Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Uşaq musİqİ, İncəsənət və rəssamlıq məktəblərİnİn NÜMUNƏVİ ƏSASNAMƏSİ

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin

NÜMUNƏVİ ƏSASNAMƏSİ

                                                                                     

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 19 aprel 2017-ci il tarixli 06 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

UŞAQ  MUSİQİ, İNCƏSƏNƏT VƏ RƏSSAMLIQ MƏKTƏBLƏRİNİN

NÜMUNƏVİ ƏSASNAMƏSİ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri (bundan sonra- Məktəb) uşaq, yeniyetmə və gənclərin bədii-estetik zövqünü formalaşdıran, mədəniyyət və incəsənət sahəsində təhsil verən dövlət müəssisəsidir.

1.2. Məktəb Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyindədir və Məktəbin fəaliyyətinə birbaşa nəzarət Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və ya regional mədəniyyət və turizm idarəsi (bundan sonra-İdarə) tərəfindən həyata keçirilir.

1.3. Məktəb Nazirliyin mərkəzləşdirilmiş büdcəsindən maliyyələşdirilir və ştampa, dairəvi möhürə malikdir.

1.4. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin kollegiya qərarlarını, əmr və qərarlarını, İdarənin əmr, sərəncam və qərarlarını, digər normativ-hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.5. Bu Əsasnaməyə əlavə və dəyişikliklər yalnız Nazirlik tərəfindən edilir.

1.6. Məktəb hər il Nazirliyə və İdarəyə statistik və məktəbin fəaliyyətinə dair müvafiq hesabatlar verir.

 

II. MƏKTƏBİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

2.1. Məktəb:

-  uşaq, yeniyetmə və gənclərə musiqi, rəssamlıq və xoreoqrafiya sahəsində ibtidai və orta təhsil verir, Azərbaycan xalq, klassik və dünya mədəniyyəti və incəsənətinin ən yaxşı nümunələri əsasında onların estetik zövqünü formalaşdırır;

-  uşaq, yeniyetmə və gənclərin qabiliyyətinin aşkar olunmasına və onların istedadının inkişaf etdirilməsinə şərait yaradır;

-  böyüməkdə olan nəslin mənəvi, estetik tərbiyəsini gücləndirmək məqsədilə digər təhsil müəssisələri ilə daim təmasda olur;

-  ən istedadlı və qabiliyyətli şagirdləri təhsillərini davam etdirmək məqsədilə müvafiq ixtisaslar üzrə orta ixtisas və ali ixtisas təhsil müəssisələrinə qəbul olunmaq üçün hazırlayır.

2.2. Məktəbdə təhsil müddəti 4, 5, 7 və 11 ildir;

2.3. Uşaq musiqi məktəbində musiqi, rəssamlıq məktəbində rəssamlıq, incəsənət məktəbində musiqi, rəssamlıq, xoreoqrafiya tədris olunur və bu sahələr üzrə müvafiq olaraq aşağıdakı şöbələr açıla bilər:

-  musiqi üzrə - fortepiano (fortepiano-caz təmayüllü, sintezator daxil olmaqla), simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, xanəndə, estrada ifaçılığı, vokal, xor, eyni zamanda 11 illik təhsildə ixtisas fənni kimi nəzəriyyə, bəstəkarlıq və caz- improvizə, xor dirijorluğu və s;

-  rəssamlıq üzrə - rəssamlıq şöbəsi;

-  xoreoqrafiya üzrə - xoreoqrafiya şöbəsi.

Qeyd olunan şöbələr üzrə Məktəbdə fəaliyyət göstərməyən ixtisaslar qəbul planından əlavə yerlər və yaxud Məktəbin şagird kontingenti hesabına açılır. Əlavə yerlər Nazirlik tərəfindən müəyyənləşdirilir. 

Məktəbdə solfecio və musiqi ədəbiyyatı fənləri üzrə nəzəriyyə şöbəsi yaradılır. Bu şöbəyə əlavə olaraq musiqi savadı və musiqi dinləmə, xor və digər nəzəri fənlər  daxil edilə bilər.

Adları sadalanan şöbələrdən əlavə yeni şöbə və bu şöbə ilə bağlı yeni ixtisas sinifləri İdarənin razılığı ilə açılır.

Şöbədə 3 nəfər müəllim olarsa, şöbə müdiri təyin edilir (5, 7 və 11 illik təhsil üzrə ayrılıqda və ya ümumi). Azsaylı şöbələrin yaradılmaması məqsədilə musiqi üzrə uyğun şöbələr birləşib bir şöbə kimi fəaliyyət göstərə bilər.

Rəssamlıq və xoreoqrafiya şöbələrində 3 nəfərdən az sayda müəllim olarsa, şöbəyə rəhbərlik direktorun əmri ilə ictimai əsaslar üzrə qabaqcıl müəllimlərdən birinə həvalə olunur.

2.4. Məktəbin maddi-texniki bazası imkan verərsə Nazirliklə razılaşdırılmaqla İdarənin əmri ilə Məktəbin filialı açıla bilər. Filialın pedaqoji və digər işçiləri direktor tərəfindən Məktəbin əməkdaşlarından komplektləşdirilir. Filialda tədris işinə nəzarət direktorun əmri ilə Məktəbin qabaqcıl müəllimlərindən birinə həvalə olunur. Filial Məktəbin ümumi şagird kontingenti çərçivəsində açılır. Filial üzrə şagird qəbulu ümumi qaydada qəbul üçün müəyyən olunmuş vaxtda Məktəbə ayrılan şagird qəbulu planı çərçivəsində keçirilir.

2.5. Məktəbdə hər hansı bir ixtisas üzrə ödənişli təhsil həyata keçirilə bilər. Ödənişli təhsilin (kursların) bütün fəaliyyəti bu Əsasnaməyə uyğun qaydada Məktəb rəhbərliyi tərəfindən idarə olunur. Məktəb ödənişli təhsil üzrə xəzinə və bank hesablarına malikdir. Ödənişli təhsildə maliyyə imkanları yol verərsə, ümumi qaydalar üzrə şöbə müdirləri təyin edilə bilər.

Ödənişli təhsildə şöbələrin yaradılması mümkün olmadıqda, bütün siniflərin fəaliyyəti Məktəbin ümumi iş planı üzrə təşkil edilir. Ödənişli təhsil üzrə qrupların yaradılması mümkün olmadıqda şagirdlər ödənişli əsaslarla ödənişsiz təhsil üzrə  qruplarda təhsil ala bilər. Bu halda qruplar ödənişsiz əsaslarla təhsil alan şagirdlərdən təşkil edilir və ödənişli təhsil ilə bağlı həftəlik dərs saatlarının hesabı cədvəli tərtib edilərkən yaradılması mümkün olmayan qrup halında tədris olunan ixtisas və digər fənlər üzrə dərs saatlarının hesabı bu cədvəldə göstərilmir və tarifləşmə cədvəlində bu fənlərin tarifləşməsi aparılmır.

2.6. Məktəbdə ödənişli təhsil üzrə müxtəlif müddətli kurslar açıla bilər. Kurslara qəbul tədris ili ərzində direktorun müəyyən etdiyi vaxtlarda aparıla bilər. Kurslara qəbul olmaq üçün qəbul imtahanı keçirilmir. Kurslar konkret ixtisas və ayrı-ayrı fənlərin tədrisi üzrə təşkil edilə bilər. Kurslar üzrə təhsil haqqının məbləği və ödəniş qaydası, tədris olunan fənlər və bu fənlər üzrə dərs saatlarının miqdarı, qrup fənləri üzrə qruplarda şagirdlərin sayı (qrup halında tədris olunan ixtisaslar və fənlər təhsilalanın arzusu ilə onun bu dərslərlə bağlı bütün xərcləri ödəməsi hesabına fərdi şəkildə tədris edilə bilər) və digər məsələlər Məktəb rəhbərliyi tərəfindən müəyyən edilir.

