Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

QƏDİM MUSİQİ ALƏTLƏRİ

Balaban - nəfəslə çalınan qədim Azərbaycan musiqi alətidir. Fındıq, tut, qoz, yaxud ərik ağacından hazırlanlr. Silindrik gövdəsi (uzunluğu 280 – 320 mm) üzərində 9 dəlik (səkkizi ön, biri isə arxa tərəfdə) olur. Gövdəsinin baş tərəfində qamışdan iki qat dilçəkli yastı müştük taxılır. Ona görə də el arasında balabana - “yastı balaban” deyilir. Müştüyün ortasındakı xərək vasitəsi ilə alətin kökü dəyişdirilir. Balabanın diapazonu kiçik oktavanın sol səsindən ikinci oktavanın do səsinə qədərdir. Yumşaq, təsirli, həzin tembri var. Balabandan həm solo alət kimi istifadə olunur; həm də xalq çalğı alətləri ansambllarında və orkestrlərində, aşıq ansambllarında müşayiətedici alət kimi o, əsasən, dəm saz (fon əmələ gətirən) alət olaraq xüsusi yer tutur. Muğam ansamblına da balaban aləti daxil olunaraq, səslənməyə xüsusi tembr boyaları aşılayır. 

 

 

 

 

 

Qanun - simli musiqi alətidir. Yaxın və Orta Şərqdə geniş yayılmışdır. Azərbaycan şairləri Nizaminin, Fizulinin və başqalarının əsərlərində bu alət haqqında məlumat verilmişdir. Qanun üzərində naxışlı üç rezonator dəliyi olan düzbucaqlı trapesiya formalı yastı taxta qutudan ibarətdir. Qanunun üzünün aşağı hissəsinə çəkilmiş dərinin üzərində xərək yerləşir. Xərəyin üstündən 24 – 25 üçləşdirilmiş sim keçir. Qanunun simləri barmaqlara taxılmış oymağabənzər metal mizrablarla səsləndirilir. Diapazonu üç oktava yarımdır (böyük oktavanın sol səsindən ikinci oktavanın si bemol səsinə qədər). Qanunun incə, məlahətli səsi var. Azərbaycan xalq çalğı ansamblının və orkestrin tərkibinə daxildir.

 

 

 

 

 

 

Ud - Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi alətidir. Ərəbistan, Türkiyə və qismən İran ölkələrində çox geniş intişar tapmışdır. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olmuşdur. Udun konstruksiyası zaman keçdikcə tez-tez dəyişdirilərək təkmilləşdirilmişdir. Müasir ud 6 simli musiqi alətidir. Bunlardan beşi qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüşü və yerləşdirilməsi çox qəribədir: orta melodik, yəni musiqinin əsl havasını (modulyasiyasını) çalan simlər, yanlarından isə (hər iki tərəfdən dəm saxlayan) bəm simlər (alikvot simlər) qoşulur.

 

 

 

 

 

 

 

 

 

Qopuz - Azərbaycanın ən qədim simli alətlərindən biridir. Vaxtı ilə Türk dünyasının ozan – aşıq ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı alətidir. Qopuzun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılmır. Ümumi uzunluğu 810 mm, çanağının uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü 120 mm dir. Diapazonu böyük oktavanın "si" səsindən birinci oktavanın "lya" səsinə kimidir.

 

 

 

 

 

 

 

 

 

 

Ney - (fars: qarğı, qamış) – nəfəsli musiqi aləti; ağacdan, qamışdan ya da bürüncdən hazırlanır. Düz silindr şəklində, 60 – 70 sm uzunluğunda lülədən ibarətdir. Ucunda heç bir müştük, ya dilçək olmur. Yalnız lülənin aşağı tərəfində bir  neçə (3 - 6) dəlik açılır ki, bu da səslərin müxtəlif ucalıqda olduğunu təmin edir. Neyin səsi olduqca məlahətli, zərif və təsirlidir. Ney ən qədim Azərbaycan musiqi alətlərindən biridir. Onun xoş səsi Xaqani, Nizami, Füzuli və başqa şairlərimizin əsərlərində vəsf edilmişdir.

