Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN TİKMƏLƏRİ

Qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu böyük sənət əsərləri yaratmış və inkişaf etdirmişdir. Bu sənət əsərləri içərisində yüksək inkişaf yolu keçmiş və geniş yayılmış tətbiqi sənət nümunələrindən biri də xalq sənətkarlarının yaratdığı dekorativ-tətbiqi incəsənətdir.

Öz dekorativliyi, zəngin naxış motivləri, rənglərin əlvanlığı və özünəməxsus kompozisiyası ilə fərqlənən xalq tətbiqi incəsənəti bədii xalq sənətkarlığının müxtəlif növlərini əhatə edir. Zərgərlik və çaxma sənəti, metal, daş, sümük üzərində həkketmə, taxta üzərində şəbəkə və boyalarla bəzəkvurma, xalçaçılıq, toxuculuq və basma naxışlar, tikmə və başqa bədii sənətkarlıq növlərinin hər biri xalq yaradıcılığının incə zövqünün, onun mənəvi zənginliyinin canlı şahidi kimi böyük məhəbbət və iftixarla xatırlanır.

Naxçıvanda yaşayan insanların məişətində intişar tapmış və geniş yayılmış tikmə növlərinə misal olaraq təkəldüz, saya, güləbətin, pilək, cülmə, muncuqlu, qurama, oturtma, qullabduz, doldurma (bütöv doldurma, üz doldurma), örtmə, cinağı, sırıma, tozmuncuq, qondarma, məlilə, nağda, şəbəkə tikmə, məxmərtel, mirvari və s. göstərmək olar.

Təkəlduz tikmə məişətdə ən çox işlənən tikmələrdən biridir. Bu tikmənin yerliyi, əsasən, qara və qırmızı mahuddan, yaxud müxtəlif rəngli məxmərdən ibarət olur. Yerliyin üzərində al-əlvan saplarla nəbatat və heyvanat aləmindən alınmış və stilizə edilmiş rəsmlər çəkilir. Örtüklərə, pərdələrə, balınc üzərinə və xüsusi xalçalara təkəlduz üsulu ilə tikmə vurulur. Usta əvvəl sağanağa geydirilmiş parça üzərində naxışı kökləyir, sonra isə onun üstünü sapla doldururdu.

Doldurma tikmənin iki növü vardır: bütöv doldurma, yəni ikitərəfli doldurma və üz doldurma, yaxud birtərəfli doldurma. Üz doldurma, öz növbəsində, bir neçə müxtəlif növlərə bölünürdü. Tikilən naxışın üzəri düz və ya çarpaz xətlərlə doldurulur və bununla da, yeni naxışlar alınırdı. Doldurma tikmə ilə divar bəzəklərini, rübəndləri, müxtəlif pərdələri və s. tikirdilər.

Saya. Bu tikmə təkəlduza nisbətən həm kompozisiya, həm də rəng etibarilə sadə və bəsit olur. Adətən, saya tikmədə yerlik üzərinə birrəngli sap düzülür. Bu cür tikmələr, əsasən  gəzməli olub, geyimlərin müəyyən yerlərini, o cümlədən yaxa, cib, ətək kənarlarını bəzəyir.

Güləbətin. Bu tikmə əsas etibarı ilə ağır və bahalı parçalar üzərində olur. Güləbətin üçün yerlik, adətən, tirmə, mahud üzərində olurdu. Güləbətin tikmələrin sapı qızıl, gümüş və bürüncdən hazırlanırdı. Əski çağlarda tikilmiş milli geyimlərin, düzəldilmiş ev əşyalarının ( örtük, “Quran” qabı, daraq qabı, heybə və s.) üzərində bu tikmə örnəyinin gözəl növünə rast gəlirik. Müxtəlif dövrlərdə Azərbaycana gəlmiş əcnəbi səyyahlar Naxçıvanda ən zərif və bədii güləbətin tikmələrin yüksək texniki və bədii xüsusiyyətlərinə valeh olduqlarını öz gündəliklərində dəfələrlə qeyd etmişlər. Güləbətin tikmənin bir neçə üsulu vardır. Daha çox geniş yayılan üsul sadə və qabarıq doldurma tikmədir.

Pilək. Bu tikmə böyük və kiçik ölçülü taxça və pəncərələr üçün düzəldilmiş pərdələrin üzərində işlənir. Pilək metal parçalarından (dəmir, bürünc, gümüş, qızıl) dairəvi formada çox nazik kəsilib, xırda düymə kimi müxtəlif rəngli ipək parçalara bənd edilir.