Ödənişli kurslarda 5 yaşından etibarən yuxarı yaş həddinə məhdudiyyət qoyulmadan təhsil almaq arzusunda olan şəxslər müəyyən olunmuş müddətlər üzrə müqavilə bağlanılması yolu ilə təhsil ala bilərlər.                                                                                                                                                                                                                                                                                    

2.7. Məktəbin şagird və müəllimləri İdarənin razılığı ilə Məktəbin adından xarici ölkələrdə keçirilən müxtəlif uşaq və gənclər festivallarında, müsabiqələrdə, bayramlarda, xarici həmkarları ilə təcrübə mübadiləsi aparmaq məqsədilə beynəlxalq görüşlərdə iştirak edə bilərlər.

2.8. Musiqi, rəssamlıq və xoreoqrafiya sahəsində istedadlı uşaqları Məktəbə cəlb etmək məqsədilə digər təhsil müəssisələrində onların rəhbərliyinin razılığı ilə təbliğat işi aparıla bilər.

2.9. Məktəb əlavə gəlir əldə etmək məqsədi ilə qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

  

III. MƏKTƏBƏ QƏBUL QAYDALARI

 

3.1. Azərbaycan Respublikasının ərazisində yaşayan və müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmamasından asılı olmayaraq hər bir uşaq, yeniyetmə və gəncin Məktəbdə təhsil almaq hüququ vardır.

3.2. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər qanunvericiliyə uyğun olaraq Məktəbə qəbul olunur və mövcud hüquqlardan istifadə edirlər.

3.3. Məktəbdə təhsilin müddəti müvafiq tədris planları üzrə aşağıdakı kimi nəzərdə tutulmuşdur:

    a) musiqi alətləri sinfində - 5 il, 7 il

    b) xanəndə (muğam), vokal, estrada ifaçılığı sinfində - 5  il

    c) rəssamlıq sinfində  - 4 il,

    ç) xoreoqrafiya sinfində - 5 il,

    d) xor sinfində - 7 il  

3.4.  4 və 5 illik təhsil üzrə l sinfə uşaq və yeniyetmələrin qəbulu aşağıda göstərilən yaş həddi ilə müəyyən edilir:

- musiqi alətləri sinfinə 9 yaşdan 13 yaşadək;

- xanəndəlik (muğam), estrada ifaçılığı, vokal sinfinə 8 yaşdan 13 yaşadək;

- rəssamlıq sinfinə 9 yaşdan 12 yaşadək;

- xoreoqrafiya sinfinə 8 yaşdan 10 yaşadək.

7 illik təhsil üzrə l sinfə uşaq və yeniyetmələrin qəbulu aşağıda göstərilən yaş həddi ilə müəyyən edilir:

- musiqi alətləri sinfinə 7 yaşdan 9 yaşadək;

- xor sinfinə 7 yaşdan 13 yaşadək.

Yaş həddi müvafiq tədris ilinin 1 sentyabr tarixinə müəyyən edilir. Yaş həddi bir ay aşağı və ya bir ay yuxarı olan uşaq və yeniyetmələrin sənədləri direktorun razılığı ilə qəbul edilə bilər.

Yuxarıda göstərilən yaş həddindən 1 yaş aşağı və yaxud 1 yaş yuxarı olan istedadlı uşaq və yeniyetmələr qəbul imtahanına buraxıla bilər.

3.5. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərini, mərkəzlərini 4, 5, 7 illik təhsil üzrə bitirmiş şagirdlər 11 illik musiqi, incəsənət məktəblərinə ixtisasları üzrə Məktəbə ayrılmış ümumi şagird qəbulu planı çərçivəsində Vlll sinfə ixtisas və nəzəri fənlərdən imtahanların götürülməsi yolu ilə qəbul edilə bilər.

11 illik məktəbin bütün fəaliyyəti bu Əsasnaməyə uyğun qaydada həyata keçirilir.

3.6. Məktəbə ödənişli təhsil üzrə bütün ixtisaslara 7 yaşından 30 yaşınadək uşaq, yeniyetmə və gənclər qəbul edilə bilərlər. Məktəbə ödənişli təhsil üzrə şagird qəbulu hər il iyun ayının 1-dən noyabr ayının 30-dək qəbul  imtahanı yolu ilə keçirilir.

Ödənişli təhsilə şagird qəbulu üçün sənədlər may ayının 1-dən noyabr ayının 25-dək qəbul olunur. Məsləhət saatlarının günləri direktor tərəfindən müəyyən edilir.

3.7. Məktəbə qəbul olunmaq üçün direktorun adına yazılan ərizədə uşaq, yeniyetmə və gəncin soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, ümumtəhsil məktəbi (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsi), orada oxuduğu sinif, kurs və bölmə, valideynlərin iş yeri və əlaqə telefonları, habelə seçilən ixtisas göstərilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

a) doğum haqqında şəhadətnamənin (16 yaşına çatmış şəxslər: şəkilli şəxsiyyət vəsiqəsinin) surəti,

b) sağlamlıq haqqında tibbi arayış,

c) yaşayış yerindən arayış,

 ç) 3x4 sm. ölçüdə iki ədəd fotoşəkil.

3.8. Ödənişsiz təhsilə şagird qəbulu üçün sənədlər may ayının 1-dən 27-dək və iyun ayının 11-dən 30-dək, həmçinin avqust ayının 25-dən 31-dək qəbul olunur. Məsləhət saatları may, sentyabr aylarında direktor tərəfindən təyin olunmuş günlərdə keçirilir.

3.9. Məktəbə qəbul olmaq istəyənlər seçilmiş ixtisasa uyğun olaraq musiqi, (musiqi duyumu-eşitmə, yaddaş və ritm), xoreoqrafiya (fiziki hazırlıq və musiqi duyumu – eşitmə, yaddaş və ritm) və təsviri incəsənət (rəsm) üzrə qəbul imtahanı verirlər. Təsviri incəsənət üzrə imtahanın keçirilməsi üçün 2 saat vaxt ayrılır.

3.10. Nazirlik tərəfindən Məktəbə ayrılmış şagird qəbulu planına əsasən  I sinfə, onbirillik təhsil üzrə VIII sinfə və Məktəbdə şagird kontingentini sabit saxlamaq məqsədilə Məktəbdən şagird axını hesabına İdarənin təqdimatına əsasən Nazirliyin razılığı ilə l sinfə, müvafiq siniflərin tədris planına, dərs plan və proqramına uyğun olaraq musiqi şöbələri üzrə ixtisas, solfecio, musiqi ədəbiyyatları fənlərindən, xoreoqrafiya və rəssamlıq şöbələri üzrə ixtisas fənnindən imtahanların götürülməsi yolu ilə ll və daha yuxarı siniflərə şagird qəbulu imtahanları hər il iyun və sentyabr aylarının 1-dən 10-dək keçirilir. Qəbul protokollarının bir nüsxəsi sentyabr ayının 20-dən gec olmayaraq İdarəyə təhvil verilir. İyun ayında qəbul planı yerinə yetirildiyi halda  ərizə qəbulu dayandırılır və sentyabr ayında qəbul keçirilmir və ya daha çox uşaqların arasından  istedadlı uşaqların seçilməsi məqsədi ilə iyun və sentyabr aylarında qəbul keçirildikdən sonra müsabiqə keçirib qəbulun nəticələri elan oluna bilər. Tədris ilinin əvvəlində Məktəbə əlavə şagird qəbulu ayrılarsa, bu halda sentyabr ayının 20-dək qəbul imtahanı keçirilə bilər.

Məktəblərin şagird qəbulu planı buraxılış sinifləri şagirdlərinin sayı nəzərə alınmaqla məktəb direktorunun ixtisaslar üzrə İdarəyə təqdim etdiyi təkliflərə əsasən Nazirlik tərəfindən müəyyənləşdirilir və may ayının 1-dək yerlərə göndərilir. İxtisaslar üzrə müəyyənləşdirilimiş qəbul planına uyğun sənəd toplanmadığı halda Nazirliyin razılığı ilə digər ixtisaslara sentyabr ayının 20-dək şagird qəbul edilə bilər. Məktəbin maddi-texniki bazası nəzərə alınmaqla İdarənin əsaslandırılmış təklifi ilə Nazirlik tərəfindən məktəblərin şagird qəbulu planı azaldıla və ya artırıla bilər.