 

 

 

 

 

 

 

 

 

Zurna - ( sur - böyük ziyafət, toy, düyün - nay) – Azərbaycanda qədimdən yayılmış nəfəslə çalınan musiqi alətidir; Əsasən qoz, yaxud ərik ağacından hazırlanır. Konusvari gövdəsinin ön tərəfində yeddi, arxa tərəfində bir dəlik var ki, bunlar lazımi vaxtda barmaqlarla örtülüb açılır. Əlavə olaraq zurnanın ağız tərəfində köklənməsi üçün daha bir dəlik açılır. Zurnanın müştüyü iki nazik, yonulmuş qarğı parçasından düzəldilir. Diapazonu kiçik oktavanın si bemol səsindən üçüncü oktavanın do səsinə qədərdir. Güclü və zil səsli alətdir. Qara zurna, cürə zurna, asəfi zurna, ərəbi zurna, əcəmi zurna, şəhabi zurna kimi bir çox müxtəlif növləri var. Azərbaycanda iki zurnaçı (usta və dəmkeş) və nağaraçıdan ibarət ansambl geniş yayılmışdır. XX əsrdə Ələfsər Şəkili muğamların zurnada mahir ifaçısı kimi tanınmışdı.

 

 

 

 

 

 

 

 

 

 

Tənbur - üç simli dartımlı musiqi alətidir. Zahiri görünüşü saz alətinə bənzəyir, lakin çanağı sazınkına nisbətən xeyli kiçik, qolu isə sazınkından bir qədər uzun olur. Tənburun birinci və üçüncü simi eyni yüksəklikdə (unison), ortancıl simi isə bir kvarta aşağı köklənir. Simləri sağ əlin şəhadət barmağına taxılan polad halqa üzərindəki qarmaqla dartılıb səsləndirilir. Tənburun bu mizrabı, “naxunək” adlandırılır. Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş yayılmışdır. Azərbaycanda Şirvan tənburu istifadə olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rübab - (rebab) – simli dartımlı musiqi alətidir. Vaxtilə bütün Yaxın Şərq xalqlarının musiqi məişətində geniş istifadə olunmuşdur. Hazırda başlıca olaraq, Orta Asiya xalqlarının musiqisində çox istifadə olunur. Rübabın bir çox növləri var. Hər növ intişar tapdığı mahalın adı ilə adlanır; məsələn, tacik rübabı, qaşqar rübabı, əfqan rübabı və s. Bəzən tamamilə eyni növdə və eyni konstruksiyada olan rübab müxtəlif cür adlandırılır. Rübabın , əsas olaraq, üç simi var, lakin rezonans vermək üçün çox zaman əlavə bir necə sim də qoşulur. Rübab simləri qaramal buynuzundan hazırlanan kiçik mizrabla səsləndirilir.

 

 

 

 

 

 

 

 

 

 

Bərbət - (hərfi mənada: bər – sinə, döş + bət – ördək) - ən qədim Azərbaycan simli musiqi alətidir. XVI – XVII əsrlərdə Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən, Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat öz əksini tapmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çəqanə - kamanla çalınan 4 simli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. Müasir dövrdə bərpa olunaraq, qədim musiqi alətləri ansamblında istifadə olunur

 

 

 

 

 

 

 

 

 

 

 

Çəng - üçbucaq şəklində simli, dartımlı musiqi alətidir. Üst qolu at boyu tərzində hazırlanır və baş (yuxarı) tərəfində gözəllik üçün iri ipək qopaz sallanır. Çəngə 24 sim qoşulmuş və bu simlər qoşa bağlandığından alətdən 12 müxtəlif səs (bir oktava daxilində bütün xromatik qamma səslərini) əldə etmək mümkün olmuşdur. Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Çəng böyük Azərbaycan şairləri Nizami və Füzulinin əsərlərində vəsf edilmişdir.

 

 

 

 

 

 

Santur - Azərbaycanın qədim simli - zərbli musiqi alətlərindən biridir. Zahiri görünüşü bir qədər qanun musiqi alətini xatırladır. Konstruksiyası etibarı ilə də qanun ilə ümumi cəhətləri var. Santurun da qanunda olduğu kimi, bir tərəfdən xərəyi bükülüb açılır və beləliklə, üzərində duran simin uzunluğu dəyişilmiş olur; santurun ayrı – ayrı səs ucalığında olan simləri tək, qoşa, ya da içəri qoşulur. Santur iki yüngül, zərif yonulmuş kiçik çubuğun simlərə vurulması ilə səsləndirilir.

