Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
2024-cü il 01 may tarixli 125 nömrəli əmri ilə təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin
işə qəbulu və yerdəyişməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları” (bundan sonra - Qaydalar) Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli 131-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.41.-ci yarımbəndinə uyğun olaraqNaxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə (bundan sonra – məktəblər) işə qəbul və iş yerinin dəyişdirilməsi prosesində obyektivliyin, şəffaflığın və hüquq bərabərliyinin təmin edilməsi, səriştəli kadrların müəyyən edilərək işə qəbul edilməsi məqsədilə hazırlanmışdır.
1.2. Bu Qaydalar məktəblərdə vakant elan edilmiş vəzifələrə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu və yerdəyişməsi qaydalarını müəyyənləşdirir.
1.3. Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
2. İşə qəbulun və yerdəyişmənin prinsipləri
2.1. Nazirlik tərəfindən məktəblərə müəllimlərin işə qəbulu və yerdəyişməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
2.1.1. qanunçuluq – işə qəbul və yerdəyişmə zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, namizədlərlə bağlı məcburi tələblərin normativ hüquqi aktlarla və Nazirlik tərəfindən təsdiq olunmuş hüquqi aktlarla müəyyən edilməsi;
2.1.2. obyektivlik – namizədin vakant vəzifəyə uyğunluğunun bu Qaydalar və digər hüquqi aktlar əsasında qiymətləndirilməsi;
2.1.3. qərəzsizlik – namizədlə yaxın qohumluq (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olan şəxslərin müsahibə komissiyasının tərkibinə daxil edilməsinin yolverilməzliyi;
2.1.4. bərabərlik - irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin müsabiqənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;
2.1.5. peşəkarlıq – namizədin potensialının və vakant vəzifəyə (peşəyə) uyğunluğunun müəyyən edilməsi üçün hərtərəfli qiymətləndirilməsi;
2.1.6. şəffaflıq – müsabiqə şərtlərinin və nəticələrinin ictimaiyyətə açıq şəkildə elan edilməsi.
3. Müəllimlərin işə qəbulunun ümumi qaydaları
3.1. Məktəblərə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqədən keçən namizədlər təlim kurslarına cəlb oluna bilərlər.
3.2. Müsabiqə proqramı və istifadə edilən ədəbiyyat siyahısı Nazirlik tərəfindən müəyyən edilir. Müəllimlərin işə qəbulu üzrə test proqramı xoreoqrafiya, rəssamlıq, klassik və milli musiqi üzrə differensiallaşdırılmış qaydada hazırlanır.
3.3. Müsabiqənin keçirilməsi barədə məlumat, qaydalar, test və müsahibə mərhələlərinin proqramları Nazirliyin və aidiyyəti tabeli qurumların informasiya resurslarında yerləşdirilir.
3.4. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrinin müvafiq ixtisaslarını (orta ixtisas təhsili, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların təsnifatının “Mədəniyyət və incəsənət ixtisasları qrupu” üzrə) bitirərək dövlət nümunəli təhsil sənədi (diplom) almış (xarici dövlətin təhsil müəssisəsini bitirmiş şəxslərə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair təsdiq edilmiş şəhadətnaməni təqdim etmiş) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
3.5. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə sağlamlıq imkanları məhdud olan namizədlərin test imtahanında iştirakı zamanı bilik və bacarıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaradılması məqsədilə təqdim edilmiş sualların texniki vasitələrin köməyi ilə çatdırılması və ya digər köməklik məqsədilə ayrıca nümayəndənin təhkim olunması təmin edilir.
3.6. Müvafiq tədris ili üzrə kadr ehtiyacını müəyyən etmək məqsədilə məktəblərdə işləyən müəllimlər arasında dərs bölgüsü qanunvericiliyə uyğun aparılmaqla vakant yerlər haqqında məlumat məktəblərin rəhbərliyi tərəfindən tabelik üzrə Nazirliyin şəhər və rayon mədəniyyət idarə və şöbələrinə (bundan sonra idarə və şöbələr), idarə və şöbələr tərəfindən isə Nazirliyə təqdim edilir. Bu məlumatların düzgünlüyü Nazirliyin Aparatının müvafiq struktur bölmələri tərəfindən yoxlanılır.