Ödənişli təhsilə ixtisaslar üzrə şagird qəbulu planı məhdudiyyət qoyulmadan Məktəb direktoru tərəfindən tənzimlənir. Ödənişli təhsilə müvafiq siniflərin tədris planına, dərs plan və proqramına əsasən musiqi şöbələri üzrə ixtisas, solfecio, fənlərindən, xoreoqrafiya və rəssamlıq şöbələri üzrə ixtisas fənnindən imtahanların götürülməsi yolu ilə ll sinfə şagird qəbulu keçirilə bilər.

Məktəbdən şagird axını hesabına ödənişli əsaslarla təhsil alan şagirdlər öz siniflərinə uyğun ödənişsiz təhsilə direktorun əmri ilə keçirilə bilərlər.

3.11. Məktəbə şagird qəbulu imtahanları direktorun əmri ilə təyin edilmiş komissiya tərəfindən keçirilir. İmtahan komissiyasına Məktəbin direktoru və ya tədris işləri üzrə direktor müavini sədrlik edir. Komissiya üzvlərinin sayı Məktəb direktoru tərəfindən müəyyənləşdirilir. Komissiyaya uşağın qabiliyyətinə uyğun olaraq onun üçün musiqi alətini təyin etmək hüququ verilir.

3.12. İmtahanları müvəffəqiyyətlə verən uşaq, yeniyetmə və gənclər şagird qəbulu imtahan komissiyasının qərarına əsasən direktorun əmri ilə Məktəbə qəbul edilirlər. Müvəffəq qiymət alıb, lakin nisbətən az bal toplayan və ödənişsiz təhsilə müsabiqədən keçməyən uşaq və yeniyetmələr valideynlərinin razılığı ilə ödənişli təhsilə qəbul edilə bilərlər.

3.13. Qəbul imtahanlarının təkrar keçirilməsinə icazə verilmir.

3.14. Məktəbin ümumi şagird kontingentinin sayından asılı olmayaraq, maliyyə imkanı yol verdiyi halda Məktəb rəhbərliyi köçürülmə yolu ilə başqa uşaq musiqi, incəsənət və rəssamlıq məktəbindən gələn şagirdləri Məktəbin müvafiq sinfinə qəbul edə bilər. Bu halda şagirdin təhsil aldığı əvvəlki məktəbin arayışı, şagirdin fərdi vərəqəsi və Məktəbə ümumi şagird qəbulu zamanı tələb olunan digər sənədlər təqdim edilir (müvafiq tədris ilində Məktəbə I sinfə qəbul olub və sentyabr ayının 15-dək digər məktəbə köçürülmə yolu ilə qəbul olmaq üçün müraciət edən şagirdlərdən fərdi vərəqə tələb olunmur). Köçürülmə yolu ilə digər məktəbə qəbul olmaq istəyən şagird təhsil aldığı məktəbdən xaric olunduğu gündən bir ay müddətindən gec olmayaraq təhsil almaq istədiyi məktəbə müraciət etməlidir. Şagirdin köçürülmə yolu ilə qəbul olunacağı məktəbdən əvvəl təhsil aldığı məktəb hər hansı arayış tələb etmir.

3.15. Məktəbin ümumi şagird kontingentini sabit saxlamaq məqsədilə şagirdlərin sayı azaldığı halda Məktəb şagird kontingentinin sayını başqa uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindən, mərkəzlərindən köçürülmə yolu ilə gələn, ödənişli təhsildən ödənişsiz təhsilə keçirilən, Məktəbdən şagird axını hesabına birinci, ikinci və daha yuxarı siniflərə qəbul olan şagirdlərin, həmçinin əlavə qəbul planı və müvafiq Əsasnamə üzrə Məktəbdə fəaliyyət göstərməyən ixtisas siniflərinin açılması hesabına formalaşdıra bilər.

 

IV. TƏDRİS İŞİNİN TƏŞKİLİ

 

4.1. Məktəbdə tədris dili dövlət dili – Azərbaycan dilidir. Məktəbin imkanları nəzərə alınmaqla xarici dillərdə də tədris aparıla bilər.

    4.2. Ödənişli təhsil üzrə Məktəbə qəbul olan uşaq, yeniyetmə və gənclərin valideynləri ilə, əmək fəaliyyəti ilə məşğul olan gənclərin isə özləri ilə mövcud Əsasnamənin 3.3-cü bəndində ixtisaslar üçün müəyyən olunmuş müddətlər üzrə tam təhsil müddətinə müqavilə bağlanır.

Ödənişli təhsil üzrə təhsil haqqının məbləği İdarə tərəfindən müəyyən edilir. Zərurət yaranarsa və ya Məktəb rəhbərliyinin mülahizəsinə görə təhsil haqqını Məktəb direktoru daxili əmrlə artıra, Məktəbin maddi imkanları yol verdiyi halda azalda və ya şagirdi təhsil haqqından azad edə bilər.

Ödənişli təhsil üzrə təhsil haqqı hər tədris ilinin 10 ayı üçün müəyyən olunmuş qaydada ödənilir. Sentyabr, oktyabr, noyabr aylarının 15-dək Məktəbə qəbul olan uşaq, yeniyetmə və gənclər həmin ayın təhsil haqqını tam ödəyir. Ayın 15-dən sonra qəbul olanlar isə həmin ay üçün təhsil haqqının 50%-ni ödəyir. Tədris ili başlandıqdan sonra Məktəbə ödənişli təhsil üzrə qəbul olan uşaq, yeniyetmə və gənclər təhsil haqqını qəbul olunduğu aydan etibarən tədris ilinin sonunadək müvafiq aylar üzrə müəyyən olunmuş qaydada ödəyir.

Təhsil haqqı hər ayın 5-dək ödənilməlidir. Məktəbin direktorunun razılığı ilə bu müddət uzadıla bilər. Müəyyən olunmuş müddətədək ödəniş edilməzsə şagird direktorun əmri ilə Məktəbdən xaric edilə bilər. Hər yeni tədris ili üçün təhsil haqqı birinci və sonuncu aylar üçün ödənilir. Təhsil haqqı üçün ödənilmiş vəsait geri qaytarılmır. Şagird bu və ya digər ay üzrə ödəniş etmədən Məktəbdən xaric olunduğu halda sonuncu ay üçün ödənilmiş təhsil haqqı ödəniş edilməyən ay üçün hesablanılır. Ödənişli təhsil üzrə hər hansı ixtisas üçün müəyyən edilmiş təhsil haqqı təhsil xərclərini ödəməzsə, ödənişli təhsil üzrə daxil olan ümumi vəsaitin kifayət etdiyi halda bu xərclər direktorun razılığı ilə ödənişli təhsil üzrə daxil olan ümumi vəsait hesabına ödənilə bilər.

Məktəb direktoru ödənişli təhsil üzrə qanunvericiliyə uyğun olaraq Məktəbin filialını aça bilər. Filialın pedaqoji və digər işçiləri direktor tərəfindən Məktəbin əməkdaşlarından və ya əlavə işçilərin işə qəbul edilməsi ilə komplektləşdirilir.

4.3. Məktəbdə şagirdlərin qeydiyyatı sentyabrın 1-dən 10-dək aparılır. Üzrlü səbəb olmadan göstərilən müddətdə qeydiyyatdan keçməyən şagirdlər pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə Məktəbdən xaric edilirlər. Qeydiyyatdan keçdikdən sonra üzrlü səbəb olmadan hər hansı bir fənn üzrə sentyabr ayı ərzində dərslərdə iştirak etməyən şagirdlər növbəti ay direktorun əmri ilə Məktəbdən xaric edilirlər.

4.4. Məktəbin rəhbərliyi hər yeni tədris ili üçün müəllimlərin tarifləşmə cədvəlini sentyabr ayının 25-dək İdarə rəhbərliyinin təsdiqinə verməlidir. Təsdiq olunmuş tarifləşmə cədvəlinin bir nüsxəsi cari tədris ilinin oktyabr ayının 1-dək İdarə tərəfindən Nazirliyə və məktəblərə göndərilir.