 

 

 

 

 

Çoğur - tarixi qaynaqlara əsasən, XII – XVII yüzilliklərdə , Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş – aşıq məclislərində bu musiqi alətindən istifadə edilmişdir.

 

 

 

 

 

 

 

 

Tulum - bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi var. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə ediblər.

Səs tembri zurnanın səsinə bənzədiyi üçün bəzən ona “tulum zurnası” da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır. Qalan ikisindən birinə tuluma hava doldurmaq üçün sümükdən və ya qamışdan hazırlanmış , ağzında tıxacı olan boru, digərinə isə aləti ifa etmək üçün iki qoşa boru (gövdə) bərkidilir. Gövdələrin üzərində 7 oyuq açılır. İfaçı sol qoltuğunda tutduğu içərisi hava ilə doldurulmuş tulumu azacıq təzyiqlə sıxmaqla havanı borulara daxil olmağa məcbur edərkən hər iki əlin barmaqları ilə oyuqları açıb-bağlamaqla istənilən səs ucalığını əldə edə bilir. Birinci boruda melodiya çalınır, ikincisində isə həmin melodiyanın tonikası saxlanılır.

Tulum, əsasən, solo aləti kimi, bəzi hallarda isə balabançılar dəstəsində istifadə edilir.

 

 

 

 

Rud - qədim simli çalğı alətidir. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. Rud Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində belə vəsf olunmuşdur:  Müğənni, çal rudu, gəl dadıma çat, Məni bu amansız yuxudan oyat. Bəlkə, rudun səsi axar çay kimi Dincəltsin susamış yanar qəlbimi.

Əbdülqadir Maraği risaləsində rud barədə yazır: “Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır. 4 simli olur. İstifadə qaydası qədim uddakı kimidir”. Əsasən, saray çalğı aləti sayılan rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində istifadə olunub. Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı balqabaqdan, simləri isə ipək sapdan və yaxud bağırsaqdan hazırlanıb. Onun xarici görünüşü də balqabağı xatırladır. Quruluşu etibarı ilə başqa simli çalğı alətlərindən fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür. İlk zamanlar barmaqla, sonralar isə yumşaq materialdan hazırlanmış mizrabla çalınıb. Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları isə armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır. Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü 170 mm, qolunun uzunluğu 285 mm-dir. Səs düzümü böyük oktavanın “mi” səsindən ikinci oktavanın “si” səsinə kimidir.

 

 

 

 

Musiqar - musiqi sənətinin simvolu sayılan və dimdiyində çoxlu dəliyi olan, külək əsəndə müxtəlif səslər çıxaran əfsanəvi quşun adıdır. Dilimizdə bəzən musiqi sənəti ilə məşğul olanları da musiqar adlandırırlar. Azərbaycan ərazisində müxtəlif dövrlərdə 8-20 borulu musiqarlardan istifadə olunub. Rumın musiqarı plastik maddədən hazırlanıb. Keçmişdə onlar da aləti azərbaycanlılar kimi qarğıdan, gamışdan düzəldərmişlər. Lakin plastik maddə qamışdan möhkəm olduğundan, daha davamlı və uzun ömürlü olur.

Musiqarın səsləndirilməsi digər nəfəs alətlərindən kəskin fərqlənir: yeganə alətdir ki, ifaçı müxtəlif şəkilli səsləri çalan zaman barmaqlardan istifadə etmir.

Ə.Marağalı musiqar haqqında yazır: “Musiqar – Bu uzun, qısa, bir-birinə bağlanmış bir neçə neydən (qarğı və ya qamışdan) ibarətdir. Hər neyin yanında yoldaşı var. Ona (72 b) yapışıqdır. Onun səsini birləşdirmək (zilləşdirmək ) istədikdə içinə bir az mum yumrulayıb tullayırlar. Səsi çox iti (qışqırıqlı ) olur, zilləşir”.

