Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

MUSİQİ SƏNƏTİNİN İNKİŞAF TARİXİ

Azərbaycan musiqi sənəti çoxəsirlik tarixə malikdir. Musiqi haqqında ən qədim məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Qobustan və Gəmiqaya qaya rəsmlərində də musiqi ilə bağlı təsvirlərə rast gəlmək mümkündür. Sonrakı dövrlərdə “Kitabi-Dədə Qorqud”-da (VII əsr), Nizami, Xaqani, Nəsimi və Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, janrları və alətləri haqqında zəngin məlumat verilmişdir.

Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Fətullah Şirvani (XV əsr), Mirzə bəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi hərtərəfli biliyə malik alimlərinin risalələrində Yaxın və Ortə Şərq xalqlarının mədəniyyətləri ilə sıx təmasda inkişaf edən orta əsr musiqi mədəniyyətinin, ifaçılığının nəzəri problemlərindən söhbət açılmışdır. Səfiəddin Urmavinin orta əsrlərdə bu mövzuda yazdığı əsərlər bir sıra dillərə tərcümə edilmiş, onlara Şərqin və Qərbin böyük alimləri elmi əsərlər yazmışlar.

Başqa xalqlarda olduğu kimi Azərbaycan musiqi sənətinin ayrılmaz və mühüm hissəsini qədim ənənələrə, dərin məzmuna, bədii kamilliyə, zəngin janr müxtəlifliyinə malik olan musiqi folkloru təşkil edir. Musiqi folkloru Azərbaycan xalqının tarixini, həyatını, istək və arzularını ifadə etmiş, adət və ənənələrini özündə əks etdirmişdir. Əmək nəğmələri, mərasim nəğmələri, məişət-mərasim nəğmələri, tarixi-qəhrəmanlıq mahnıları, laylaları, oxşamaları, aşıq havalarını və başqa janrları bunlara aid etmək olar.

Muğamlar şifahi-ənənəvi musiqimizin yüksək sənət nümunələrini təmsil edir. Orta əsrlərdə klassik poeziya ilə bağlı inkişaf etməyə başlayan muğamlar dərin məzmun, yüksək ideya, emosional məna daşıyan vokal və instrumental kompozisiyalardır. Fəlsəfi-psixoloji məzmunlu muğam sənətində insanın zəngin mənəvi aləmi, həyat haqında düşüncələri ifadə edilmişdir. Müasir Azərbaycan musiqisində 12 əsas muğamdan 7-si təşəkkül tapmışdır. Əsas muğamların adları Azərbaycan musiqisinin lad əsasını təşkil edən 7 məqamın (ladın) adı ilə eynidir. (“Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Cahargah”, “Bayatı-Şiraz”, “Humayun”).

XX əsrin əvvəllərində Azərbaycanın musiqi həyatı canlanır. Məhz bu əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu. Böyük bəstəkar şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratmaqla Şərq Qərb mədəniyyətinin fəal qarşılıqlı  təsirinə səbəb oldu. Ü.Hacıbəyovun yaradıcılığında milli bəstəkar musiqisinin demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi, kantata, romans, mahnı və.s)

Yeni Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında Müslüm Maqomayevin mühüm xidmətləri olmuşdur. Bəstəkarın “Şah İsmayıl”, “Nərgiz” operaları, simfonik əsərləri, kütləvi mahnıları musiqimizin inkişafına təsir göstərmişdir.

Ötən əsrin 20-40-cı illərində yeni bəstəkarlar nəsli meydana gəldi. A.Zeynallı, S.Rüstəmov, Ə.Bədəlbəyli ilk musiqi əsərlərini ictimaiyyətə təqdim etdilər.

1941-1945-ci illər müharibəsi dövründə qəhrəmanlıq və vətənpərvərlik mövzusu musiqimzidə əsas yer tutsa da, Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov, Niyazi, F.Əmirov musiqimzi simfonik əsərlərlə də zənginləşdirirdilər.

Müharibədən sonrakı illərdə musiqimizdə mövzu və janr  müxtəlifliyi intensiv inkişaf etdirildi. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, R.Hacıyev, T.Quliyev, Niyazi, S.Rüstəmov, C.Cahangirov kimi bəstəkarların yaradıcılığında yeni mövzular yaranmağa başladı.

Q.Qarayevin “Yeddi gözəl”, “İldrımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” baletləri, F.Əmirovun “Şur”, “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, S.Rüstəmovun “Durna”, S.Ələsgərovun “Ulduz” operettaları, C.Cahangirovun “Füzuli” kantatası musiqimizin mövzu və janr müxtəlifliyini aydın göstərir.

Ötən əsrin 60-80-ci illərində Azərbaycan musiqisində ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular əsas yer tutmağa başlayır. A.Məlikovun “Məhəbbət əfsanəsi”, F.Əmirovun “Nəsimi haqqında dastan”, Niyazinin “Citra”, T.Bakıxanovun “Xəzər balladası”, Ş.Axundovanın “Gəlin qayası” və başqa onlarla gözəl musiqi əsərləri musiqimizin  uğurlarından xəbər verir.

Musiqimizin inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur. Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər, zamanın yeni hadisələri musiqiyə böyük təsir göstərmişdir. Ulu öndərin himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etdirilmişdir. V.Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” simfoniyası, A.Əlizadənin “Ana torpaq” odası və başqa musiqi əsərləri müstəqillik illərində yaranmışdır.

Müstəqillik illərində F.Qarayev, R.Mustafayev, V.Adıgözəlov, R.Mirişli, F.Əlizadə, X.Mirzəzadə, A.Əlizadə, A.Rzayev və başqaları müxtəlif mövzularda yeni simfonik əsərlərini yazmışlar. Bu dövrdə balet janrı da bir sıra yeni əsərlərlə zənginləşir. X.Mirzəzadə “Ağlar və Qaralar”, A.Əlizadə “Qafqaza səyahət”, P.Bülbüloğlu “Eşq və ölüm” baletlərini yazırlar.

Bu illərdə tanınmış bəstəkarlarımızın əsərləri xarici ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur.

Bəstəkarlarımızın əsərlər ilə yanaşı, müstəqillik illərində Azərbaycan muğamı da dünya ölkələrində səslənərək müxtəlif ölkələrdəki musiqi  həvəskarlarını valeh etmişdir. Bu gün Azərbaycan musiqisi dünyanın müxtəlif ölkələrində səslənməkdədir.

Ölkəmizdə müxtəlif musiqi festivallarının, müsabiqələrinin keçirilməsi də ənənə halını almışdır. Müstəqillik illərində Azərbaycan musiqi mədəniyyətinin milli ənənələrini davam etdirən, müasir musiqi yazı texnikasını mükəmməl mənimsəyən, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks etdirən istedadlı gənc bəstəkarlar nəsli yetişmişdir. Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə inteqrasiya etmək imkanları daha da genişlənmişdir.