Cülmə tikmə forma və texnikasına görə pilək tikməyə oxşayır. Cülmə tikməsi kiçik dairəvi formalarda şəbgülahı, araxçını və üst geyimlərinin yaxasını, cib və ətəklərin kənarlarını haşiyə kimi bəzəyir. Bu tikmə ilə müxtəlif formalarda nəbati və həndəsi naxışların kompozisiyaları qurulur. Mənbələrdə və tədqiqat materiallarında bu tikmə növünün geniş inkişaf etdiyi bölgələrdən birinin Naxçıvan olduğu qeyd edilir.

Muncuqlu. Bu tikmədə çox xırda və rəngarəng muncuqlardan istifadə olunur. Muncuqlu tikmə əldə etmək üçün muncuqlar xüsusi saplara düzülür, sonra pul kisəsini, daraq qabını, müxtəlif kiçik torbaların və başqa əşyaların üzərinə tikilib bərkidilir. Bu muncuqların rəngindən istifadə edib cürbəcür naxışlar və təsvirlər yaratmaq mümkündür. Mənbələrdə naxçıvanlı xalq sənətkarlarının muncuqlu tikmə növü ilə yaratdıqları nümunələrin çoxluq təşkil etdiyi xüsusi olaraq vurğulanır.

Qurama – rəngarəng parça tikələrinin müxtəlif formalarda yan-yana qoyularaq tikilməsindən əmələ gəlir. Bu işdə ən çox həndəsi rəsm formasından istifadə olunur.

Oturtma. Bu örnək tikməyə “qondarma” da deyilir. Tikmə sənətimizin geniş yayılmış zəngin növlərindən biridir. Oturtma tikmədə istənilən təsvir ayrıca olaraq parçalardan kəsilib başqa bir parça üzərinə qoyulur, sonra ətrafı saya tikişlə haşiyələnir.

Cinağı. Azərbaycanda çox yayılmış tikmələrdən biri də “quş gözü” tikmədir. Azərbaycanın başqa bölgələrində bu tikmə növünə “cinağı”, Naxçıvanda isə “cülmə” deyirdilər. Tikmələrin bu növü də çox vaxt güləbətinlə uyğunlaşır. İlk baxışda “cülmə” tikişi piləklə tikməni xatırladır. Bu tikmə növü ilə, əsasən, araqçınları və şəbkülahları bəzəyirdilər.

Sırıma. Geniş yayılmış sırıma tikməyə əksər hallarda şəbkülah, araqçın, canamaz, namazlıq və yorğanların bəzəyində təsadüf edilir. Sırımanı sadə tikişlə və ya “su” tikişlə icra edirdilər. Tikişin qabarıq olması və naxışın aydın görünməsi üçün isə sırınmış əşyalara astar qoyurdular. Çox vaxt üz və astar arasına bir lay yun və yaxud pambıq da qoyulurdu.

Rəngli çaxma piləklər. Öz quruluşu və tikmə üsulu etibarilə rəngli çaxma piləklər pilək tikmələrə çox yaxındır. Sənətkarların hazırladığı çaxma piləklərin xarici görünüşü çox müxtəlif olurdu. Bu növ tikmə ilə, əsasən, evin daxili bəzəklərini təşkil edən böyük və kiçik pərdələri bəzəyirdilər.

Nağda. Sənaye üsulu ilə hazırlanmış gümüşü saplardan tikmələrdə çox istifadə edilirdi. Bunlar “məlilə” və “nağda” adlanırdı. Tikmə prosesində əldə düzəldilən rəngli ipək sapdan ibarət burmalara isə “iynə dabanı burma” deyilirdi.

Şəbəkə tikmə. Bu tikmə növü yaxın vaxtlarda yayılmışdır. Ondan, əsasən, dəsmal, rübənd və məhrəbaların bəzədilməsində tətbiq olunurdu.

Hazırda muxtar respublikanın Ordubad, Culfa, Şərur, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarında, eləcə də Naxçıvan şəhərində yaşayan və bədii tikmə, toxuma sənəti ilə məşğul olan sənətkarların məharətli əlləri ilə yaradılan nümunələrdə tikmə sənətinin bütün növ və üsullarından istifadə edilir, bədii tikmə sənəti nəsildən nəslə ötürülür.