Musiqarlar xarici quruluşuna görə üçkünc və dördkünc olur. Azərbaycan ərazisində üçkünc musiqarlardan istifadə edilib. Dördkünc musiqarlardan isə əsasən uyğur türkləri və çinlilər istifadə etmişlər. Bu alətlər bir-birindən yalnız görkəmcə fərqlənir. Onların istifadə qaydaları, səsinin tembri demək olar ki, eynidir. Dördkünc musiqarlarda eyni uzunluqda qamışlar bir-birinə bağlanılır. Qamışların içinə mum atmaqla müxtəlif yüksəklikli borular hazırlayırlar. Musiqarın boruları əsasən qarğı, qamış və ya bambukdan hazırlanır. Dulusçuluq sənəti meydana gəldikdən sonra isə bəzən gildən də musiqarlar düzəldiblər. Müasir dövrdə isə bir sıra Avropa ölkələrində plastik maddələrdən də musiqarlar hazırlayırlar. Musiqarın qamış borusu alt tərəfdən qapanır ki, oradan hava çıxmasın. Üst tərəfdən boruların içərisinə müəyyən miqdarda mum yumurlayıb atılır və diatonik səsdüzümü alınır. Yəni ifaçı hər qamışı üstdən ayrıca üfürməklə, ardıcıl səsdüzümü əldə edir. Bu zaman qamışda azacıq “xaric”lik olarsa, təmiz səs alınmazsa, mumdan istifadə edilir, boruya mum atmaqla həmin səsi tənzimləyirlər, daha doğrusu, zilləşdirirlər. Boruların uzunluğu soldan sağa getdikcə qısalır. Təbii ki, bu zaman boruların səsi müvafiq olaraq zilləşir. Musiqarın qamışlarının sayı müxtəlif ola bilər, ən azı 8, maksimum 24 qamışdan istifadə edilir. Ə.Marağainin “Fəvaid-əşəra” risaləsinin əlyazmasında nəfəs çalğı alətlərinin şəkilləri olan səhifədə musiqarın 20 borusu aydın görünür . Deməli, boruların sayı artdıqca alətin diapazonu genişlənir. 24 borulu musiqarların diapazonu 3 oktavadan artıq olur. Bu da alətin çalğı imkanlarını genişləndirir.

Bəm tar - tarın ən aşağı registrə malik növü; qalın, bəm səsli simli-dartımlı musiqi aləti. XX əsrin 60 illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Varid Fərzəlibəyov tərəfindən). Sonralar Q.Qasımlı və B.Balabəyov da daha 2 növ fərqli bəm tar hazırlayıblar.

Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.

 

 

 

 

 

Dilruba tənbur - tənburun bir növüdür. Alətin 3 simi var. Simlərin arası kvinta intervalı həcmində köklənir. I sim-do, II sim-sol, III sim-re olaraq köklənir.

 

 

 

 

 

 

 

 

 

 

Qabaq kəmanə -Türkiyədə geniş yayılmış musiqi alətidir. Kamança və çəğanə alətinin ibtidai növüdür. Su qabağından hazırlandığı üçün alət qabaq kəmanə adlanır.

 

 

 

 

 

 

 

Buta tənbur- 2015-ci ildə İxtiyar Seyidov tərəfindən düzəldilib. Alətin forması Azərbaycanın milli rəmzlərindən biri olan “buta”ya uyğunlaşdırılıb. Alət 9 xərəkli, 72 simlidir. Səs diapazonu I oktavanın re notundan II oktavanın mi notuna qədərdir.

 

 

 

 

 

 

 

Bəm rübab - 2002-ci ildə İxtiyar Seyidov tərəfindən düzəldilib. Alət 6 simlidir. Simlərin arası kvinta intervalı həcmində köklənir. I sim I oktava do, II sim kiçik oktava sol, III sim kiçik oktava re olaraq köklənir.

 

 

 

 

 

 

 

Naxçıvan tənburu - 1998-ci ildə İxtiyar Seyidov tərəfindən düzəldilib. Alət 3 tərəflidir. I tərəf saz, II tərəf tənbur, III tərəf çəng alətinə uyğunlaşdırılıb. Alət rəmzi məna daşıyır. Saz, tənbur və çəng  bütün türkdilli xalqların ortaq musiqi alətidir. Buna görə də alətin bu formada hazırlanması bu xalqların birliyini ifadə edir.  Alətin 30-a yaxın aşığı var. Bu aşıqlar hər bir türk dövlətinin simvolik təmsilidir.