Tarifləşmə cədvəli hər tədris ili üçün bir dəfə olmaqla tədris ilinin əvvəlində tərtib edilir. Əmək haqqı artımı və bu kimi digər zəruri hallar olduqda tarifləşmə cədvəli tədris ili ərzində yenidən tərtib edilə bilər. Təqvim ilinin dəyişməsi ilə əlaqədar yeni tarifləşmə cədvəlinin tərtibinə yol verilmir. Müvafiq tədris ili üçün tarifləşmə cədvəli təsdiq edildikdən sonra müəllimlərin dərs saatlarında olan dəyişikliklər direktorun əmri ilə tənzimlənir.

4.5. Məktəbdə dərslər sentyabr ayının 15-də başlanır, iyun ayının 14-də başa çatır. Ödənişli təhsil üzrə dərslər iyun ayının 20-də başa çatır. Tədris ili ümumtəhsil məktəblərində olduğu kimi iki yarımilə ayrılır.

Payız və qış tətilləri ümumtəhsil məktəblərində müəyyən edilmiş müddətdə verilir. Tədris ili müddətində və tətil günlərində dəyişiklik edildiyi halda yeni müəyyənləşdirilmiş müddətlər tətbiq edilir.

4.6. Məktəbdə dərslər sentyabrın 15-dən oktyabr ayının 31-dək müvəqqəti dərs cədvəli üzrə aparıla bilər. Şagirdlərin dərs cədvəlləri onların ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə təqdim etdiyi arayış əsasında tərtib edilir. Ümumməktəb dərs cədvəli ixtisas, fərdi və qrup dərsləri üzrə fənn müəllimlərinin iş vaxtının başlanması, yaranmış fasilələr və iş vaxtının bitməsi göstərilməklə tərtib olunur. Oktyabrın 31-dən gec olmayaraq dəqiqləşdirilmiş vahid dərs cədvəli direktor tərəfindən təsdiq edilir. Bu və ya digər səbəbdən il ərzində müəllimin dərs cədvəlində dəyişiklik edilə bilər. Müəllimlərin işə davamiyyəti fənlər üzrə dərsə davamiyyət jurnalı əsasında tənzimlənir. 

Müstəsna hallarda dərslər Məktəb direktorunun əsaslandırılmış əmri ilə evlərdə, Məktəbə yaxın ərazilərdə bu məqsəd üçün ayrılmış binalarda keçirilə bilər.

4.7. Məktəbdə tədris Nazirlik tərəfindən təsdiq olunmuş tədris planları və proqramları əsasında aparılır. Tədris planlarında əlavə və dəyişikliklər yalnız Nazirlik tərəfindən edilir. Tədris proqramlarında əlavə və dəyişikliklər Nazirliyin razılığı ilə edilir.

4.8. Məktəbdə təlim-tərbiyə işinin əsas forması dərsdir. Dərs vaxtı 45 dəqiqə (akademik saat) təşkil edir.

4.9. Məktəbdə dərslər tədris planlarına uyğun olaraq həftənin müəyyən olunmuş günlərində keçirilir.

4.10. Məktəbdə tədris materiallarının şagirdlər tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə tədris plan və proqramlarına əsasən iş aşağıdakı formalarda qurulur:

a) şagirdlərin fərdi və qrup məşğələləri;

b) şagirdlərin sərbəst ev işləri;

c) şagirdlərin bağlı akademik konsertlərdə, dinləmə, baxış, imtahanlarda və yoxlama-sorğularda iştirakı;

ç) şagirdlərin əl işlərinə və rəsm əsərlərinə baxış və onların sər­gi­lər­də nümayişi (rəssamlıq şöbəsi).

4.11. Məktəbə başqa məktəbdən köçürmə yolu ilə yeni qəbul olunmuş və ya bir müəllimin sinfindən digər müəllimin sinfinə keçirilmiş şagirdlər həmin yarımildə ixtisas fənni üzrə bağlı akademik konsertdə çıxışdan azad edilə bilərlər.

4.12. Şagirdlərin biliyi beş ballı sistem üzrə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi), 2 (pis), 1 (çox pis). Şagirdlərin davranışı isə “nümunəvi”, “kafi” və “qeyri-kafi” qiymətləndirilir.

Şagirdlərin biliyinin qiymətləndirmə mexanizmində dəyişiklik edildiyi halda yeni müəyyənləşdirilmiş qiymətləndirmə mexanizmi tətbiq edilir.        

4.13. Şagirdin müvəffəqiyyətinin müntəzəm uçotunu aparmaq üçün onun biliyi il boyu bütün fənlər üzrə fənn müəllimləri tərəfindən qiymətləndirilir.

a) yarımillik qiymət, yarımil ərzindəki qiymətlərə əsasən hər yarım­ilin sonunda fənn müəllimi tərəfindən yazılır;

b) illik qiymət tədris ilinin sonunda yarımillik qiymətlərə əsasən fənn müəl­limi tərəfindən yazılır;

c) imtahan qiyməti, imtahanın nəticəsinə əsasən imtahan komis­si­yası tərəfindən yazılır;

ç) yekun qiymət illik və imtahan (bağlı akademik konsert, dinləmə, baxış, yox­lama-sorğu) qiymətlərinə əsasən məktəbin rəhbərliyi tərə­findən yazılır.

Yarımillik, illik və yekun qiymətlər çıxarılarkən rəqəmlər qeyri-müəyyən alınarsa, bu halda qiymətlər sonuncu (4.13-cü bəndin “a” hissəsi üzrə sonuncu qiymət müvafiq tədris ilinin yarım illəri ərzində şagirdə yazılan yarım illərin sonuncu qiyməti, “b” hissəsi üzrə sonuncu qiymət ll yarım ilin qiyməti, “ç” hissəsi üzrə sonuncu qiymət imtahanın, bağlı akademik konsertin, dinləmənin, baxışın və yoxlama-sorğunun qiymətləri hesab olunur) qiymətə uyğun yuvarlaqlaşdırılır. Solfecio fənni üzrə test imtahanında nəzəri və praktiki sualların nəticələrinə əsasən yekun qiymət nəzəri sualların cavabına verilmiş qiymətə uyğun yuvarlaqlaşdırılır.

4.14. Tədris planında l və ll yarım ilin sonunda imtahan nəzərdə tutulmayan siniflərdə bütün ixtisas fənləri üzrə bağlı akademik konsert, ümumi musiqi alətləri, ümumi vokal, estrada oxuma və xanəndəlik fənləri üzrə dinləmə (ümumi ixtisas fənnindən başqa), rəssamlıq, xoreoqrafiya, nəzəriyyə şöbələri və digər qrup dərsləri üzrə l və ll yarım ilin sonuncu dərs günü yoxlama-sorğu, baxış və dinləmə keçirilir.

Sinifdən-sinfə keçid və buraxılış imtahanları tədris plan və proqramlarına uyğun keçirilir. Solfecio və musiqi ədəbiyyatları fənləri üzrə buraxılış imtahanları test yolu ilə “Yaddaş Kitabçası”nda müəyyən edilmiş qaydalara uyğun olaraq keçirilir. Həmin imtahanlar direktorun, direktor olmadıqda tədris işləri üzrə direktor müavininin rəhbərliyi ilə aparılır və test imtahan sualları Məktəb direktorunun əmri ilə yaradılan komissiya tərəfindən tərtib edilir. Komissiyanın sədri direktor və ya tədris işləri üzrə direktor müavini ola bilər.

