Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

ƏDƏBİYYAT

Azərbaycanın Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malik olmuşdur. Bir sıra mənbələrə və son dövrlərdə aparılan ciddi elmi araşdırmalara əsasən, Naxçıvan həm də bəşəriyyətin ən qədim ilkin yaşayış yerlərindən biri, mədəniyyət mərkəzlərindəndir. Azərbaycanda mövcud olan üç açıq səma altında muzeylərdən biri məhz Naxçıvanda yerləşir. Belə ki, Naxçıvanda mövcud olan Gəmiqaya qayaüstü abidələri özünün qədimliyinə görə mühüm mövqe tutur. Naxçıvan həm də dünyanın ən qədim duzçıxarma sənətinə malikdir. Beynəlxalq elmi araşdırmalara görə, Naxçıvanda tapılan abidələrin karbon analizi buradakı duzçıxarma sənayesinin dünyanın ən qədim və ilkininə sahibdir. Həm də əhəmiyyətli ticarət yolları üzərində yerləşən, dövlətçilik ənənələrin tarixi ilə çuğlaşan Naxçıvan ən qədim dövrlərdən inkişaf edən və diqqət mərkəzində olan bölgələrdən olmuşdur. Təsadüfi deyil ki, Naxçıvan Azərbaycanın ən zəngin şifahi xalq ədəbiyyatı materiallarına malik olan bölgələrindəndir. Burada toplanılan miflər və əfsanələr, nağıllar və dastanlar, atalar sözləri və zərbi- məsəllər, bayatılar, lətifələr və s. bu diyarın qədimliyinə işıq tutan amillərdəndir. Xüsusilə Nuh tufanı ilə bağlı mif və əfsanələrin başlıcalıq təşkil etməsi, bir sıra yer-yurd adlarının Nuh peyğəmbərin adı ilə bağlı olması Naxçıvandakı qədim düşüncənin izlərini açıq ortaya qoyur. Azərbaycan xalqının ana abidəsi, əxlaq kodeksi və etika kitabı olan “Kitabi-Dədə Qorqud” dastanının bir sıra boyları Naxçıvan bölgəsi ilə əlaqədardır. Dastanın bir neçə boyunda Naxçıvan bölgəsi ilə səsləşən süjetlərə, yer və yurd adlarına rast gəlinir. Qorqudşünaslar dastandakı "Uşun qoca oğlu Səgrək boyunu bəyan edər”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyu bəyan edər” və başqa boylarda cərəyan edən hadisələr, əsasən, Naxçıvanla bağlıdır. “Kitabi-Dədə Qorqud” dastanında Naxçıvanla bağlı 50-yə yaxın toponimin işləndiyi mənbələrdə göstərilmişdir. Habelə Əlincə qalası özünün əhəmiyyətli mövqeyinə görə Azərbaycan Atabəyləri dövlətinin və sonrakı dövlətlərin ən çox müdafiə tipli qalası kimi istifadə edilmişdir. Habelə "Koroğlu", "Əsli və Kərəm", "Qaçaq Nəbi" dastanlarında da Naxçıvanla bağlılıq özünü göstərmiş, Azərbaycanın alınmaz ərazisi kimi özünün əksini tapmışdır. Naxçıvan folklorunda xalq ədəbiyyatının bütün janrlarına müraciət olunmuş, zəngin, çoxjanrlı və orijinal folklor nümunələri toplanmışdır. Hətta folklor örnəkləri arasında yalnız bu diyara xas olan janrlar (haxışta, gülümey, yallıbaşı mahnılar) və nümunələr də vardır. Diyarda xalq ədəbiyyatının mühüm qollarından olan aşıq sənəti də (əsasən, Şərur və Şahbuz rayonlarında) inkişaf etmişdir.

