Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ haqqında Əsasnamə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 19

 iyul tarixli 131-V FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

               Naxçıvan Muxtar Respublikasının 

Mədəniyyət Nazirliyi haqqında

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) muxtar respublikada mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.

1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.0. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;

2.0.2. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.0.3. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

2.0.4. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.

3. Nazirliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;

3.1.2. dövlət proqramlarının həyata keçirilməsini təmin etmək;

3.1.3. müvafiq sahədə dövlət proqramlarının layihələrinin hazırlanmasında iştirak etmək;

3.1.4. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların fəaliyyətini əlaqələndirmək;

3.1.5. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini təmin etmək;

3.1.6. müvafiq sahədə qanunla onun səlahiyyətinə aid edilmiş dövlət nəzarətini və dövlət monitorinqini həyata keçirmək, icazə və digər hüquqmüəyyənedici sənədlər vermək;

3.1.7. mədəniyyət sahəsində dövlət reyestrini aparmaq;

3.1.8. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görmək;

3.1.9. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, onların pozulmasının qarşısını almaq;

3.1.10. mədəniyyət nümunələrindən və mədəni sərvətlərdən insanların sərbəst bəhrələnməsi üçün sosial əhəmiyyətli tədbirlər təşkil etmək;

3.1.11. müvafiq sahədə təhlillərin aparılmasını təmin etmək, müsbət nəticələri təcrübədə tətbiq etmək;

3.1.12. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.13. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.14. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.16. mədəni irsin bərpasına, qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirlər görmək;

3.1.17. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.18. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.19. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və tədbirlər görmək;

3.1.20. yüksək bədii dəyərli əsərlər yaradılması üçün dövlət sifarişlərini həyata keçirmək;

3.1.21. istedadlı şəxslərin peşəkar inkişafını dəstəkləmək;

3.1.22. mədəniyyət fəaliyyətində bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-kommersiya qurumlarının iştirakını dəstəkləmək;

3.1.23. Naxçıvan Muxtar Respublikasının muzey fonduna daxil edilmiş muzey əşyalarının və kolleksiyalarının uçotu və saxlanması qaydasını müəyyən etmək;

3.1.24. dövlət mülkiyyətində olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının və sərgi salonlarının fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunmasını, uçotunu, mühafizəsini, təbliğini və nümayişini təmin etmək;

3.1.25. Naxçıvan Muxtar Respublikası ərazisində olan mədəni sərvətləri qanunvericiliyə uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil etmək;

3.1.26. xüsusi əhəmiyyətli mədəniyyət obyektlərinin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) mədəni irs obyektlərinə aid edilməsini həyata keçirmək;

3.1.27. mühafizə olunan mədəni sərvətlərin (daşınmaz mədəni sərvətlər istisna olmaqla) siyahısını aparmaq;

3.1.28. qanunvericiliyə əsasən müvafiq sahədə elektron məlumat sistemi yaratmaq;

3.1.29. mədəniyyət nümunələrini ekspertiza yolu ilə Naxçıvan Muxtar Respublikasında mədəni sərvətlərə aid etmək;

3.1.30. qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrini aparmaq;

3.1.31. Naxçıvan Muxtar Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsini, qorunmasını, təbliğini və onların milli mədəni irsə aid edilməsini həyata keçirmək;

3.1.32. muxtar respublikada mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirərək, onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc olunmasını təmin etmək;

3.1.33. mədəni sərvətlərin ixracının mümkünlüyünü mədəni sərvətin mühafizə şəhadətnaməsi ilə müəyyən etmək;

3.1.34. Azərbaycan xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və incəsənətinə ləkə gətirən, onları alçaldan və böhtan xarakterli materialların nəşrinin (yayımının) qarşısının alınması üçün zəruri tədbirlər görmək;

3.1.35. kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması ilə bağlı tədbirlər görmək, tamaşaçı auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının ərazisində kütləvi nümayiş (kinozal, videozal, videoyayım məntəqələri) üçün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq;

3.1.35-1. qanunvericiliyə uyğun olaraq mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin belə tədbiri ziyarət etmek hüququ verən biletlərin, dəvətnamələrin ve digər sənədlərin işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozrnaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmek;1

3.1.36. muxtar respublikada mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaratmaq;

3.1.37. digər aidiyyəti qurumların rəylərini nəzərə alaraq, turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən  səmərəli istifadə etmək;

3.1.38. mədəni dəyərlərin təşviqini və təbliğini təmin etmək;

3.1.39. mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından əhalinin istifadə imkanlarının sadələşdirilməsinə yönəldilmiş layihələr həyata keçirmək;

3.1.40. mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə mühafizə şəhadətnaməsi vermək;

3.1.41. Nazirlik sisteminə daxil olan orta ixtisas təhsili müəssisələrinin, uşaq musiqi, incəsənət, bədii sənətkarlıq və rəssamlıq məktəblərinin fəaliyyətinə nəzarəti həyata keçirmək, təsdiqi təhsil müəssisəsi rəhbərinin səlahiyyətində olan tədris planları istisna olmaqla, digər tədris plan və proqramlarını təsdiq etmək, təhsil müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;

