Heydər Əliyev Sarayının
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Heydər Əliyev Sarayı (bundan sonra - Saray) bədii özfəaliyyət kollektivlərinin, dərnəklərin, maraq klublarının formalaşmasında iştirak edən, əhalinin ayrı-ayrı təbəqələrinin bədii-estetik zövqünü formalaşdıran, tamaşaların, konsertlərin və digər bədii tədbirlərin keçirilməsinə şərait yaradan, yüksək vətəndaşlıq, humanistlik, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və rəğbət hissini aşılayan dövlət mədəniyyət müəssisəsidir.
1.2. Sarayın əsası 1984-cü ildə qoyulmuş, 2005-ci ildən Heydər Əliyev Sarayı adlanır.
1.3. Saray öz fəaliyyətində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsinin tapşırıqlarını, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanun və qərarlarını, Azərbaycan Respublikası Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əmr, qərar və tapşırıqlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.4. Saray Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.5. Saray öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər idarə, müəssisə və təşkilatlarla, yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.6. Saray qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və öz adının həkk olunduğu möhürə, müvafiq ştampa və blanklara malikdir.
1.7. Saray Naxçıvan şəhərində yerləşir.
2. Sarayın fəaliyyət istiqamətləri və məqsədləri
2.1. Sarayın fəaliyyət istiqamətləri və məqsədləri aşağıdakılardır:
2.1.1. konsertlərin, tamaşaların, məşqlərin yüksək səviyyədə hazırlanıb həyata keçirilməsi;
2.1.2. muxtar respublikada mədəniyyət evlərinə və klublara metodiki və əməli köməklik göstərilməsi;
2.1.3. bədii özfəaliyyət kollektivlərinin, dərnəklərin, maraq klublarının, kursların, studiyaların, gənclər və uşaq yaradıcılıq kollektivlərinin formalaşmasına şərait yaradılması;
2.1.4. əhalinin ayrı-ayrı təbəqələrinin bədii-estetik zövqünün formalaşdırılması, yüksək vətəndaşlıq, humanistlik, vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərə hörmət və rəğbət hissinin aşılanması.
3. Sarayın hüquq və vəzifələri
3.1. Saray bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir:
3.1.1. milli-mədəni irsin, mövcud ənənələrin qabaqcıl təmsilçisi və davamçısı kimi fəaliyyət göstərir;
3.1.2. əhalinin asudə vaxtının səmərəli təşkilinə, gənclərin ictimai mövqeyinin formalaşmasına köməklik edir;
3.1.3. muxtar respublikada əvvəlcədən razılaşdırılmaqla müxtəlif səviyyəli tədbirlərin keçirilməsinə şərait yaradır, təsdiq olunmuş plan və bağlanmış müqaviləyə uyğun olaraq müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi zamanı iştirakçılara yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir;
3.1.4. Sarayın fəaliyyəti ilə bağlı və qanuna zidd olmayan saziş və digər hüquqi aktları imzalayır;
3.1.5. mübahisəli məsələlərlə bağlı məhkəmələrdə iddiaçı, yaxud cavabdeh qismində çıxış edir;
3.1.6. Sarayın xarakterinə uyğun olmayan tədbirlərin keçirilməsini qadağan edir;
3.1.7. Sarayın fəaliyyəti üçün zəruri olan avadanlıq, xammal, material, yanacaq, inventar və digər maddi vəsaitləri alır;
3.1.8. Sarayın maddi-texniki cəhətdən təmin edilməsi, bərpa və təmir işlərinin aparılması, ətraf sahələrin təmizlənməsi, onun mühafizəsi, texniki və yanğına görə təhlükəsizlik qaydaları və normalarına tam əməl olunmasını həyata keçirir;
3.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqlarından istifadə edir.
4. Sarayın fəaliyyətinin maliyyələşdirilməsi, əmlakı və vəsaitləri
4.1. Sarayın əmlakı əsas və dövriyyə vəsaitlərindən ibarət olmaqla əsasnamə fondunu təşkil edir və Nazirliyin balansında əks etdirilir.
4.2. Sarayın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
4.2.1. Nazirlik tərəfindən əsas fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait;
4.2.2. konsertlərə bilet satışından əldə olunan vəsait;
4.2.3. dövlət sifarişi yolu ilə konsertlərin hazırlanması ilə əlaqədar köçürmələr;
4.2.4. müəssisələrin, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların könüllü köçürmələri;
4.2.5. göstərilən xidmətlərdən alınan gəlirlər;
4.2.6. tamaşa zallarının birdəfəlik icarəyə verilməsindən əldə edilən gəlirlər;
4.2.7. dövlət, ictimai təşkilatlarda və müəssisələrdə müqavilə əsasında keçirilən tədbirlərdən, konsertlərdən əldə edilən gəlirlər;
4.2.8. sponsorlardan daxil olan vəsaitlər;
4.2.9. qanunla qadağan olunmayan və sarayın işinə xələl gətirməyən digər fəaliyyətdən əldə edilən gəlirlər.
4.3. Saray müqavilə əsasında aldığı bank kreditlərindən istifadə edir və həmin kreditin adiyyatı üzrə istifadə olunması, eləcə də vaxtında geri qaytarılması üçün məsuliyyət daşıyır.
4.4. Saray mövcud qaydalar əsasında əldə etdiyi gəlirin müəyyən hissəsini dövlət vergi orqanlarına keçirir.
4.5. Sarayda müəssisənin fəaliyyəti ilə bağlı və statistika hesabatları aparılır, müəyyən olunmuş vaxtda Nazirliyə və digər əlaqədar təşkilatlara təqdim edilir.
5.Sarayın fəaliyyətinin təşkili
5.1. Saraya Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.2. Sarayın bədii rəhbəri və baş inzibatçısı direktorun təqdimatı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Bədii rəhbər və baş inzibatçı Sarayın direktoru tərəfindən ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Direktor:
5.3.1. Sarayın fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;
5.3.2. Sarayın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, işçilər arasında vəzifə bölgüsü aparır;
5.3.3. Sarayın ixtisaslı kadrlarla komplektləşməsi və onların ixtisasının artırılması sahəsində tədbirlər görür;
5.3.4. Sarayı dövlət və yerli idarəetmə orqanlarında, bələdiyyə və qeyri hökumət təşkilatlarında təmsil edir;
5.3.5. Göstərilən xidmətlər üzrə qiymətləri təsdiq edir. Sarayın fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlərin tərtib olunmuş smetaya uyğun olaraq istifadəsini müəyyənləşdirir;
5.3.6. Sarayın fəaliyyəti barədə məlumat və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyatı üzrə təqdim edir;
5.3.7. Sarayın maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;
5.3.8. Sarayın fəaliyyətinin illik, rüblük və aylıq iş planlarının tərtib olunmasını təmin edir;
5.3.9. Sarayın fəaliyyətinin yaxşılaşdırılmasına dair təklifləri, Sarayın fəaliyyətinə dair hesabatları Nazirliyə təqdim edir.
5.3.10. Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.
5.4. Sarayın fəaliyyətində qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.