4.15. Texniki dinləmə noyabr və mart aylarında keçirilir.

İxtisas (musiqi şöbələri üzrə) və ümumi musiqi alətləri və ümumi xanəndəlik fənləri üzrə (ümumi ixtisas fənnindən başqa) bağlı akademik konsert, dinləmə, sinifdən-sinfə keçid və buraxılış imtahanları may ayının 25-dən, xoreoqrafiya, rəssamlıq şöbələri və nəzəri fənlər üzrə sinifdən-sinfə keçid və buraxılış imtahanları iyun ayının 14-dən 20-dək keçirilir. Ödənişli təhsil üzrə bağlı akademik konsert, dinləmə, sinifdən-sinfə keçid və buraxılış imtahanları ödənişsiz təhsildəki qaydalara uyğun iyun ayının 21-dən 29-dək keçirilir. Şagird kontingentinin sayı 150-dən yuxarı olan məktəblərdə bağlı akademik konsert, dinləmə, sinifdən-sinfə keçid və buraxılış imtahanları məktəb direktorunun razılığı ilə vaxtından bir neçə gün əvvəl keçirilə bilər.

4.16. Yekun qiymətləri müvəffəq olan şagirdlər növbəti yuxarı siniflərə keçirilirlər. 4 və daha çox fəndən illik qiymətləri qeyri-kafi olan şagirdlər məktəbdən xaric olunurlar. 1-3 fəndən illik qiyməti qeyri-kafi olan şagirdlər isə payız imtahanına saxlanılırlar. Hər hansı bir fəndən illik qiyməti qeyri-kafi olan buraxılış sinfinin şagirdləri imtahanlara buraxılmır və onlara təhsil almaları barədə arayış verilir.

4.17. l yarım ilin yekunu ilə əlaqədar bağlı akademik konsert və dinləmə tədris proqramının yerinə yetirilməsinə nəzarət  məqsədilə keçirilir.

 Texniki dinləmədə, həmçinin l yarım ilin yekunu ilə əlaqədar keçirilən bağlı akademik konsert və dinləmədə bu və ya digər səbəbdən iştirak etməyən şagirdlərə təkrar vaxt təyin edilir. Təyin olunmuş vaxtda üzürlü səbəb olmadan texniki dinləmədə, bağlı akademik konsert və dinləmədə iştirak etməyən şagirdlərə direktorun əmri ilə bu Əsasnamənin 5.5-ci bəndinin müvafiq hissələri ilə intizam tənbehləri tətbiq edilə bilər.

4.18. Tədris ilinin sonunda üzrlü səbəb olmadan bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarında iştirak etməyən şagirdlər Məktəbdən xaric olunurlar. Xəstəliyə və digər üzrlü səbəblərə görə bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid və buraxılış imtahanlarında iştirak etməyən və ya qeyri-kafi qiymət alan şagirdlərə iyun ayının    25-dək təkrar vaxt təyin edilir.

4.19. Xəstəliyə və digər üzrlü səbəblərə görə iyun ayının 25-dək təyin olunmuş təkrar bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarında üzrlü səbəb olmadan iştirak etməyən şagirdlər Məktəbdən xaric olunur və qeyri-kafi qiymət alan şagirdlər isə payız bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarına saxlanılırlar.

4.20. Xəstəliyə və digər üzrlü səbəblərə görə iyun ayının 25-dək təyin olunmuş təkrar bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarında da həmin səbəblərə görə iştirak etməyən şagirdlərin illik qiymətləri müvəffəq olarsa, bu halda şagirdlər illik qiymət üzrə qiymətləndirilir və onlar pedaqoji şuranın qərarına əsasən Məktəb direktorunun əmri ilə yuxarı sinfə keçirilirlər.

4.21. Qeyri-kafi qiymət aldığına görə iyun ayının 25-dək təyin olunmuş təkrar bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarında xəstəliyə və digər üzrlü səbəblərə görə iştirak etməyən və ya bir daha qeyri-kafi qiymət alan şagirdlər payız bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarına saxlanılırlar.

4.22. Payız bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanlarının birindən qeyri-kafi qiymət alan şagirdlər məktəbdən xaric olunur.

4.23. Buraxılış sinfinin şagirdləri xəstəliyə və digər üzrlü səbəblərə görə iyun ayının 25-dək təyin olunmuş təkrar buraxılış imtahanlarında, dinləmə və yoxlama-sorğusunda bir daha həmin səbəblərə görə iştirak etmədiyi halda şagirdlərin illik qiymətləri müvəffəq olarsa, onlar illik qiymət üzrə qiymətləndirilir və imtahan komissiyasının qərarına əsasən direktorun əmri ilə onlara Məktəbi bitirmələri haqqında şəhadətnamə verilir. 

4.24. Üzrlü səbəb olmadan buraxılış imtahanlarında, dinləmə və yoxlama-sorğusunda iştirak etməyən şagirdlərə pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə onlara Məktəbdə təhsil aldıqları barədə arayış verilir.     

4.25. Qeyri-kafi qiymət aldığına görə iyun ayının 25-dək təyin olunmuş təkrar buraxılış imtahanlarında, dinləmə və yoxlama-sorğusunda qeyri-kafi qiymət alan, xəstəliyə və üzrlü səbəblərə görə iştirak etməyən şagirdlərə Məktəbdə təhsil aldıqları barədə arayış verilir.

4.26. Şagirdlər hər hansı bir halda təkrar sinifdə saxlanılmır.    

4.27. Sinifdən-sinfə şərti keçirilmə qəti qadağandır.

4.28. Payız bağlı akademik konsert, dinləmə, baxış, yoxlama-sorğu, sinifdən-sinfə keçid imtahanları sentyabr ayının 1-dən 10-dək keçirilməlidir.

4.29. Buraxılış sinfinin şagirdləri payız imtahanlarına, dinləməsinə, yoxlama-sorğusuna və təkrar sinifdə saxlanılmır.

4.30. Buraxılış imtahanlarından, dinləmə və yoxlama-sorğusundan müvəffəq qiymət alan şagirdlər Məktəbi bitirmiş hesab olunur və onlara direktorun əmri ilə Məktəbi bitirmək haqqında Nazirlik tərəfindən nümunəsi təsdiq edilmiş vahid forma üzrə şəhadətnamə verilir.   

  Buraxılış imtahanlarında əla qiymətlər almış, digər fənlərdən illik qiymətləri əla olan və Məktəbin ictimai həyatında fəal iştirakı ilə fərqlənən şagirdlərə direktorun əmri ilə fərqlənmə ilə şəhadətnamə verilir. Məktəblərə şəhadətnamələr Nazirlik tərəfindən verilir.

4.31..Ödənişli təhsil üzrə kurs bitirənlərə direktorun əmri ilə Məktəb tərəfindən müvafiq sertifikat verilir.

4.32. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, pedaqoji şuranın qərarına əsasən direktorun əmrilə  təsdiq edilir.  Məktəbi bitirən şagirdlərin siyahısı pedaqoji şuraya təqdim olunur.

4.33. Nazirliyin razılığına əsasən tədris ilinin sonunda bütün fənlərdən illik qiymətləri əla olan, həmçinin beynəlxalq və ya respublika müsabiqələrində fərqlənən şagirdlər onlardan növbəti sinfin tədris planı, dərs plan və proqramı üzrə imtahan, bağlı akademik konsert, dinləmə, baxış və yoxlama-sorğunun götürülməsi yolu ilə pedaqoji şuranın qərarına əsasən direktorun əmri ilə eksternat qaydasında bir sinif yuxarı keçirilə bilər.

4.34. Üzrlü səbəb olmadan bir ay ərzində hər hansı bir fənn üzrə dərslərdə iştirak etməyən şagirdlər direktorun əmri ilə Məktəbdən xaric edilə bilər və ya direktorun mülahizəsinə görə  Məktəbdən xaric olunma bu Əsasnamənin 5.5-ci bəndinin  “b”  hissəsi ilə  əvəz oluna bilər. Bu hal bir daha təkrar olunarsa, şagird direktorun əmri ilə Məktəbdən xaric edilir.

Üzrlü səbəb olmadan bir ay ərzində bu və ya digər fənn üzrə dərslərin 50%-də iştirak etməyən şagirdlərə direktorun əmri ilə bu Əsasnamənin 5.5-ci bəndinin “a” və “b” hissələrindən biri tətbiq edilə bilər. Bu hal davam edərsə  şagird direktorun əmri ilə məktəbdən xaric edilir.

