Muzey 1998-ci ilin yanvar ayında yaradılmışdır. 1998-ci ilin aprelindən Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb.
Muzeyin fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi vardır. Buradakı xalçaların demək olar ki, hamısı Naxçıvan xalçaçılıq məktəbinə aiddir. Muzeyin ekspozisiyasında müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri müxtəlif əsrlərə aiddir. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir. Naxışları sadə, realist və ya mücərrəd olan xalçalar Azərbaycan xalqının yaradıcılıq imkanlarının yüksək səviyyədə olduğunun göstəricisidir. Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, cəhrə, taxta və dəmir həvələr, kirgitlər, ilmə bıçağı və digər eksponatlar da nümayiş etdirilir.
2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası yenidən qurularaq zənginləşdirilmiş, muzeyin internet saytı yaradılmışdır. 2022-ci ildə muzeyə Azərbaycan Respublikasının Xalq rəssamı Kamil Əliyevin adı verilmişdir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 21
Tel: (+99436) 545-35-99
İnternet səhifəsi: www.xalca.nakhchivan.az