Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Şəhər və Rayonları

Naxçıvan Muxtar Respublikası

Rəsmi adı: Naxçıvan Muxtar Respublikası
Yarandığı tarix: 9 fevral 1924-cü il
Paytaxtı: Naxçıvan şəhəri
Ərazisi: 5502,75 km2
Dövlət dili: Azərbaycan dili
Pul vahidi: Manat
Əhalisi (1000 nəfərlə): 462960 (01.01.2022)
Milli tərkibi: 99,9% azərbaycanlı
1 km2 düşən əhali (nəfərlə): 84
Kənd əhalisi: 64,5
Şəhər əhalisi: 35,5

Paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan - Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub.  6 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur, Babək və Şahbuz), 9 qəsəbəsi, 203 kəndi vardır. Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (15 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhədini, əsasən, Zəngəzur və Dərələyəz silsilələrinin suayrıcları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir. 

 

Şəhər və rayonlar

 

Naxçıvan şəhəri - Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,57 km2, əhalisi 95608 nəfərdir (01.01.2022-ci il).

Azərbaycanın ən qədim şəhərlərindəndir. Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80 C,  iyulda 26,90 C, illik yağıntı 236 mm-dir.

İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmiryolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır.

 Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Lisey, 3 ali, 3 orta ixtisas, 20 ümumtəhsil məktəbi, 3 lisey, 14 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 1 gözdən əlil uşaqlar üçün  Xüsusi İbtidai Məktəb, 1 sağlamlıq imkanları məhdud şagirdlər üçün distant təhsil mərkəzi, 1 Texnki Peşə və Sürücülük məktəbi,1 Regional Peşə Tədris Məktəbi, 1 DİN Orta İxtisas Polis Məktəbi, 8 kitabxana, Heydər Əliyev Sarayı və 7 klub müəssisəsi, 13 muzey, 1 rəsm qalereyası, 6 musiqi məktəbi, 6 mədəniyyət və istirahət parkı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi (4 institut), Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, Uzunoba Təlim-Məşq Kompleksi, Muxtar Respublika Stadionu, Naxçıvan Turizm İnformasiya Mərkəzi, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC, Naxçıvanşünaslıq Mərkəzi, "Gənclik" Mərkəzi, 2 xəstəxana, 10 tibb mərkəzi, 2 dispanser,1 poliklinika,1 həkim ambulatoriyası, 3 feldşer mama-məntəqəsi, 4 özəl xəstəxana, Diaqnostika Müalicə Mərkəzi, Doğum Mərkəzi, Gigiyena və Epidemilogiya Mərkəzi, dövlət orqanları və digər xidmət infrastruktur obyektləri vardır.

Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, “Kanal-35” televiziyası fəaliyyət göstərir.

2001-ci il sentyabr ayının 19-dan fəaliyyətə başlayan “Naxçıvanın səsi” radiosu 100.3 FM dalğasında 16 saat ərzində muxtar respublikanın bütün bölgələrində yayımlanır.

“Şərq qapısı” 1921-ci ildən ictimai-siyasi qəzet kimi dərc olunur. Təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetidir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu” qəzeti 1996-cı ildən nəşr olunur. Qəzet öz növbəsində Naxçıvan şəhərinin ictimai-siyasi həyatında özünəməxsus rol oynayır.

Naxçıvan şəhərinin ərazisindən keçən avtomobil yolu birinci dərəcəli yol olmaqla uzunluğu 7 kilometrdir. Dəmir yolunun uzunluğu isə 1,6 kilometr olmaqla ikinci dərəcəli yoldur.

 

Şərur rayonu - 08 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 872,26 km2, əhalisi 111,7 min nəfərdir (01.01.2022-ci il). Mərkəzi Şərur şəhəridir. Rayonda 64 kənd vardır.

Rayon ərazisi dağlıq və maili düzənliklərdən ibarətdir. Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlimi vardır.

Rayon ərazisindən Araz, Arpaçay çayları axır. Rayonda Arpaçay Su Anbarı yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur.

Rayonda 54 ümumtəhsil məktəbi, peşə liseyi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 57 kitabxana, 59 klub müəssisəsi, 2 muzey, Arpaçay Tarix-Mədəniyyət qoruğu, 6 uşaq musiqi məktəbi, “Bahar” kinoteatrı, 1 mərkəzi rayon xəstəxanası, 1 kənd sahə xəstəxanası, 1 Aralıq Sahə Xəstəxanası, 26 həkim ambulatoriyası, 30 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Şərur Sənaye Məhəlləsi və s. müəssisələr, təşkilatlar vardır.