4.35. Ödənişli təhsil üzrə təhsilini davam etdirmək arzusunda olan buraxılış sinfinin şagirdləri direktorun əmri ilə 5-ci (4 illik təhsil), 6-cı (5 illik təhsil) və 8-ci (7 illik təhsil) siniflərə keçirilə bilərlər. Bu şagirdlərə Məktəbi bitirməsi barədə şəhadətnamə müvafiq olaraq 5, 6, 8-ci siniflər üzrə keçirilən buraxılış imtahanlarından sonra verilir. Təhsilini davam etdirmək arzusunda olan ödənişsiz təhsil üzrə buraxılış sinfinin şagirdləri məhdudiyyət qoyulmadan valideynlərin razılığına əsasən direktorun əmri ilə ödənişli təhsilin 5-ci (4 illik təhsil), 6-cı (5 illik təhsil) və 8-ci (7 illik təhsil) siniflərinə keçirilə bilərlər.

4.36. Şagirdlər bir ixtisasdan digər ixtisasa, bir təhsil sistemindən digər təhsil sisteminə (7/5; 5/7) müvafiq qaydalar üzrə direktorun əmri ilə keçirilə bilərlər. İkinci ixtisas təhsili almaq arzusunda olan şagirdlər ödənişli təhsilə qəbul ola bilərlər. Bu halda təhsilalanın və ya valideyninin razılığı ilə şagird ixtisasların biri üzrə  təhsil aldığı paralel və ya aşağı siniflərdə tədris planına uyğun keçirilən eyni fənlərin tədrisindən azad edilə bilər. Şəhadətnaməyə şagirdin azad edildiyi fənlər üzrə qiymət həmin fənlərdən digər ixtisas üzrə müvafiq siniflərdə aldığı sonuncu yekun qiymətlər əsasında yazılır.

4.37. Tədris ilinin sonunda bağlı akademik konsert, dinləmə, sinifdən-sinfə keçid və buraxılış imtahanlarının keçirilməsi üçün direktorun əmri ilə komissiya yaradılır. Komissiya üzvlərinin sayı direktor tərəfindən müəyyənləşdirilir.

4.38. Məktəblərdə Valideyn-Müəllim Assosiasiyası (VMA) yaradıla bilər. Valideyn-Müəllim Assosiasiyası Nazirlik tərəfindən təsdiq olunan Əsasnamə üzrə fəaliyyət göstərir.

 

V. ŞAGİRDLƏR

 

 5.1. Şagird davranışına və mədəniyyətinə görə Məktəb daxilində və kənarda başqalarına nümunə olmalı, sadə və səliqəli geyinməli, Məktəbin ictimai həyatında fəal iştirak etməlidir.

5.2. Şagirdin aşağıdakı hüquqları vardır:

-  təlim-tərbiyə prosesində, habelə Məktəbin ictimai həyatında iştirak etmək;

-  tədris proqramları həcmində seçdiyi ixtisasın əsasları haqqında hərtərəfli biliklər əldə etmək;

-  Məktəbin sinif otaqlarından, musiqi alətlərindən, emalatxanasından, fonoteka və   videotekasından, kitabxana və digər xidmət sahələrindən istifadə etmək;

-  təhlükəsiz və zərərsiz təlim şəraiti ilə təmin olunmaq;

-  hüquqa zidd və insan ləyaqətini alçaldan hərəkətlərdən müdafiə olunmaq;

-  arzusu və direktorun razılığı ilə imkan olduğu halda istədiyi müəllimin sinfində təhsil almaq.

5.3. Şagirdin aşağıdakı vəzifələri vardır:

-  biliyini daima artırmaq, dərinləşdirmək, ümumi mədəni səviyyəsini yüksəltmək;

-  ixtisası üzrə sənətin incəliklərinə səylə yiyələnmək;                       

-  tədris plan və proqramlarında nəzərdə tutulmuş bütün tapşırıqları vaxtında yerinə yetirmək;              

-  bütün dərslərdə və məşğələlərdə müntəzəm iştirak etmək;            

-  Məktəbin daxili nizam-intizam qaydalarına riayət etmək, əxlaq və etika normalarına əməl etmək;  

-  hər tədris ilinin əvvəlində ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə arayış təqdim etmək.

-  Məktəb əmlakını qorumaq, özünün və yoldaşlarının əşyalarına qarşı diqqətli olmaq;

5.4. Şagirdin seçdiyi ixtisas üzrə musiqi aləti, zəruri tədris vəsaitləri olmalıdır.

5.5. Məktəbin daxili nizam-intizam qaydalarına riayət etməyən, tədbirləri bu və ya digər səbəbdən pozan şagirdlərə qarşı direktorun əmri ilə aşağıdakı intizam tənbehləri tətbiq edilir:

a) xəbərdarlıq;

b) sonuncu xəbərdarlıq;

c) Məktəbdən xaric etmək.

Qeyd:

- görülən tədbirlər haqqında Məktəbin rəhbərliyi tərəfindən dərhal şagirdin valideyninə məlumat verilməlidir.

 

VI. MÜƏLLİMLƏR

 

6.1. Məktəbdə ali və orta ixtisas təhsilli, yüksək mənəvi keyfiyyətlərə malik, sağlamlığına görə pedaqoji işə yararlı mütəxəssislər pedaqoji iş apara bilərlər. Müəllim yalnız diplomunda göstərilən ixtisas üzrə dərs deməlidir. Müstəsna hallarda Nazirliyin razılığı ilə müəllimlərin ixtisasına yaxın alətlər və fənlər üzrə dərs aparmalarına icazə verilir. Bu halda müəllimin ixtisas dərəcəsi diplom üzrə ixtisasından asılı olmayaraq təhsilinə və əmək stajına uyğun olaraq təyin edilir.

6.2. Müəllimin aşağıdakı hüquqları vardır:

-  Məktəbin fəaliyyətini əhatə edən bütün məsələlərin həllində iştirak etmək;

-  ixtisasını artırmaq;

-  Məktəbin sinif otaqlarından, musiqi alətlərindən, zalından, emalatxanasından, fonoteka və videotekasından, kitabxana və digər xidmət sahələrindən istifadə etmək;

-  pedaqoji şuranın iclaslarında, şöbə yığıncaqlarında, konfranslarda iştirak və çıxış etmək, təkliflər irəli sürmək;

-  dərsliklərin hazırlanmasında, onların müzakirəsində iştirak etmək və çapa hazırlanması barədə pedaqoji şuraya rəy və təkliflər vermək;

-  ictimai özünüidarə orqanlarına seçmək və seçilmək;

-  müasir dərsə olan tələblər baxımından yeni, o cümlədən fəal təlim metodlarından istifadə etmək;

-  qanunvericilik yolu ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək.

6.3. Müəllimin aşağıdakı vəzifələri vardır:

-  tədris planının yerinə yetirilməsini, şagirdlərin dərs proqramlarının tələbləri səviyyəsində bilik almalarını təmin etmək;

-  əməyi və şəxsi nümunəsi ilə şagirdlərə milli və ümumbəşəri sərvətlərə, mənəvi dəyərlərə hörmət və məhəbbət aşılamaq;

-  əmək intizamına əməl etmək, müdiriyyətin əmr, sərəncam və tapşırıqlarının dəqiq və vaxtında yerinə yetirmək;

-  Məktəbin bütün fəaliyyətini əhatə edən işlərdə (şöbə və pedaqoji şuranın iclaslarında, akademik konsertlərdə, dinləmə, baxış, yoxlama-sorğu və imtahanlarda, açıq dərslərdə, metodik məruzələrdə, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə və ictimai işlərdə) fəal iştirak etmək;

-  şagirdlərin akademik konsertlərdə, dinləmələrdə, sinifdən-sinfə keçid və buraxılış imtahanlarında, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə iştirakını təmin etmək (öz iştirakı ilə);

-  şagirdlərin bilik səviyyəsinin artırılması və onların gənc musiqiçi, rəssam və rəqqas kimi yetişməsinə məsuliyyət daşımaq;

-  bacarıqlı şagirdləri şəhər, respublika, beynəlxalq miqyaslı müsabiqələrə, festivallara və sərgilərə hazırlamaq, onların istedadlarını aşkar edərək inkişaf etdirmək;

-  şagirdin dərslərdə müntəzəm iştirakının və dərslərə hazırlıqlı gəlməsinin təmin olunması məqsədi ilə valideynlə müntəzəm əlaqə saxlamaq;

-  şagirdlərin bilik və bacarığının obyektiv qiymətləndirilməsinə məsuliyyət daşımaq;

-  müntəzəm olaraq öz üzərində işləmək, peşə-ixtisas səviyyəsini, pedaqoji ustalığını yüksəltmək;

-  dərsə hazır olmaq, sinif jurnalını, gündəlik dərs planını, şagirdlərin fərdi vərəqələrində dərs proqramını səliqəli, aydın, ətraflı yazmaq;

-  dərs ilinin yekunlarına görə sinif konserti və sərgisi təşkil etmək;

-  şagirdlərin ümumtəhsil məktəbindəki (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsindəki) dərs cədvəlləri barədə arayışların hər tədris ilinin oktyabr ayının        1-dək rəhbərliyə təqdim olunmasını təmin etmək (ixtisas müəllimləri);

-  qanunvericiliyə əsasən digər əmək funksiyalarını həyata keçirmək.

