Ansamblın əsası 1929-cu ildə qoyulub. Kollektivin tanınmasında və repertuarının genişlənməsində dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük xidmətləri olub. Onun xeyir-duası ilə ansambl 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü”ndə maraqlı proqramla çıxış edib. Yarandığı gündən qısa müddət ərzində ansamblın kollektivi dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edib, diplom və mükafatlara layiq görülüb.
1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən ümümdünya folklor festivalında iştirak edən ansambl festivalın laureatı adını qazanıb. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub, kollektivə “xalq yallı ansamblı” statusu verilib. Ansambl 1977-ci ildə Moskva şəhərində keçirilən kənd əməkçilərinin birinci Ümümittifaq Xalq Yaradıcılığı Festivalında, 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edib. Ansambl 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində keçirilən beynəlxalq folklor festivalının laureatı olub. Məhz o dövrdə ümümittifaq televiziyasında "Şərur yallısı" sənədli filmi təqdim edilib. Kollektivin bu uğurlarında Azərbaycanın tanınmış musiqiçi və rəqs ustalarından olan Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi sənət adamlarının böyük zəhmət və xidmətləri olub.
Müstəqillik dövründə ansamblın fəaliyyətində canlanma 90-cı illərin ikinci yarısından başlanıb. “Şərur” Xalq Yallı Ansamblı 1997-ci ildə Türkiyənin İskəndərun şəhərində folklor bayramında uğurla çıxış edib. 1998-ci ildə Bayburt şəhərində keçirilən “Dədə Qorqud” festivalında da kollektiv yüksək mükafata layiq görülüb. 2001-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən "XII Beynəlxalq Folklor Festivalı"nda ansambl "Qızıl açar" mükafatına layiq görülüb. Kollektivin üzvləri dəfələrlə Türkiyə Respublikasında keçirilən festival və bayramlarda uğurla çıxışlar edib, ansamblın ifası müxtəlif mükafatlarla qiymətləndirilib. 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən folklor festivalında 57 ölkənin folklor kollektivləri arasında ansambl birinci yeri tutub, festivalın mükafatına və diplomuna layiq görülüb.
Hazırda ansamblın repertuarında ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs yer alıb. Ansamblın 20-yə yaxın üzvü var. Onların bir çoxu istedad və qabiliyyətləri ilə ölkə miqyasında tanınmış yallı ustalarıdır.
Ansambl 2019-cu ildə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən “28 May - Respublika Günü” və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən tədbirdə iştirak etmişdir. Həmin ildə həmçinin Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda keçirilən təntənəli açılış mərasimində iştirak etmişlər.
Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun inkişafında göstərdiyi xidmətlərə görə ansamblın üzvlərindən fəxri adlara layiq görülənlər də var. Ansambl ölkəmizdə və muxtar diyarımızda keçirilən mədəni tədbirlərdə, festivallarda fəal iştirak edir.