3.7. Müəllimlərin yeni tədris ili üçün dərs yükü məktəb rəhbəri tərəfindən müəyyənləşdirilir. Vakant dərs yükü 1 stavkadan (12 saatdan) az olarsa, həmin saatlar, ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Məktəbdə hər hansı ixtisas üzrə kadr olmadıqda, həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Sosial məzuniyyətdə olan müəllimin dərs yükü vakant hesab olunmur, həmin müəllimə hər tədris ilinin əvvəlində tarifləşmə cədvəlində müvafiq dərs yükü ayrılır və əmrləşdirilir.
3.8. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən pedaqoji fəaliyyət göstərməsi qadağan olunan və məhkumluğu ödənilməmiş, həmçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”na əsasən sağlamlıq vəziyyəti ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin müsabiqədə iştirakına yol verilmir.
3.9. İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən azad edilmiş şəxslərin işə qəbulu məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.
3.10. Müstəsna hallarda tədris prosesinin fasiləsizliyinin və operativliyin təmin edilməsi məqsədi ilə Nazirliyin sisteminə daxil olan hər hansı məktəbdə mövcud olan vakansiyanın dərhal komplektləşdirilməsinə zərurət olduqda, həmin vakansiya üzrə işə qəbul müsabiqədənkənar qaydada həyata keçirilə bilər. Bu zaman müəllim müddətli əmək müqaviləsi əsasında cari tədris ilinin sonunadək işə qəbul edilir.
3.11. Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində pedaqoji iş aparan və ən azı 3 (üç) il iş təcrübəsi olan mütəxəssislər müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsindən azad olunurlar.
4. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanının keçirilməsi qaydası
4.1. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanının vaxtı və keçiriləcəyi yer barədə məlumatlar imtahanın keçirilməsinə azı 30 (otuz) gün qalmış Nazirliyin və aidiyyəti tabeli qurumların rəsmi informasiya resurslarında elan olunur.
4.2. Test imtahanı zamanı namizədlərə 70 test tapşırığı təqdim olunur və bu tapşırıqların yerinə yetirilməsi üçün 2 saat vaxt ayrılır. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
4.3. Test imtahanı müvafiq vakant vəzifənin fəaliyyət istiqaməti üzrə ixtisas biliklərini qiymətləndirmək üçün 40, pedaqoji bacarıqlarını və tədris prosesində şagirdlərlə davranışını müəyyən etmək üçün 10, ümumi dünyagörüşünü əhatə edən 10 və namizədin məntiqi düşünmə bacarığını müəyyən etmək üçün 10 test tapşırığından ibarətdir.
4.4. Test imtahanında toplanması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir. İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər (bu Qaydalara 1 nömrəli Əlavədə nəzərdə tutulmuş ixtisaslara müraciət etmiş namizədlər istisna olmaqla) uğur qazanmış hesab edilir.
4.5. Bir sıra ixtisaslar üzrə keçid balları bu Qaydalara 1 nömrəli Əlavəyə əsasən müəyyən edilir.
4.6.Test imtahanı mərhələsinin nəticələri rəsmi qurum tərəfindən təqdim edildikdə etibarlı sayılır.
4.7. Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılır.
5. Müsahibə komissiyasının reqlamenti və müsahibənin keçirilməsi qaydası
5.1. Müsabiqənin müsahibə mərhələsi test imtahanının nəticəsi elan olunduqdan sonra keçirilir. Müsahibənin keçirildiyi vaxt və yer barədə məlumat müsahibənin keçirilməsinə azı 5 (beş) gün qalmış Nazirliyin rəsmi informasiya resursları vasitəsilə verilir.
5.2. Müsahibələr videoçəkiliş aparılmaqla keçirilir.
5.3. Müsabiqənin müsahibə mərhələsində namizədin vəzifəyə uyğunluğunu Nazirlik t ərəfindən yaradılan Müsahibə Komissiyası (bundan sonra - Komissiya) müəyyən edir. Komissiya müvafiq sahə üzrə mütəxəssislər daxil olmaqla 5 nəfərdən ibarət tərkibdə təşkil edilir. Komissiyaya daxil ediləcək şəxslərin geniş siyahısı nazir tərəfindən təsdiq edilir və hər dəfə müsahibədən 1 gün əvvəl müvafiq müsahibədə iştirak edəcək komissiya üzvləri Nazirlik tərəfindən seçilərək təyin edilir.
5.4. Komissiya üzvləri namizədlərlə müsahibələrin keçirilməsini, qiymətləndirilməsini, müsahibə nəticəsində rəylərin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edirlər.