Hələ qədim zamanlardan bir çox görkəmli şair, alim və söz adamları Azərbaycanın Naxçıvan ərazisində yaşamış və yaxud bu diyarla sıx əlaqədə olmuşdur. Azərbaycan alimi və görkəmli şairi Qətran Təbrizi bir müddət Naxçıvanda, Naxçıvan şahı Əbu Düləfin sarayında yaşayıb-yaratmışdır. Xüsusilə, Atabəylər sarayında dövrün bir çox görkəmli alim, şair və sənət adamları yaşayıb fəaliyyət göstərirdilər. Böyük memar Əcəmi Naxçıvani məhz bu dövrün ən görkəmli incəsənət adamlarından biri olmuşdur. Naxçıvanın uzun bir zaman Atabəylərin paytaxtı olması, sonralar mərkəzi şəhər kimi fəaliyyəti burada elm, sənət və söz adamlarının yaşamasını təmin etmişdir. O dövrün ən görkəmli şairlərindən olan Nizami Gəncəvi də məhz Atabəylər sarayı ilə yaxından bağlı olmuş, hətta bəzi mənbələrə görə dövrünün nüfuzlu sənət adamlarından olan Memar Əcəmi Naxçıvani ilə görüşmək üçün Batabat yaylağı yaxınlığında bir görüş də keçirmişlər. Atabəylər sarayında yaşamış Kəmaləddin Naxçıvani dövrünün ən məşhur həkimi kimi tanınır, “təbiblər sultanı” adını qazanmışdı. Dövlətşah Səmərqəndinin yazdığına görə, Kəmaləddin Naxçıvani həm də şair kimi məşhur idi. Əbubəkr ibn Xosrovun Atabəylər sarayında xidməti dövründə yazdığı məşhur "Munisnamə" əsəri mühüm sosial-əxlaqi motivləri və humanizmi ilə seçilir. Xüsusilə orta əsrlər dövründə Naxçıvan öz nüfuzunu daha da genişləndirmiş, ədəbiyyatın və elmin mərkəzlərindən biri kimi şöhrətini qorumuşdur. Tədqiqatlar göstərir ki, XIV əsrin qüvvətli fəlsəfə və ədəbiyyat adamlarından olan Fəzlullah Nəiminin fikrinin yayıldığı, hürufiliyin mərkəzi və dayaqlarından biri məhz Naxçıvanda Əlincə qalası ətrafı olmuşdur. Nəiminin xələflərindən olan İmadəddin Nəsiminin də Əlincə qalasında olduğu məntiqi olaraq görsədilmişdir. Orta əsr Azərbaycan şairlərindən olan Bayrək Quşçuoğlunun şeirlərindən də bəlli olur ki, onun yaşadığı yerlərdən biri Naxçıvan olmuşdur. Baba Nemətullah kimi tanınmış ilahiyyatçı alim də Naxçıvandan olmuş, Qurani-Kərimin ilk təfsirini verənlərdən biri olmuşdur. Ümumiyyətlə, orta əsrlərdə Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Baba Nemətullah Naxçıvani, Fəzlullah Nəimi, Sadiq bəy Ordubadi və başqa alim və mütəfəkkirlər həm də bədii əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişlər. XVI əsrdən sonra da Naxçıvanın bir sıra ictimai, ədəbiyyat və elm adamları öz nüfuzları və fəaliyyətləri ilə tanınmışlar. Xacə Ətiq Ordubadi, Mirzə Sadiq Ordubadi, Mirzə Hatəm bəy Ordubadi, Xəlil Naxçıvanlı, Şahhüseyn Ordubadi, Sayir Ordubadi, Sadiq Ordubadi, Səhab, Rami Ordubadi, Münşi Mirzə Zeynalabdin Ordubadi və başqaları  Naxçıvanda ədəbiyyatın inkişafına xidmət etmiş şəxsiyyətlər kimi təqdim olunurlar.

XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının geniş yayılması bu bölgədə də ədəbiyyat və mədəniyyətin sürətli inkişafına təkan vermişdir. Həmin dövrdə Naxçıvan ədəbi mühitində ciddi canlanma nəzərə çarpır. Ordubadda yaradılmış "Əncüməni-şüəra" və “Qönçeyi-ülfət” ədəbi məclisləri klassik ədəbi ənənələrlə yanaşı, yeni maarifçi-realist ədəbiyyatın da inkişafına müəyyən təsir göstərmişlər. Məclisin fəal üzvlərindən Qüdsi Vənəndi, Fəqir Ordubadi, Əhmədağa Şəmi, Usta Zeynal Nəqqaş, Molla Hüseyn Bikəs, Abbas Dəhri, Məşədi Həsən Dabbağ və başqalarının yaradıcılığında klassik məhəbbət lirikasının ənənəvi mövzuları ilə yanaşı, maarifçilik ideyaları, tənqidi-realist-satirik meyillər, zəmanədən şikayət, haqsızlığa etiraz motivləri də əhəmiyyətli yer tutur. Heyran xanım və Qönçəbəyim bu dövrdə özlərinin incə ruhlu şeirləri ilə şöhrət qazanmış, ədəbi inkişafa töhfələr vermişdilər.

Azərbaycan maarifçi-realist ədəbiyyatında M.T.Sidqinin (1854-1903) ədəbi-pedaqoji irsinin özünə-məxsus yeri vardır. Onun "Nümuneyi-əxlaq" və "Töhfeyi-bənat, yaxud qızlara hədiyyə" dərsliklərinə daxil edilmiş şeir və nəsr nümunələri, "Kəblə Nəsir", "Heykəli-insanə bir nəzər" əsərləri, "Məktəb hekayələri" Azərbaycan maarifçilik ədəbiyyatının kamil nümunələrindəndir. 

XIX əsrin 80-ci illərindən Naxçıvan ədəbi-mədəni mühitinə görkəmli yazıçı-publisist və teatr xadimi E.Sultanov (1866-1935) başçılıq edirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış "Ziyalı məclisi", "Müsəlman şiə dram incəsənəti cəmiyyəti" Naxçıvanın qabaqcıl ədəbi-mədəni qüvvələrinin təşkilatlanmasında, maarif və mədəniyyətin, mətbuatın inkişafında, xüsusilə Naxçıvan teatrının təşəkkülündə mühüm rol oynamışdır. Həmin cəmiyyətlərin ətrafında toplaşmış C.Məmmədquluzadə, Ə.Xəlilov, M.Ə.Süleymanov, S.Xəlilov, N.Şeyxov, Ə.Sultanov, M.C.Şürbi və başqa təhsilli maarifçi ziyalılar bu sahədə mühüm xidmətlər göstərmişlər. 

XX əsrdə Naxçıvan diyarı Azərbaycan ictimai, ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Dahi yazıçı, dramaturq və publisist, "Molla Nəsrəddin" jurnalının yaradıcısı C. Məmmədquluzadə (1869-1932) hekayələri, felyetonları, "Danabaş kəndinin əhvalatları" povesti, ölməz "Ölülər" komediyası, "Anamın kitabı", "Dəli yığıncağı" və s. pyesləri ilə realist-demokratik Azərbaycan ədəbiyyatı tarixində müstəsna yer tutur. Ədib "Çay dəstgahı", "Kişmiş oyunu", "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu" əsərlərini Naxçıvanda yaşadığı illərdə yazmışdır. 

Böyük romançı M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş və onun kamil nümunələrini (dördcildlik "Dumanlı Təbriz" epopeyası, "Qılınc və qələm" və s.) yaratmışdır. "Dumanlı Təbriz"dəki süjetlərin bir çoxu ədibin həyatının Naxçıvan dövrü ilə bağlı müşahidələrinin məhsuludur. "Qılınc və qələm"də də Naxçıvanla bağlı motivlər də var.

Şair və jurnalist Ə.Qəmküsarın ədəbi irsi ədəbiyyat tariximizdə layiqli yer tutur. Milli romantik şeir və dramaturgiyamızın korifeyi Hüseyn Cavidin "Şeyx Sənan", "İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" və s. mənzum və mənsur dramları, Azərbaycan ədəbiyyatının şah əsərləri sırasına daxil olmuşdur. 

