəetmə orqanları ilə, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Şöbənin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.5. Şöbənin saxlanması xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Şöbə Culfa şəhərində yerləşir.
II. ŞÖBƏNİN VƏZİFƏLƏRİ
2.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Şöbənin vəzifələri aşağıdakılardır:
2.1.1. dövlət proqramlarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət proqramlarının layihələrinin hazırlanmasında iştirak etmək;
2.1.3. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların fəaliyyətini əlaqələndirmək;
2.1.4 müvafiq sahə üzrə tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətinə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş nəzarət funksiyalarını həyata keçirmək, onların maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;
2.1.5. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq üçün tədbirlər görmək;
2.1.6. mədəniyyət nümunələrindən və mədəni sərvətlərdən insanların sərbəst bəhrələnməsi üçün sosial əhəmiyyətli tədbirlər təşkil etmək;
2.1.7. müvafiq sahədə təhlillərin aparılmasını təmin etmək, müsbət nəticələri təcrübədə tətbiq etmək;
2.1.8. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
2.1.9. aidiyyəti dövlət qurumları ilə birlikdə mədəniyyətin inkişafına yönəldilmiş əlverişli mühit yaratmaq;
2.1.10. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
2.1.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
2.1.12. Culfa rayonu ərazisində mədəniyyət siyasətinin həyata keçirilməsinə və inkişaf etdirilməsinə dair proqramlar, tədbirlər planı hazırlamaq və icrasını təmin etmək;
2.1.13. mədəni irsin bərpasına, qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirlər görmək;
2.1.14. müvafiq sahədə kadrların seçilib yerləşdirilməsini, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən attestasiyada onların iştirakını təmin etmək;
2.1.15. Şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
2.1.16. Şöbənin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və tədbirlər görmək;
2.1.17. istedadlı şəxslərin peşəkar inkişafını dəstəkləmək;
2.1.18. genişmiqyaslı mədəni-kütləvi tədbirlər, xatirə gecələri, teatr tamaşaları, konsertlər, konfranslar, müşavirələr, seminarlar və görüşlər keçirmək, sərgilər, festivallar, müsabiqələr və digər tədbirlər, habelə filmlərin nümayişini təşkil etmək;
2.1.19. Culfa rayonu ərazisində yaşayan yaradıcı şəxslərlə məqsədyönlü iş aparmaq, onların problemlərinə diqqət yetirmək, yaradıcılıq mühitinin formalaşmasına yardım göstərmək və bu istiqamətdə müxtəlif tədbirlər təşkil etmək;
2.1.20. Culfa rayonu ərazisində yaşayan mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaratmaq;
2.1.21. mədəniyyət müəssisə və təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə inventar, avadanlıq və ləvazimatlara olan tələbatını öyrənmək və onların əldə edilməsi üçün tədbir görmək;
2.1.22. Şöbənin tabeliyində olan mədəniyyət müəssisələrinin fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunmasını, uçotunu, mühafizəsini, təbliğini və nümayişini təmin etmək;
2.1.23. digər aidiyyəti qurumların rəylərini nəzərə alaraq mədəni, təbii və tarixi irsdən səmərəli istifadə etmək;
2.1.24. mədəni dəyərlərin təşviqini və təbliğini təmin etmək;
2.1.25. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi barədə Mədəniyyət Nazirliyinə dərhal məlumat və təkliflər vermək;
2.1.26. şöbənin tabeliyində olan müəssisələrdə yanğından mühafizənin, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlərin görülməsinə və icrasına nəzarət etmək;
2.1.27. mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından əhalinin istifadə imkanlarının sadələşdirilməsinə yönəldilmiş layihələr həyata keçirmək;
2.1.28. tabeliyində olan uşaq musiqi, incəsənət, bədii sənətkarlıq məktəblərinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
2.1.29. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
2.2. Şöbə:
2.2.1. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işini təşkil edir, tarix və mədəniyyət abidələrinin təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonasında qabaqlayıcı tədbirlər görülməsi barədə Mədəniyyət Nazirliyinə təkliflər verir;
