Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN TEATRI

Azərbaycan milli teatr tarixində parlaq səhifələr açmış Naxçıvan teatrının yaranması mədəniyyət tariximizdə mühüm hadisələrdən olmaqla özünəməxsus yer tutur. 1883-cü ilin mayında dövrünün  mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyyə” məhəlləsindəki o qədər də böyük olmayan evində Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnəyə qoyuldu. Bu tamaşanın hazırlanmasında  Naxçıvanda maarif və mədəniyyətin inkişafında dəyərli xidmətlər göstərmiş Eynəli bəy Sultanov və onun təşəbbüsü ilə yaradılan “Ziyalı məclisi” və “Müsəlman şiə incəsənət və dram cəmiyyəti” üzvlərinin xidmətləri olmuşdur. Naxçıvan teatrının yaradılmasında E.Sultanov, C.Məmmədquluzadə, M.T.Sidqi, M.Ə.Süleymanov, Q.Şərifov, M.C.Mirzəyev (Şürbi), Ə.Xəlilov, S.Xəlilov, M.S.Qulubəyov, Ə.Qəmküsar, və başqaları fədakarlıq göstərmişlər.

XX əsrin əvvəllərində Bakıdan Naxçıvana gələn qüdrətli teatr simaları Z.Hacıbəyov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski və başqalarının Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşa göstərməsi, öz həmkarlarına mənəvi dəstək verməsi onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə təsir etmişdir.

Ötən əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə daxil olmuş, aktyorlar vahid truppada birləşmişlər. 1922-ci ildə Dövlət Dram Teatrı statusu alan Naxçıvan teatrına 1965-ci ildə böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin adı verilməklə Dövlət Musiqili Dram Teatrı adlandırılmışdır.

Naxçıvan teatrı dramaturgiyamızın görkəmli sənətkarlarının əsərlərini səhnəyə qoymuşdur. M.F.Axundov, C.Məmmədquluzadə, H.Cavid, M.S.Ordubadi, N.Vəzirov, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, S.S.Axundov, C.Cabbarlı, S.Vurğun, İ.Əfəndiyev, S.Rəhman, N.Həsənzadə, Elçin, Ə.Əmirli və onlarla başqaları Naxçıvan teatrının tarixində müraciət etdiyi sənətkarlarımızın bir qismidir.

Millilik və bəşəriliyi paralel olaraq vəhdətdə saxlayan və inkişaf etdirən Naxçıvan teatrı dünya dramaturgiyasının seçilən əsərlərini tamaşaya qoymuşdur. V.Şekspir, F.Şiller, Sofokl, R.Taqor, G.Fiqeyredu, A.P.Çexov, Ə.Nesin, T.Oflazoğlu, N.Dumbadze, C.Aytmatov, Q.Lessinq, G.Xuqayev və başqalarının əsərləri müxtəlif illərdə Naxçıvan tetarında tamaşaya qoyulmuşdur.

XX əsrdə Naxçıvan teatrının inkişafında R.Təhmasib, S.Mövləvi, K.Ziya, R.İsfəndiyarlı, M.H.Mirişli, İ.Həmzəyev, İ.Musayev, Əyyub və Yusif Haqverdiyev qardaşlarının, Z.Həmzəyeva, X.Qazıyeva, F.Əlixanova, Ə.Qardaşbəyov, R.Cəfərxanova, S.Hüseynova, M.Quliyev, Z.Əliyeva, V.Babayev, M.Qasımov, A.Şahsuvarov, Ş.Qazıyev, Y.Məmmədov, M.Məmmədov, M.Ələkbərov, R.Məmmədov və başqalarının xidmətləri olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə Naxçıvan teatrına diqqət və qayğı göstərmiş, onun fəaliyyəti ilə maraqlanmışdır. Ümummilli lider bu sənət ocağı haqqında demişdir: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük bir yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.

Teatrın səhnəsində naxçıvanlı müəlliflərdən M.Nəsirli, N.Nağıyev, M.Tarverdiyev, M.Təhmasib, İ.Səfərli, H.İbrahimov, H.Razi, Ə.Yusifli, H.Fətullayev, R.Muxtar, H.Arzulu, E.Həbib, H.Eyvazlı və başqalarının əsərləri də tamaşaya qoyulmuşdur.

Naxçıvan teatrının 60, 100, 125 illik yubileyləri təntənə ilə qeyd edilmişdir. Teatr 2 dəfə Ümumittifaq Teatr festivallarının baş mükafatına və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür.

Müstəqillik illərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə  C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir.

Bu illər teatrın yaradıcılıq axtarışları, qastrol səfərləri ilə zəngin olmuşdur. Teatrın Türkiyənin Ankara, İstanbul, Bursa, Ərzurum, İqdır, Dənizli, İran İslam Respublikasının Təbriz, Maku, Azərbaycanın Bakı, Gəncə, Qazax, Lənkəran, Masallı, Yevlax, Şəmkir, Qəbələ və başqa yerlərdə göstərdiyi tamaşalar maraqla qarşılanmışdır. Sənət ocağı qardaş Türkiyədə keçirilən teatr festivallarında və Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı tədbirlərdə də tamaşalar göstərmişdir.

Bu gün Naxçıvan teatrı özünün əsl inkişaf yoluna qədəm qoymuşdur. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında yenidənqurma işləri aparılmış və 2012-ci il fevral ayının 3-də teatr binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi qədim diyarın mədəni həyatında yaddaqalan hadisə olmuşdur. Naxçıvan  teatrında teatrın yaradıcılarından olan Eynəli bəy Sultanovun 150 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd edilməsi də Naxçıvan teatr sənətinə diqqət və ehtiramın daha bir ifadəsidir.

Yaradılmasından 135 il ötən Naxçıvan Dövlət Musiqili Dram Teatrının son illərdə hazırladığı tamaşalar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilmişdir.

Naxçıvan teatrının tədqiqi ilə bağlı görülən işlər, nəşr olunan kitab və monoqrafiyalar da diqqəti cəlb edir. Bu sahədə “Naxçıvan teatrının salnaməsi” kitabı yüksək qiymətə layiqdir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı elmi sənədlər, fotoşəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim edilmişdir. Bundan başqa C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində sənət ocağına aid fond fəaliyyət göstərir.

Muxtar respublikada gənc aktyorlar nəslinin yetişməsi üçün də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində aktyor sənəti ixtisası yaradılmışdır. Naxçıvan teatrının aktyorlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatına layiq görülmüşlər. Bu gün Naxçıvan teatrında tanınmış aktyorlarla yanaşı, gənc aktyor nəsli də çalışmaqdadır.

Naxçıvan teatrı bu gün də öz mütərəqqi ənənələrinə sadiq qalaraq fəaliyyətini yüksək səviyyədə davam etdirir.