Şərur rayonu arxeoloji və tarixi memarlıq abidələri ilə zəngindir. Burada daş dövründən başlamış tarixin bütün mərhələlərinə aid abidələr mövcuddur.

Şərur ərazisində arxeoloji abidələr içərisində Qazma mağarası, Oğlanqala abidəsi, Qarasu qalası, Qızqala yaşayış yeri, Buzxana, Parçı (Xanlıqlar) İmamzadəsi, Piri-Süleyman ziyarətgahı, Yengicə hamamı xüsusi əhəmiyyət daşıyır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

 

Babək rayonu - 23 oktyabr 1978-ci ildə rayon kimi təşkil olunmuşdur. Şimal-qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Ərazisi 828,42 km2, əhalisi 76,7 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Babək qəsəbəsidir. Rayonda 33 kənd vardır.

Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. Rayonun ən yüksək zirvəsi Buzqov dağıdır (2475 m). Yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və qışı quraq keçən soyuq iqlim tipinə malikdir.

Rayon mineral sularla zəngindir. Sirab və Vayxır mineral su bulaqları bütün dünyada məşhurdur. Ərazisindən Araz, Naxçıvançay və s. çaylar axır. Rayonda Uzunoba, Nehrəm, Sirab, Cəhri, Qahab su anbarları və suvarma kanalları vardır. Əsasən kənd təsərrüfatı rayonudur.

Rayonda 36 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 34 kitabxana, 29 klub müəssisəsi, 1 xalq teatrı, 2 muzey, 5 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 2 kənd sahə xəstəxanası,13 həkim ambulatoriyası, 18 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar fəaliyyət göstərir.

Rayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan “Şərqin səhəri” qəzeti nəşr olunur. Babək rayonu ərazisindən keçən avtomobil yolları muxtar respublika əhəmiyyətli və yerli əhəmiyyətli yollara aiddir. Muxtar respublika əhəmiyyətli yollar 166,5 km, yerli əhəmiyyətli yollar isə 267,5 km-dir. Rayon ərazisindən Ordubad-Şərur dəmir yolu keçir.

Babək rayonunun ərazisi daş, duz, tikinti materialları və minerallar ilə zəngindir. Mineral bulaqlardan Sirab, Vayxır, Cəhri, Qahab və başqalarına bu bölgədə rast gəlinir.

Rayonda fauna və flora aləmi də zəngindir. Araz su qovşağının su anbarında müxtəlif növ balıqlar vardır.

Babək rayonunun ərazisi tarix və mədəniyyət  abidələrilə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.

Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik Eneolit, Tunc, Dəmir dövrünə və Antik dövrə aid arxeoloji abidələr, qədim duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir.

Rayonun mərkəzində Babəkin heykəli, “Şəhidlərin abidə kompleksi”, Nehrəmdə “Şəhidlər abidə kompleksi”, Çeşməbasarda “Şəhid bulağı”, Tumbulda Böyük Vətən müharibəsi iştirakçılarının Xatirə Abidəsi ucaldılmışdır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

 

Ordubad rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Cənubda İranla, şimal və şərqdə isə Ermənistanla həmsərhəddir. Ərazisi 978,99 km2, əhalisi 49,7 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Ordubad şəhəridir. Rayonda 3 qəsəbə, 43 kənd vardır. 

Rayon ərazisi Zəngəzur dağ silsiləsi və Arazboyu düzənliklərdən ibarətdir. Ən yüksək zirvəsi Qapıcıq (3904 m) dağıdır. Yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Ordubad, Vənənd, Gilançay və s. çaylar axır. Əsasən kənd təsərrüfatı rayonudur.

Rayonda 34 ümumtəhsil məktəbi, 1 Texniki, Peşə və Sürücülük məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 35 kitabxana, 33 klub müəssisəsi, 5 muzey, “Gəmiqaya” Tarix-Bədii Qoruğu, Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 12 həkim ambulatoriyası, 19 feldşer mama məntəqəsi, 1 Uşaq Xəsətəxanası, Gigiyena və Epidemiologiya Şöbəsi və başqa təşkilatlar əhaliyə xidmət edir.