2.2.2. təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisindən və ya istifadəçisindən abidə barədə məlumat alır;
2.2.3. hər hansı texniki avadanlıq və cihaz tarix və mədəniyyət abidələrinin təhlükəsiz istismarına mane olduqda bu haqda Mədəniyyət Nazirliyinə məlumat verir;
III. ŞÖBƏNİN HÜQUQLARI
3.1. öz vəzifələrini yerinə yetirmək üçün Şöbənin aşağıdakı hüquqları vardır:
3.1.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarını təkmilləşdirmək məqsədi ilə Mədəniyyət Nazirliyinə təkliflər vermək;
3.1.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.3. fəaliyyət istiqamətlərinə uyğun rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
3.1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;
3.1.5. öz səlahiyyətlərini həyata keçirmək məqsədilə sərəncamında olan əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
3.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
IV. ŞÖBƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
4.1. Şöbə və tabeliyində olan qurumlar onun vahid sistemini təşkil edir. Şöbə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
4.2. şöbənin və tabeliyində olan qurumların fəaliyyətinə Mədəniyyət naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə və tabeliyində olan qurumlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Şöbədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən baş mühasib və aparıcı məsləhətçi vardır. Baş mühasib və aparıcı məsləhətçi müdir tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar;
4.4. Şöbə müdiri:
4.4.1. Mədəniyyət Nazirliyinin kadr nomenklaturasına daxil olan mədəniyyət müəssisə rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad olunması haqqında təqdimat, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün təkliflər verir;
4.4.2. tabeliyində olan müəssisələrin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri fəxri fərmanlarla təltif edir;
4.4.3. Şöbənin əməkdaşlarının və Şöbənin tabeliyində olan qurumların rəhbərlərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
4.4.4. şöbənin və tabeliyində olan müəssisələrin fəaliyyətini təşkil edir və onlara ümumi rəhbərlik edir;
4.4.5. qanunvericiliyə müvafiq olaraq əmr və göstərişlər verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
4.4.6. tabelikdə olan müəssisə rəhbərlərinin qanunvericiliyə zidd olan əmr və sərəncamlarını ləğv edir;
4.4.7. müqavilələr bağlayır, vəkalətnamə verir, büdcə təxsisatı daxilində tabeliyində olan müəssisələrin xərclər smetasını təsdiq edir;
4.4.8. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
4.4.9. bütün idarə, müəssisə və təşkilatlarda rəhbərlik etdiyi dövlət orqanını təmsil edir;
4.4.10. şöbənin fəaliyyəti haqqında hesabatı ildə iki dəfə (hər yarım il) Mədəniyyət Nazirliyinə təqdim edir;
4.4.11. mədəniyyət müəssisələrinin texniki işçilərinin vəzifəyə təyin və azad edilməsi barədə razılıq verir.
4.5. Şöbənin strukturuna daxil olan qurumlar və tabeliyindəki qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
4.6. Şöbədə müdirdən (şuranın sədri), Şöbənin digər işçilərindən, aidiyyəti üzrə təşkilatların rəhbərlərindən ibarət Şura yaradılır. Şuranın tərkibinə mütəxəssislər və alimlər, yaradıcılıq ittifaqlarının üzvləri, elm və sənət xadimləri də daxil edilə bilərlər.
4.7. Şuranın tərkibi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri tərəfindən təsdiq edilir;
4.8. Şuranın say tərkibi 9 nəfərədək ola bilər;
4.9. Şura şöbənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir;
4.10. Şuranın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir və tövsiyə xarakteri daşıyır. Şura iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirakçıların səs çoxluğu ilə qəbul olunur. Şura iclasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Şuranın sədrinin səsi həlledici sayılır;
4.11. Şura iclaslarının qərarları protokolla rəsmiləşdirilir, sədr tərəfindən təsdiq edilərək bir qayda olaraq müvafiq əmrlə həyata keçirilir;
4.12. Şuranın iclaslarına zəruri olduqda Mədəniyyət Nazirliyinin və digər orqanların nümayəndələri dəvət oluna bilərlər;