Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

MİLLİ MƏTBƏX

Milli mətbəximiz son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur ki, onların da əsasını Naxçıvan mətbəxinə xas xörəklər təşkil edir. Azərbaycanın zəngin və çeşidli mətbəxi olduğu kimi, yüksək qonaqpərvərlik ənənələri vardır.

Azərbaycanda qədimlərdən bəri iribuynuzlu və xırdabuynuzlu heyvanın ətindən istifadə olunur. Ta qədimdən ət və ərzaq məhsulları varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilsəydi ilin o qədər bərəkətli, məhsuldar olduğu bilinərdi.

Dünyada olan 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqeyi Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Bunlara qovurma, daş küftəsi, qrudaşı, maş şorbası, Ordubad qayğanağı, qıra dolması, biryan  və başqalarını aid etmək olar. Elə bu da əsas səbəbdir ki, Naxçıvan mətbəxi tarix boyu öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. 

Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: kağız kimi incə təndir lavaşı,  qalın, dəstana, kömbə, tapı, cad, bəysumat, xamralı, çıppa, fətir, bozdamac, əl lavaşı və sair.

Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun əsas hissəsi düyüdür. Plovun «qarası» isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. Naxçıvanda plovun qarasına üz-göz deyilir.

`Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. Qeyd edək ki, ətdən və xəmirdən hazırlanmış yeməklərimizin çoxu türk xalqlarına xasdır. Tarixçi Faruk Sumer özünün “Oğuzlar” kitabında səlcuqların türklər olduğunu sübut etməkdən ötrü bir neçə dəfə buna sübut gətirir ki, səlcuqlar “tutmac” (əriştə və paxladan xörək), “xəngəl”, “gürzə”, “düşbərə”, “xaşıl”, “hörrə” və digər un xörəklərini yeyirdilər. Yeri gəlmişkən, bu xörəklər əsasən qış fəslində hazırlanır.

Havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır və əksinə, becərilən və yabanı bitkilərdən hazırlanan yeməklərin sayı artır. Kətə, dovğa, əcəbsəndəl, şıppır qovurması, cacıq qovurması, qazayağı qovurması, şomu qovurması və s. xörəklər və müxtəlif salatlar (qəlyanaltılar) hazırlanır.

Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama, dovğa, ayranaşı, qurudaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. Eyni zamanda bizim süfrələrimizdə dənli və paxlalı bitkilərdən “sıyıq”, “qovurğa”, “hədik” və s. kimi yeməklər də layiqli yer tutur. Lakin bütün bu yeməklərin içərisində “plov” süfrələrimizin şahı sayılır. Azərbaycanda plovun 200-ə yaxın növü var.

Azərbaycan mətbəxində şirniyyat, qənnadı məmulatları, halva xüsusi yer tutur. Bununla yanaşı mətbəximizdə böyük miqdar da bal və meyvə şirələrinin bişirilməsindən alınan doşablar, nabatlar çay süfrələrinin rəngarəngliyinə rəvac verirdi. Paxlava, şəkərbura, sucuq, alana, basdıq, quymaq, qatlama, Ordubad qayğanağı, müxtəlif növ meyvə quruları, çərəzlər yeməkdən sonra çay süfrələrimizin fəxridir.

Kabab  adətən qoyun və mal ətindən, həmçinin quş ətindən də çəkilir. Azərbaycanda kabablar geniş yayılıb. Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi, basdırma kabab, doldurma kabab və sair kabab növləri bişirilir.

Naxçıvanın göl və çaylarında müxtəlif növ balıqlar yaşayır və Naxçıvan mətbəxində balıq yeməklərinin öz yeri var: balıq kababları, qızartmaları, balıq basdırması, balıq bozpörtü, balıq kotleti  və sairə.

Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir.

Adətən yeməkdən sonra süfrəyə müxtəlif şirniyyatlar, mürəbbələrlə çay verilir. Şirniyyatın əsasında bal, doşab və qənd durur. Lakin bunlarla yanaşı zoğal, əncir, qoz, ərik, gül və s. meyvələrdən hazırlanan mürəbbələr çay süfrələrinin bəzəyir.

Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayğanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb.

Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsidir ki, bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər. Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, şirniyyatların, şərbət və şirələrin dadlı və ləziz olmasına səbəb olur.