3.1.42. tabeliyindəki dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini qanunvericiliyə uyğun olaraq həyata keçirmək;

3.1.43. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birlikdə müvafiq sahədə ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədilə, həmçinin iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnoloji və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnməsini stimullaşdıran layihələr həyata keçirmək;

3.1.44. qanunvericiliyə uyğun olaraq, milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana və kino fondlarına, yaxud arxivlərinə məxsus mədəni sərvətlərdən hüquqi və fiziki şəxslərin kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə etməsinə razılıq vermək;

3.1.45. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Nazirlik:

3.2.1. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması işini təşkil edir;

3.2.2. hər hansı texniki avadanlıq və cihaz tarix və mədəniyyət abidələrinin təhlükəsiz istismarına mane olduqda, təhlükəsiz istismara mane olan halların dərhal aradan qaldırılmasını avadanlıq və qurğu sahibindən tələb edir;

3.2.3. təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin başvermə ehtimalının yüksək olduğu dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə mühafizə tədbirlərinə razılıq verir;

3.2.4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadəyə nəzarət edir;

3.2.5. mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlayır;

3.2.6. Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntılar aparılması və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə elmi tədqiqat işlərini yerinə yetirən şəxslərdən görülmüş tədqiqat işləri barədə məlumat alır;

3.2.7. dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət uçotunu aparır, bu əmlak barədə texniki məlumatları dəqiqləşdirir;

3.2.8. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tarix və mədəniyyət abidələrindən elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəyə, o cümlədən onların icarəyə verilməsinə razılıq verir;

3.2.9. mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən edir;

3.2.10. qanunverciliyə uyğun olaraq, muxtar respublika ərazisində tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcılarının yerləşdirilməsinə razılıq verir;

3.2.11. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin edir, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi və onların əhəmiyyət dərəcələrinə görə bölgüsü barədə təkliflər verir;

3.2.12. qanunvericiliyə uyğun olaraq, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazə verir;

3.2.13. tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarını pozduqlarına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.

4. Nazirliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Nazirliyin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. xarici dövlətlərin müvafiq sahə ilə bağlı müsbət təcrübəsini öyrənmək;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq, rəy və təkliflər vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.1.5. bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.6. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.7. istifadəsində olan dövlət əmlakına dair hüquqları həyata keçirmək;

4.1.8. aidiyyəti dövlət qurumlarının və təşkilatların mütəxəssislərini cəlb etməklə, fəaliyyət istiqamətlərinə uyğun idarələrarası komissiyalar, koordinasiya və ekspert şuraları, komissiyalar və işçi qruplar yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və tövsiyələr hazırlamaq;

4.1.9. müvafiq sahənin əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə bu sahəyə investisiya qoyuluşu üzrə təkliflər hazırlamaq;

4.1.10. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4.2. Nazirlik:

4.2.1. tarix və mədəniyyət abidələrinin təhlükəsizliyini təmin etmək üçün onların mühafizə zonasında qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul edir;

4.2.2. təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisindən və ya istifadəçisindən abidə barədə məlumat alır;

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturunu, Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin bir müavini vardır. Nazir müavinini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəyə təyin və vəzifədən azad edir.

5.5. Nazir müavini nazirin ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.5-1. muxtar respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin rəhbərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Bu qurumların əsasnamələri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 2 (M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi)

5.6. Nazir:

5.6.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.6.2. müavinin, habelə nazirliyin digər vəzifəli şəxslərinin və Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.6.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların, tabeliyində olan qurumların (bu Əsasnamənin 5.5-1-ci bəndində göstərilən qurumlar istisna olmaqla)2 əsasnamələrini təsdiq edir;

5.6.4. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

5.6.5. Nazirliyin Aparatının işçilərini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərini və onların müavinlərini, işçilərini, Nazirliyin nomenklaturuna daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri fəxri fərmanlarla təltif edir;

5.6.6. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.7. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.6.8. fəaliyyət istiqamətləri üzrə dövlət sifarişinə dair sənədləri təsdiq edir;

5.6.9. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.6.10. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Nazirliyi təmsil edir.

5.6.11. Nazirliyə həvalə edilmiş məsələlərlə bağlı müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.6.12. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

5.7. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.8. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavininə həvalə edə bilər.

5.9. Nazirlikdə nazirdən (Kollegiyanın sədri), nazir müavinindən və Nazirliyin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər, yaradıcılıq ittifaqlarının rəhbərləri də daxil edilə bilərlər.

5.10. Nazirliyin Kollegiya üzvlərinin sayını və Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.11. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

5.12. Nazirliyin Kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici sayılır.

5.13. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

5.14. Nazirliyin Kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

 

 Qeydlər:

 1.    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 dekabr 2019-cu il tarixli 193-V FR nömrəli Fərmanına uyğun olaraq (“3.1.35-1” yarımbəndi kimi) əlavə edilmişdir.

2.   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 yanvar 2021-ci il tarixli 56-VI FR nömrəli Fərmanına uyğun olaraq əlavə və dəyişiklik edilmişdir.