Rayon İcra Hakimiyyətinin orqanı olan “El həyatı” qəzeti nəşr olunur.

Naxçıvan-Ordubad magistral avtomobil yolunun uzunluğu Culfa rayonundan Ordubad şəhərinədək 25 km-dir.

Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir. Rayonun ərazisində 290-dan çox daşınmaz  tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır.

Onlardan Ordubad şəhərindəki orta əsrlərə aid Sərşəhər məscidi, Anbaras məscidi, Qeysəriyyə, Cümə məscidi, Mingis məscidi, Təkeşiyi məscidi, 48 kəhriz, XVI əsrin tarixi yadigarı olan hamam binası, Nüsnüs piri, Vənənd məscidi, XVIII əsrin yadigarı, qədim “İpək Yolu”nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan Xaraba Gilan şəhər yeri və s göstərmək olar. Həmçinin rayonda akademik Y.Məmmədəliyevin, böyük ədib M.S.Ordubadinin, Məhəmməd Tağı Sidqinin ev muzeyləri, Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyi və Gəmiqaya Muzeyi mövcuddur.

Gəmiqaya qayaüstü təsvirləri dəniz səviyyəsində 3904 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbi yurdu, Camışölən və Qaranquş yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Burada e. ə. II-I minilliklərə aid Sabirkənd, Plovdağ, Xaraba Gilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur.

Hazırda Tarix-Diyarşünaslıq Muzeyi yerləşən Qeysəriyyə memarlıq abidəsi ən nadir incilərdəndir. Özünün arxitektura xüsusiyyəti, ornamenti, kompozisiya quruluşu, tərtibatı ilə seçilən Qeysəriyyə həmişə diqqəti cəlb edən bir obyekt kimi nəzərə çarpıb.

Şəhərdəki Qırxayaq, Nəhər, Meydan çeşməsi, Mingis çeşməsiBazar çeşməsi, Əylis kəndindəki Xan çeşməsi bu abidələr sırasına daxildir.

Ordubad şəhərində 600-dən yuxarı yaşı olan böyük çinar ağacları bura gələnləri valeh edir.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. 

 

Culfa rayonu  - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. Şimal-şərqdə Ermənistan, cənubda isə İranla həmsərhəddir. Ərazisi 926,3 km2, əhalisi 47,4 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Culfa şəhəridir. Rayonda 22 kənd vardır.

Rayon ərazisi Zəngəzur dağ silsiləsi, Arazboyu və Culfa düzənliklərindən ibarətdir. Ən yüksək zirvəsi Dəmirlidağdır (3364 m). Darıdağ, Nəhəcir və s. mineral sular çıxır. Yayı quraq isti, qışı soyuq keçən iqlim tipi vardır. Rayon ərazisindən Araz, Əlincə və s. çaylar axır. Rayonda Bənəniyar su anbarı yerləşir.

Rayonda 25 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 23 kitabxana, 23 klub müəssisəsi, 2 muzey,  2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar fəaliyyət göstərir.

Culfa Rayon İcra Hakimiyyətinin orqanı olan “Arazın səsi” qəzeti 1935-ci ildən nəşr olunur.

Culfa rayonunun ərazisindən keçən dəmir yolunun uzunluğu 85 kilometr. avtomobil yolunun uzunluğu isə 273 kilometrdir.

Culfa rayonunda Gülüstan türbəsi, Daş körpü, Ərəfsə piri, Xanəgah Memarlıq Kompleksi, Kırna cümə məscidi, Əshabi-Kəhf Ziyarətgahı, Qazançı qalası, Qazançı körpüsü, Əlincəqala kimi tarix-mədəniyyət abidələri vardır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

 

Kəngərli rayonu- 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur. Cənub və cənub-qərbdə İran, şimal və şimal-şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 704,89 km2, əhalisi 33,1 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Qıvraq qəsəbəsidir. Rayonda 10 kənd vardır.

Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Burada kontinental iqlim tipi hakimdir.

Rayonda 12 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar tərbiyə müəssisəsi, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 12 kitabxana, 11 klub müəssisəsi, 2  muzey və 1 müzey tipli müəssisə, 2 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 5 həkim ambulatoriyası, 5 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar vardır.

Kəngərli rayon İcra hakimiyyətinin orqanı olan “Yeni həyat” qəzeti nəşr olunur.

