Culfa rayonunun Camaldın kəndindən təqribən 4-5 km şərqdə ziyarətgahdır. Ərməmməd (Alməmməd) mağarası yaxınlığındadır. Camaldın kəndi yaxınlığında yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmışdır. Təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 50-40 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Alməmməd piri adlandırılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın giriş qapısının sol tərəfində qəbir var. Binanın içərisində başqa bir qəbir də vardır. Pirdə əsas ziyarət obyekti həmin qəbirdir. Ziyarətə gələn zəvvarlar hər iki qəbiri ziyarət edirlər. Ancaq qəbirlərin üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyəti və dövrü aydınlaşdırılmamışdır. Əhali arasında pir haqda müxtəlif rəvayətlər mövcuddur. Ziyarətgah-pir e.ə. III-I minilliklərə aiddir.