Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin 2023-cü il 28 dekabr tarixli
303 nömrəli əmri ilə təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin direktor və direktor müavini vəzifəsinə işə qəbul qaydaları
1. Ümumi müddəalar
1.1. “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin direktor və direktor müavini vəzifəsinə işə qəbul qaydaları” (bundan sonra – Qaydalar) “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə və “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində (bundan sonra – məktəb) direktorların və direktor müavinlərinin işə qəbulu məsələlərini tənzimləyir.
1.3. Direktor və direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində (bundan sonra – Nazirlik) müsabiqə və apellyasiya komissiyaları yaradılır.
2. Müsabiqədə iştirak üçün tələblər
2.1. Direktor vəzifəsinə işə qəbulun müsabiqəsində ali ixtisas təhsilli, ixtisası üzrə 5 ildən az olmayaraq müvafiq sahədə pedaqoji əmək stajı olan şəxslər, direktor müavini üzrə işə qəbulun müsabiqəsində isə ali ixtisas təhsilli və ya azı 3 il müvafiq sahədə pedaqoji iş stajına malik olan orta ixtisas təhsilli (kadr çatışmazlığı olduğu təqdirdə) şəxslər iştirak edə bilərlər.
2.2. Direktor və direktor müavini vəzifələri üçün ali və ya orta ixtisas təhsili tələbləri aşağıdakılardır:
- instrumental ifaçılıq (sahələr üzrə)
- musiqişünaslıq
- bəstəkarlıq
- dirijorluq (sahələr üzrə)
- vokal sənəti (sahələr üzrə)
- xalq çalğı alətləri (sahələr üzrə)
- solo oxuma
- xanəndəlik
- musiqi nəzəriyyəsi
- bəstəkarlıq
- orkestr alətləri
- aşıq sənəti
- musiqi müəllimliyi
2.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-1-ci maddəsinə əsasən pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslər müsabiqəyə buraxılmırlar.
3. Müsabiqənin təşkili
3.1. Nazirliyin sisteminə daxil olan məktəblərdə direktorların və direktor müavinlərinin işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada 3 mərhələdən ibarət müsabiqə yolu ilə Nazirlik tərəfindən həyata keçirilir.
3.2. Məktəblərdə mövcud olan vakansiyalar müəyyənləşdirilmiş zəruri məlumatlar qeyd olunmaqla rayon və şəhər mədəniyyət idarə və şöbələri tərəfindən Nazirliyə təqdim edilir.
3.3. Müsabiqənin birinci mərhələsində sənədlərin qəbulu həyata keçirilir. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu Nazirlik tərəfindən müsabiqə mərhələsi üçün müəyyən olunmuş işçi qrupu tərəfindən araşdırılır.
3.4. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri Nazirliyə təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- dövlət nümunəli təhsil sənədinin (diplomun) surəti;
- əmək kitabçasının surəti (zərurət olarsa).
- 2 ədəd 3x4 ölçüdə fotoşəkil.
3.5. Müsabiqənin ikinci mərhələsi – qabiliyyət imtahanı və eyni gündə keçirilən müsahibədən ibarət olaraq keçirilir. Müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, muxtar respublikada fəaliyyət göstərən mədəniyyət və incəsənət sahəsi, psioxoloq və idarəetmə üzrə ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 4 nəfər olmaqla cəmi 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibi Nazirlik tərəfindən təsdiq edilir.
3.6. Komissiya tərəfindən ən azı 20 dəqiqə ərzində namizədin əvvəlcə ixtisası üzrə bilik və bacarığı, daha sonra isə müvafiq meyarlar üzrə digər bilikləri yoxlanılır.
3.7. Qabiliyyət imtahanında namizədlər sərbəst proqram seçir, ixtisası və nəzəri biliklər üzrə qiymətləndirilir.
3.8. Müsabiqənin ikinci mərhələsində komissiya namizədləri müvafiq meyarlar əsasında 5 ballıq sistemlə qiymətləndirir, hər bir namizəd üçün ümumi bal çıxarır və nəticələri “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (1 nömrəli əlavə).
3.9. Namizədlər meyarlar üzrə ortalama 3 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.
3.10. Müsahibənin yekun nəticələri “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).
3.11. Müsabiqənin üçüncü mərhələsi – namizədlərin vakant yerlərə yerləşdirilməsi mərhələsi Nazirlik tərəfindən aparılır. Müsahibə mərhələsinin nəticəsinə əsasən keçid balını toplamış bir neçə namizəd olduqda ən yüksək nəticə göstərmiş namizəd, ali və orta ixtisas təhsilli namizədlər tərəfindən müsahibə mərhələsində eyni bal toplandıqda, ali təhsilli namizədə, namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə üstünlük verilir. Keçid balını toplayan digər namizədlərə onların nəticələrinə uyğun olaraq digər məktəblərdə vakant vəzifə təklif oluna bilər.
3.12. Müsabiqənin nəticəsinə əsasən vakant direktor və ya direktor müavini vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.
3.13. Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 (iki) ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər.
3.14. İşə qəbul olmuş direktorun və direktor müavininin son 3 il ərzində məktəbin akademik göstəriciləri nəzərə alınmaqla yerdəyişməsinə icazə verilir.
3.15. Müsabiqənin nəticəsi barədə məlumat müsahibənin keçirildiyi gündən 1 (bir) iş günü müddətində Nazirliyin rəsmi səhifəsində (nculture.gov.az) paylaşılır.
3.16. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra 1 həftə ərzində Nazirlikdə baxılır.
4. Qaydaların pozulmasına görə məsuliyyət
4.1. Bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, rayon və şəhər mədəniyyət idarə və şöbələri, müsabiqə və apellyasiya komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
4.2. Müsabiqədə iştirak edən namizədlər təqdim edilmiş sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.