6.4. Konsertmeyster saatı üzrə dərs yükü aparan müəllimlərin aşağıdakı vəzifələri vardır:

-  proqrama əsasən repertuarda olan musiqi əsərlərini yüksək səviyyədə ifa etmək;

-  ayrı-ayrı alətlərin, ixtisas və fənlərin səciyyəvi xüsusiyyətlərini bilmək;

-  şagirdlə məşğul olmaq üçün müəyyən metodiki biliyə malik olmaq;

-  ixtisas müəllimi xəstəliyinə və ya başqa səbəbə görə dərsdə iştirak etmədikdə şagirdlə məşğul olmaq.

6.5. Müəllimlər qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər.

6.6. Müəllim tədris və metodiki sənədlərin düzgün və səliqəli doldurulmasına, tədris planının, dərs plan və proqramının tam yerinə yetirilməsinə cavabdehdir. Şagirdlərin dərsə davamiyyətinə və dərsi mənimsəmələrinə məsuliyyət daşıyır.

6.7. Müəllimlər üçün 6 günlük iş həftəsi və iş gününün maksimum müddəti 6 saat (astronomik) müəyyən edilmişdir. Bu vaxt ərzində Məktəb rəhbərliyi müəllimləri onların razılığı ilə bu və ya digər səbəbdən işə çıxmayan müəllimlərin yerinə əvəzçilik üzrə işə cəlb edə bilər.

6.8. Məktəbin ödənişsiz və ya ödənişli təhsil üzrə şöbələrində əsas iş yeri kimi işləyən müəllimlər əvəzçilik qaydasında müqavilə yolu ilə öz iş yerlərində müvafiq olaraq ödənişli və ya ödənişsiz şöbədə dərs yükü apara bilərlər. Bu halda müəllimin əvəzçilik üzrə iş vaxtının müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tənzimlənir. Əsas iş yerində ödənişli və ya ödənişsiz şöbədə əvəzçilik üzrə işləyən işçilərdən digər sənədlər tələb olunmur.

6.9. Müəllimin iş gününün başlanması və bitməsi Məktəb rəhbərliyi tərəfindən şagirdlərin təhsil aldıqları təhsil müəssisələrindəki dərs cədvəlləri, müəllimlərin dərs yükü, sinif otaqlarının sayı nəzərə alınmaqla təyin edilir və müəllimə həftədə bir gün istirahət verilməklə dərs yükündən asılı olmayaraq onun dərs cədvəli həftənin müəyyən günləri olmaqla, həftənin altı gününə salına bilər. Məktəb direktoru müvafiq Əsasnamənin 6.3, 6.4, 6.6-cı bəndinə uyğun müəllimin iş fəaliyyətini nəzərə alaraq ona 1 stavkadan artıq dərs saatları ayıra bilər.

6.10. Müəllim direktorun və ya tədris işləri üzrə direktor müavininin icazəsi olmadan öz iş gününü, və şagirdlərin dərs cədvəllərini dəyişdirə bilməz.

6.11. İxtisas müəllimi şagirdlərin digər fənlər üzrə dərsə davamiyyətinə ciddi nəzarət etməli, hər yarımildə bir dəfə valideyn iclası keçirməlidir. Zərurət yaranarsa əlavə valideyn iclasları da keçirilə bilər.

6.12. Müəllimin dərs vaxtı valideynləri qəbul etməsi qadağandır.

6.13. Müəllim sinif otağının həmişə təmiz və səliqəli saxlanılmasına, otaqdakı avadanlığın, musiqi alətlərinin və digər inventarların qorunmasına nəzarət edir və maddi məsuliyyət daşıyır. Məktəbin təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

 

VII. MƏKTƏBİN İDARƏ OLUNMASI

 

7.1. Məktəbin direktoru Nazirliyin razılığı əsasında  İdarənin rəisi tərəfindən işə təyin və azad edilir. Direktorun ali ixtisas təhsili və 3 ildən az olmayaraq pedaqoji iş stajı olmalıdır. Müstəsna hallarda kənd yerlərində orta ixtisas təhsilli mütəxəssislər direktor vəzifəsinə təyin edilə bilərlər.

7.2.  Direktor aşağıdakı vəzifələri icra edir:                                

-  Məktəbin bütün fəaliyyətinə rəhbərlik edir və şəxsən məsuliyyət daşıyır;

-  tabe olduğu rəhbər orqanların qərar və göstərişlərini yerinə yetirir;

-  bütün dövlət qurumlarında, məhkəmə orqanlarında Məktəbi təmsil edir;

-  bu Əsasnamənin 2-ci bölməsinin 2.3-cü bəndinə uyğun şöbə və ixtisas sinfi açır;

-  ödənişli təhsil üzrə hər hansı bir şöbə və ixtisas sinfi açır;

-  tədris işləri üzrə direktor müavininin, təsərrüfat müdirinin, şöbə müdirlərinin və digər struktur bölmə rəhbərlərinin fəaliyyətini əlaqələndirir, onların arasında iş bölgüsünü təşkil edir və perspektiv planların tərtib olunmasına və icrasına nəzarət edir; (Qeyd: inzibati-texniki işçilərin işə davamiyyəti müvafiq cədvəl üzrə tənzimlənir);

-  Məktəbi ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirir;

-  tədris planları, dərs plan və proqramlarının tam yerinə yetirilməsinə nəzarət edir;

-  təlim-tərbiyə işinin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət edir;

-  illik xərclər smetasının tərtibinə dair təkliflər verir, onun səmərəli istifadə olunmasına, maliyyə intizamına, mədaxil və məxaric fəaliyyətinə nəzarət edir;

-  müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə komissiyasının qərarı əsasında işə qəbul edir;

-   müəllimləri qanuna müvafiq qaydada işdən azad edir. Şöbə müdirlərini vəzifəyə təyin və azad edir. İnzibati-yardımçı və xidmətedici heyəti, eyni zamanda müəllimləri, mühasibi, inzibati-yardımçı və xidmətedici heyəti  işə qəbul və azad edir;

-  müəllimlər arasında dərs yüklərinin bölgüsünü aparır və müəllimin ixtisasına uyğun dərs yükü bölgüsünü aparmaqda sərbəstdir. Tarifləşmə cədvəlini hazırlayır (tarifləşmə cədvəli üzrə  əmək haqlarının hesablanması mühasibatlıq tərəfindən aparılır);

-  müəllimlərin dərslərini dinləyir, təhsilin keyfiyyətinə nəzarət edir;

-  pedaqoji şuranın iclaslarına sədrlik edir;

-  Məktəbdaxili intizam qaydalarını, dərs cədvəlini, Məktəbin və şöbələrin iş planlarını təsdiq edir;

-  illik xərclər smetası üzrə Məktəbi avadanlıq, dərsliklər, tədris-metodiki ədəbiyyatla təmin edir;

-  ödənişli təhsil və digər fəaliyyət üzrə banklarda hesablaşma hesabı və digər hesablar açır;

-  pedaqoji fəaliyyətdə və təşkilati işlərdə xüsusi fərqlənən müəllimləri və digər işçiləri mükafatlandırır;                            

-  Məktəbdaxili qaydaları, əmək və icra intizamını pozan işçilər barəsində intizam tənbehi tətbiq edir;

-  Məktəb əmlakının qorunub saxlanılmasına cavabdehdir. İllik xərclər smetası üzrə Məktəb binasının təmir olunmasını, maddi-texniki bazasının möhkəmləndirilməsini təmin edir;

-  Məktəbdə texniki təhlükəsizliyin, yanğından mühafizənin, gigiyena-sanitariya rejiminin təmin edilməsini təşkil edir.   