XX əsrin 20-ci illərində ədəbiyyata gənc qüvvələr gəldi. "Qızıl qələmlər" Cəmiyyətinin Naxçıvan şöbəsində birləşən gənc yazarların ilk qələm təcrübələri "Şərq qapısı" qəzetində müntəzəm dərc olunurdu. Xalq yazıçıları M.İbrahimov və Ə.Vəliyevin ayrı-ayrı vaxtlarda Naxçıvanda yaşayıb-yaratmaları da burada ədəbi-mədəni prosesin, o cümlədən teatrın inkişafına öz müsbət təsirini göstərmişdir. Eyni zamanda, Naxçıvan mühiti hər iki yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. M.İbrahimov "Həyat" pyesinin mövzusunu Naxçıvan həyatından götürmüş, Ə.Vəliyev "Budağın xatirələri" romanında Naxçıvan təəssüratlarından istifadə etmişdir. 

Çağdaş Azərbaycan ədəbiyatının görkəmli nümayəndələri - şair və dramaturq İ.Səfərli, Xalq şairi Məmməd Araz, Əməkdar incəsənət xadimi H.Razi də Naxçıvan torpağının yetirmələridir. 

Hazırda Azərbaycan yazıçılarının böyük bir dəstəsi Naxçıvanda yaşayıb yaratmaqdadır. Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin (hazırda Naxçıvan Yazıçılar Birliyi) yaradılması, "Şərq qapısı" vilayət qəzetinin nəşri, yerli radio verilişləri XX əsrin 50-ci illərindən etibarən Naxçıvanda ədəbi mühitin canlanmasına ciddi təkan vermişdir. 

Naxçıvan ədəbi mühitində şeir həmişə üstünlüyə malik olsa da, nəsr sahəsində də diqqətəlayiq uğurlar qazanılmışdır. Xalq yazıçısı H.İbrahimovun "Əsrin onda biri", "Böhtan", "Sabahın sorağında", "Bahar yağışı" romanları və povestləri müasir Azərbaycan nəsrinin nailiyyətlərindəndir. 

Bu gün Naxçıvanda dramaturgiya ənənələri də müvəffəqiyətlə davam etdirilir. Eyni zamanda publisistika sahəsində də uğurlu addımlar atılır. Naxçıvanın yerli dramaturq və publisistlərinin qələm nümunələri Azərbaycan ədəbi mühitində özünəməxsus yer tutur. Naxçıvan torpağı Azərbaycan ədəbiyyatşünaslıq elminə M.Şahtaxtlı, Məmməd Cəfər, Əziz Şərif, Əli Sultanlı, M.H.Təhmasib, A.Zamanov kimi görkəmli alimlər bəxş etmişdir. Tanınmış ədəbiyyatşünaslar Y.Seyidov, M.Sadıqlı, F.Hüseynov, Ə.Səfərli və başqaları bu torpağın yetirmələridir. 50-ci illərdən başlayaraq ədəbiyyatşünaslıq bilavasitə Naxçıvanda da inkişaf etmişdir. Qocaman maarif xadimi və ədəbiyyatşünas L.Hüseynzadə Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Naxçıvanda Ə.Qəmküsar haqqında dissertasiya müdafıə etmiş (1950), Qaraqoyunlu hökmdar-şairi Cahanşah Həqiqinin divanını tapıb nəşr etdirmiş, habelə ədəbiyyatımızın bir çox digər klassiklərinin yaradıcılığını araşdırmışdır. 

Son 30 ildə Naxçıvanda tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İ.Həbibbəylinin, fılologiya elmləri doktorları Y.Axundlunun, Ə.İsmayılovun Azərbaycan ədəbiyyatının böyük klassikləri C.Məmmədquluzadə, M.S.Ordubadi, H.Cavid haqqında monoqrafik tədqiqatları ədəbiyyatşünaslığımıza dəyərli töhfədir.