Rayonun ərazisində olan avtomobil yollarının ümumi uzunluğu 148,5 km-dir. O cümlədən, muxtar respublika əhəmiyyətli yolların uzunluğu 71 km, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 77,5 km-dir.

Rayon ərazisində Qarabağlar Memarlıq Kompleksi, Qədim Duzdağ Mədəni, Qıvraq məscidi, Qalacıq yaşayış yeri, Babatəpə yaşayış yeri, Çalxanqala kurqanları, Şahtaxtı hamamı, Şahtaxtı yaşayış yeri kimi daşınmaz tarix-mədəniyyət abidələri vardır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

 

Şahbuz rayonu - 8 avqust 1930-cu ildə rayon kimi təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə ləğv edilərək Naxçıvan (indiki Babək rayonu) rayonuna verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil olunmuşdur. Şimal və şərqdə Ermənistanla həmsərhəddir. Ərazisi 836,58 km2, əhalisi 25,2 min nəfərdir (01.01.2022-ci il).

Mərkəzi Şahbuz şəhəridir. Rayonda 1 qəsəbə, 22 kənd vardır.

Rayon ərazisinin böyük hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrinin yamaclarında yerləşir. Ən yüksək zirvəsi Salvartı (3160 m) dağıdır. Yayı quraq keçən soyuq iqlim tipinə malikdir.

Rayon ərazisində Naxçıvançay və onun qolları Kükü, Şahbuz, Salvartı çayları axır. Rayonda Heydər Əliyev Su Anbarı, Qanlıgöl və Batabat gölləri vardır. Əsasən kənd təsərrüfatı rayonudur. Arıçılıq və heyvandarlıq inkişaf etmişdir.

Rayonda 23 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi, 25 kitabxana, 25 klub müəssisəsi, 2 muzey, 2 uşaq musiqi məktəbi, “Araz” kinoteatrı, 1 Mərkəzi Rayon Xəstəxanası, 13 həkim ambulatoriyası, 9 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və başqa təşkilatlar əhaliyə xidmət edir.

Rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz səsi” qəzeti nəşr olunur.

Rayonun ərazisindən keçən avtomobil yollarının uzunluğu 282 kilometrdir. Dövlət əhəmiyyətli yolların uzunluğu 109 kilometr, yerli əhəmiyyətli yolların uzunluğu 173 kilometrdir.

Rayon ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Kükü çayı vadisində eradan əvvəl III minilliyə aid yaşayış yerləri mövcuddur. Tədqiqatçılar tərəfindən Sarıdərə, Ağbulaq, Kolanı, Kükü, Külüs, Şamlar qədim yaşayış yerləri öyrənilmişdir. Aşkar olunmuş mədəniyyət nümunələri, qəbirlər, sikkə nümunələri eramızın əvvəllərində ərazidə böyük mədəniyyətin olduğunu sübut edir.

Rayon ərazisində Fərhad evi, Şapur qalası, Haqqıxlıq nekropolu kimi tarix-mədəniyyət abidələri vardır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

 

Sədərək rayonu - 28 avqust 1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Cənub-qərbdən Türkiyə ilə, şimal-qərbdən Ermənistanla həmsərhəddir. Ərazisi 220,82 km2, əhalisi 22,7 min nəfərdir (01.1.2022-ci il).

Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda 1 qəsəbə, 4 kənd vardır.
Rayon ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Dəhnə və Vəlidağ yüksəklikləri vardır.

Rayon ərazisindən Araz, Qaraçay və Çapan çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.

 Rayonda 5 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar, 2 məktəbəqədər tərbiyə müəssisəsi, 5 kitabxana, 5 klub müəssisəsi, 1 muzey, 1 uşaq musiqi məktəbi, 1 Mərkəzi Rayon Xəstəxanası, 2 həkim ambulatoriyası, 1 feldşer mama məntəqəsi, Gigiyena və Epidemiologiya Şöbəsi və s. təşkilatlar vardır.

Sədərək Rayon İcra hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzeti 2000-ci ildən nəşr olunur. 

Sədərək rayonundan Vəli dağ dəmir yolu stansiyasına qədər olan dəmir yolunun uzunluğu 15 kilometrdir.

Rayon ərazisində Fərhad arxı, Sədərək yaşayış yeri, Əjdahan mağarası, Kərki yaşayış yeri, Qırmızıtəpə yaşayış yeri,Sədərək qalası və digər tarix-mədəniyyət abidələri vardır.

Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.