5.5. Müsahibə komissiyasının üzvləri müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlməli, namizədin və digər komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmalı, müsahibə zamanı nəzakətli, diqqətli və səbrli olmalı, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və bu Qaydaların aidiyyəti üzrə 5.7-ci bəndində qeyd edilən meyarlara uyğun suallar verməli, müsahibənin aparılmasına mane olan texniki və digər vasitələrdən istifadə etməməli, o cümlədən rabitə vasitələrini müsahibə otaqlarına gətirməməli və müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməməlidir.
5.6. Hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 20 (iyirmi) dəqiqə aparılır. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.
5.7. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən namizədin bilik və bacarıqları aşağıdakı meyarlar üzrə qiymətləndirilir:
5.7.1 Klassik və milli musiqi alətləri (fortepiano, simli, nəfəs və zərb, xalq çalğı alətləri) ifaçılığı, vokal və xanəndəlik ixtisasları üzrə:
5.7.1.1. müsahibə proqramına uyğun olaraq əsərlərin ifası;
5.7.1.2. komissiya tərəfindən verilən əsərin üzdən oxunması və təhlili;
5.7.1.3. müvafiq alətin (sənətin) ifaçılıq məktəbi ənənələri, musiqi nəzəriyyəsi və tarixi üzrə bilikləri, müvafiq ixtisas üzrə dərsliklər və ədəbiyyat;
5.7.1.4. digər zəruri olan keyfiyyətləri - namizədin emosional sabitliyi, pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları.
5.7.2. Musiqişünaslıq (musiqi nəzəriyyəsi və tarixi) ixtisası üzrə:
5.7.2.1. müsahibə proqramına uyğun olaraq Azərbaycan musiqi ədəbiyyatı fənni üzrə bilikləri (bəstəkarların həyat və yaradıcılığı, musiqi əsərinin üzdən oxunması - fortepianoda ifası və təhlili, əsərlərin eşitmə ilə təyin edilməsi, müvafiq fənn üzrə dərsliklər və ədəbiyyat);
5.7.2.2. müsahibə proqramına uyğun olaraq xarici ölkələrin musiqi ədəbiyyatı fənni üzrə bilikləri (bəstəkarların həyat və yaradıcılığı, musiqi əsərinin üzdən oxunması - fortepianoda ifası və təhlili, əsərlərin eşitmə ilə təyin edilməsi, müvafiq fənn üzrə dərsliklər və ədəbiyyat);
5.7.2.3. musiqi nəzəriyyəsi və harmoniya üzrə bilikləri, solfecio nömrələrinin üzdən oxunması, eşitmə ilə təyin, müvafiq fənlər üzrə dərsliklər və ədəbiyyat;
5.7.2.4. digər zəruri olan keyfiyyətləri - namizədin emosional sabitliyi, pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları.
5.7.3. Xor dirijorluğu ixtisası üzrə:
5.7.3.1. müsahibə proqramına uyğun olaraq əsərin ifası və dirijorluğu, partiyaların oxunuşu, əsərlərin təhlili;
5.7.3.2. verilən əsərin üzdən oxunması və təhlili, verilən əsər üzərində praktiki iş;
5.7.3.3. xor ixtisasının tədrisi metodikası, intonasiya və eşitmə, nəzəri biliklər, vokal vərdişləri və xorşünaslıq;
5.7.3.4. digər zəruri olan keyfiyyətləri - namizədin emosional sabitliyi, pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları.
5.7.4. Təsviri sənət (rəssamlıq) üzrə:
5.7.4.1. müsahibə proqramına uyğun olaraq əsərin işlənməsi;
5.7.4.2. rəsmin düzgün yerləşdirilməsi, ölçü nisbətinin, işin ümumi rəng koloritinin düzgün seçilməsi;
5.7.4.3. rəng tonları vasitəsi ilə işıq-kölgə nisbətlərinin yerinə yetirilməsi və faktura verilməsi, əsas və yardımçı xətlər, üfüq xətti, sahə hissələrinin ayrılması, perspektiv qanunlarının tətbiq edilməsi;
5.7.4.4. digər zəruri olan keyfiyyətləri - namizədin emosional sabitliyi, pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları.
5.7.5. Xoreoqrafiya ixtisası üzrə:
5.7.5.1. müsahibə proqramına uyğun olaraq rəqsləri təhlil etmə və hərəkətləri göstərmə bacarığı;
5.7.5.2. xoreoqrafiya sənətinin yaranma və inkişaf tarixi, korifey simaları haqqında bilikləri, xoreoqrafiya sənəti üzrə ixtisas bölgüsünün düzgün aparılması, ixtisas üzrə metodiki bilikləri;
5.7.5.3. Azərbaycan rəqsləri və onların tarixi üzrə bilikləri, Azərbaycan bəstəkarlarının balet və rəqs üçün yazdıqları əsərləri düzgün seçə bilmək bacarığı;
5.7.5.4. digər zəruri olan keyfiyyətləri - namizədin emosional sabitliyi, pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, özünüifadə və ünsiyyət bacarıqları.
5.8. Müsahibənin nəticəsi ilə razı olmayan namizədlər nəticələr elan olunduqdan sonra 3 (üç) iş günü müddətində Nazirliyə şikayət verə bilərlər. Müraciətlərə baxılması üçün nazirin əmri ilə təsdiq edilən nazir müavininin sədrliyi ilə aidiyyəti struktur bölmələrin əməkdaşlarından və müvafiq sahə üzrə mütəxəssislərdən ibarət tərkibdə Apellyasiya Komissiyası yaradılır. Müraciətlər 10 (on) iş günü ərzində Apellyasiya Komissiyası tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir.
5.9. Üzürlü səbəb olmadan təyin olunmuş vaxtda müsahibədə iştirak etməyən namizədlər üçün təkrar müsahibə keçirilmir. Üzürlü səbəbdən müsahibədə iştirak etməyən namizədlə təkrar müsahibənin keçirilməsinə bu Qaydaların 5.8-ci bəndinə uyğun yaradılmış Komissiyanın razılığı olduğu halda yol verilir.
5.10. Müsabiqənin nəticələri elan olunduqdan sonra uğur qazanmış və təyinat alan namizədlər qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərini aidiyyəti üzrə təqdim edirlər.
5.11. İşəgötürən müsabiqədə uğur qazanan və təyinat alan namizədi 3 (üç) ay sınaq müddəti ilə müvafiq vəzifəyə təyin edir. Sınaq müddəti ərzində tərəflər arasında əmək münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, müddət qurtardıqdan sonra işəgötürən həmin şəxsin daimi işə qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.
5.12. İşə qəbul üzrə keçirilən müsabiqədə uğur qazanan, lakin vəzifəyə təyin edilməyən namizədlər 2 (iki) il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilirlər. Bu müddətdə müvafiq ixtisas üzrə vakant vəzifə yaranarsa həmin namizədlər onların razılığı ilə bu Qaydaların 6.8-cı bəndi nəzərə alınmaqla nəticələrinə uyğun olaraq müsabiqədənkənar vəzifəyə təyin edilə bilərlər.
5.13. Müsabiqənin nəticələri üzrə təyinat alan namizəd iş yerindən imtina etdiyi halda ehtiyat kadrlar siyahısına daxil edilmir.
5.14. 2 (iki) il müddətinə ehtiyat kadr siyahısına daxil edilmiş namizəd nəticəsinin yaxşılaşdırılması üçün təkrar test imtahanında iştirak etdiyi halda müsahibədə də iştirak edir.
5.15. Müsabiqənin nəticələri üzrə uğur qazanmış namizədlər yalnız əsas işçi kimi işə qəbul edilirlər.
6. Qiymətləndirilmə və balların hesablanması
6.1. Müsahibədə namizədin bacarıqları balla qiymətləndirilir. Bu Qaydalarda qeyd edilən hər bir qiymətləndirmə meyarı üzrə ən yüksək bal 10, ən aşağı bal 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və yekun nəticə “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir.
6.2. Hər bir qiymətləndirilmə meyarı üzrə ballar aşağıdakı kimi müəyyən edilir:
- 2 - 4 bal - qeyri-kafi;
- 5 - 6 bal - kafi;
- 7 - 8 bal - yaxşı;
- 9 -10 bal - əla.
6.3. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizədin ümumi balı müəyyən edilir və yekun nəticə “Namizədin qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir.
6.4. Yekun nəticə aşağıdakı düstur əsasında hesablanılır:
Ümumi balların cəmi = Nəticə
Komissiya üzvlərinin sayı
Məsələn: dörd meyar üzrə hər bir komissiya üzvü tərəfindən verilən ümumi ballar: 30 bal; 32 bal; 31 bal; 30 bal; 31 bal. Nəticənin hesablanması: (30 + 32 + 31 + 30 +31) : 5 = 30.8
6.5. Müsahibədə 30 və daha çox bal toplamış namizəd uğur qazanmış hesab edilir və onun təyinatı ilə bağlı qərar verilməsi üçün nəticələri Nazirliyə təqdim olunur.
6.6. Qiymətləndirmə zamanı komissiya üzvlərinin hüquqları bərabərdir və hər kəs öz qərarının düzgünlüyünə görə məsuliyyət daşıyır.
6.7. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında 6 bal və daha çox fərq olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsiplərinin pozulduğu aşkar edildikdə, müsahibənin nəticəsi ləğv edilir və komissiyanın tərkibi yenidən təşkil edilməklə namizədlə təkrar müsahibə keçirilir.
6.8. İşə qəbulla bağlı qərar verilərkən müsabiqədə ən yüksək nəticə göstərən namizədə üstünlük verilir. Müsabiqə nəticəsi eyni olan namizədlər arasında seçim edilərkən aşağıdakı şəxslərə qeyd olunan ardıcıllıqla üstünlük verilir:
6.8.1. şəhid ailəsi üzvlərinə və Vətən müharibəsi iştirakçılarına;
6.8.2. müvafiq sahə üzrə elmi dərəcəyə və ya elmi ada malik olan namizədə;
6.8.3. test imtahanında daha çox bal toplamış namizədə;
6.8.4. ali və orta ixtisas təhsilli namizədlər arasında seçim zamanı test imtahanında eyni bal toplanıldıqda ali təhsilli namizədə;
6.8.5. keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas bilikləri üzrə daha çox bal toplayan namizədə;
6.8.6. test imtahanında ixtisas bilikləri üzrə toplanılan bal eyni olduqda pedaqoji iş stajı daha çox olan namizədə.
7. Müəllimlərin iş yerinin dəyişdirilməsi
7.1. Nazirliyin tabeliyindəki məktəblərdə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin tədris ili ərzində iş yerinin dəyişdirilməsi məsələsinə Nazirliklə razılaşdırmaqla müvafiq idarə və şöbələr tərəfindən fərdi qaydada baxılır.
7.2. Nazirliyin tabeliyində olmayan məktəblərdən (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblər) müəllimlərin yerdəyişməsi bu Qaydaların 5.3-cü bəndinə uyğun yaradılmış Komissiyanın qərarına əsasən müsahibə yolu ilə həyata keçirilir.
7.3. Yerdəyişmə müvafiq vakant vəzifələr olduğu təqdirdə həyata keçirilir. Yerdəyişmə ilə bağlı qərar qəbul edilərkən şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları üstünlük hüququna malikdirlər.
7.4. İşə qəbul üzrə müsabiqədə uğur qazanaraq vəzifəyə təyin edilən şəxsin yerdəyişməsi ilə bağlı müraciətinə təyin edildiyi müddətdən 3 (üç) il ərzində baxılmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçilərin iş yerinin və orta əmək haqqının saxlanıldığı hallar istisna olmaqla işçinin işdən ayrıldığı digər dövrlər bu müddətə daxil edilmir.
8. Qaydaların pozulmasına görə məsuliyyət
8.1. Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar bu Qaydaların tələblərinə riayət edilmədikdə, müsabiqədən kənar işə qəbul və ya müsahibədən kənar yerdəyişmə həyata keçirildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.
8.2. Namizədlər işə qəbulla bağlı müraciətlərində qeyd etdikləri məlumatların, təqdim etdikləri sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Müsabiqənin hər hansı mərhələsində namizədin ərizəsindəki məlumatlarının düzgün olmadığı, qəsdən səhv və ya təhrif edilmiş məlumatların, saxta sənədlərin təqdim edildiyi və ya müsabiqə ilə bağlı müəyyən edilmiş tələblərə uyğun olmadığı aşkar edilərsə nəticələri ləğv edilir.
8.3. Müsabiqə tapşırıqlarının və onların həllinə dair materialların foto və video çəkilişinin həyata keçirilməsi, habelə müsabiqə tapşırıqlarına aid şəkil və video materialların internetdə, sosial şəbəkələrdə və ya digər açıq mənbələrdə yerləşdirilməsi, müsabiqə tapşırıqlarına və ya onların həllinə dair məlumatların kütləvi informasiya vasitələrinin nümayəndələrinə ötürülməsi qadağandır.