7.3. Direktorun əmr və sərəncamlarının icrası Məktəbin bütün işçiləri və şagirdləri üçün mütləqdir.

7.4. Direktorun qanunvericiliyə zidd əmrini İdarə ləğv edə bilər.

7.5. Məktəbin şagird və müəllimləri Məktəb direktorunun razılığı ilə Məktəbin adından hər hansı bir tədbirlərdə, efirdə, nəşriyyatda, müxtəlif uşaq və gənclər festivallarında, müsabiqələrdə, bayram tədbirlərində və s. iştirak və çıxış edə bilərlər.

7.6. Direktor və tədris işləri üzrə direktor müavini Məktəbdə iş vaxtı ərzində iş vaxtının müddəti qanunvericiliklə müəyyən edilmiş norma üzrə öz ixtisasına uyğun pedaqoji iş apara bilərlər.

7.7. Tədris işləri üzrə direktor müavini Məktəb direktorunun təqdimatına əsasən İdarə rəisi tərəfindən işə təyin və azad edilir.

7.8. Tədris işləri üzrə direktor müavini azı üç il pedaqoji iş stajına malik olan ali ixtisas təhsilli mütəxəssislərdən təyin edilir. Müstəsna hallarda kadr çatışmazlığını nəzərə alaraq orta ixtisas təhsilli mütəxəssislər də həmin vəzifəyə təyin edilə bilərlər.

7.9. Tədris işləri üzrə direktor müavini aşağıdakı vəzifələri icra edir:

-  tədris planlarının, dərs plan və proqramlarının tam yerinə yetirilməsi işini təşkil edir, tədris prosesinin yüksək səviyyədə qurulmasına, dərsin keyfiyyətinə, təlim-tərbiyə və metodiki işlərin səmərəli aparılmasına, nizam-intizam qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır;

-  dərs cədvəlini tərtib edib direktorun təsdiqinə verir;

-  tədris planlarının, dərs plan və proqramlarının yerinə yetirilməsini daim nəzarətdə saxlayır və hər yarımilin sonunda bu işi yekunlaşdıraraq pedaqoji şuranın müzakirəsinə çıxarır;

-  müəllimlərin dərslərinə mütəmadi olaraq nəzarət edir, onların dərslərini dinləyir və təhlil edir, müəllimlərin açıq dərslərini təşkil edir;

-  müasir dərsə olan tələblərin əməli surətdə tətbiq edilməsində müəllimlərə metodiki kömək göstərir;

-  qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılmasını təşkil edir;

-  bu və ya digər səbəbdən işə çıxmayan müəllimlərin eyni fənni tədris edən digər müəllimlərlə əvəz olunmasını təşkil edir, xüsusi kitabda bu işin uçotunu aparır;

-  sinif jurnallarının səliqəli aparılmasına, qorunub saxlanılmasına nəzarət edir və bu iş üçün məsuliyyət daşıyır;       

-  hər ayın sonunda müəllimlərin həftəlik dərs yükünü jurnallar əsasında hesablayır və aylıq əmək haqqının ödənilməsi üçün həftəlik dərs saatlarının miqdarı cədvəlini mühasibatlığa təqdim edir;

-  şagirdlərin müəllimlər arasında bölgüsünü aparır, dərsə davamiyyətinə nəzarət edir;

-  imtahanların, bağlı akademik konsertlərin, dinləmələrin vaxtını təyin edir;

-  direktor olmayanda qanunvericiliyə uyğun olaraq onu əvəz edir.

7.10. Şöbə müdiri ixtisası üzrə dərin biliyə, pedaqoji iş təcrübəsinə, təşkilatçılıq bacarığına malik olan müəllimlərdən təyin edilir.

7.11. Şöbə müdiri aşağıdakı vəzifələri icra edir:                          

-  hər yarımilin əvvəlində şöbənin iş planını hazırlayıb şöbənin iclasında müzakirə edir və təsdiq üçün pedaqoji şuraya çıxarır; 

-  iş planının yerinə yetirilməsi və əldə olunan nəticələr barədə pedaqoji şuranın iclaslarında hesabat verir;

-  şagirdlərin fərdi vərəqələri üzrə dərs proqramını, müəllimlərin tədris ili üzrə gündəlik dərs planlarını təsdiq edir;

-  müəllimlərin dərslərində mütəmadi olaraq iştirak edir, onlara metodiki yardım göstərir, müəllimlərin işinə nəzarət edir, şöbə müəllimlərinin açıq dərslərini təşkil edir;               

-  şagirdlərin dərsə davamiyyətinə və onların dərsi mənimsəmələrinə, tədris planlarının dərs plan və proqramlarının tam yerinə yetirilməsinə nəzarət edir;

-  akademik konsertləri, dinləmələri, baxış və sərgiləri təşkil edir;

-  müəllimlərin peşəkarlıq səviyyəsini və metodiki ustalıqlarını artırmaq məqsədilə tədbirlər təşkil edir.

7.12. Məktəbdə tədris-metodiki və təlim-tərbiyə işinin, Məktəbin bütövlükdə fəaliyyətinə dair digər məsələlərin müzakirəsinin kollegiallığını təmin etmək məqsədilə pedaqoji şura yaradılır.

7.13. Pedaqoji şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul edir:

-  Məktəbin, şöbələrin iş planlarını, tədris-metodiki və təlim-tərbiyə prosesi ilə bağlı digər sənədləri;

-  Məktəbin təlim-tərbiyə və metodiki işləri barədə direktorun, tədris işləri üzrə direktor müavininin, habelə şöbə müdirlərinin hesabat və məlumatlarını;

-   proqramlarının yerinə yetirilməsi, şagirdlərin bilik səviyyəsi və s. məsələlər barədə şöbə müdirlərinin, müəllimlərin və digər işçilərin məlumat və çıxışlarını;

-  şagirdlərin sinifdən-sinfə keçirilməsi, payız bağlı akademik konsert, dinləmə, baxış, yoxlama sorğu, sinifdən-sinfə keçid imtahanlarına saxlanılması, eksternat qaydası ilə sinifdən-sinfə keçirilməsi, tədris ilinin əvvəlində qeydiyyatdan keçmədiklərinə, həmçinin dörd və daha çox fəndən illik qiymətləri qeyri-kafi olduğuna görə Məktəbdən xaric olunması, qiymətləri müvəffəq olmayan buraxılış sinfinin şagirdlərinə məktəbdə təhsil aldıqları barədə arayışın verilməsi və s.;

-  tədris müəssisəsinin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi;

-  qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması;

-  əmək intizamı ;

-  direktorun mülahizəsinə görə Məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri.

7.14. Pedaqoji şuranın tərkibinə Məktəbin direktoru (sədr), onun müavini, şöbə müdirləri,  müəllim heyəti daxildir.

7.15. Direktor olmadıqda pedaqoji şuraya tədris işləri üzrə direktor müavini sədrlik edir.

7.16. Pedaqoji şura hər tədris ili üçün açıq səsvermə yolu ilə öz tərkibindən şuranın katibini seçir.

7.17. Pedaqoji şuranın iclası hər tədris ili üç dəfədən az olmayaraq çağırılır. Zərurət yaranarsa pedaqoji şuranın növbədənkənar iclasları da çağırıla bilər.

7.18. Pedaqoji şuranın iclası şura üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli hesab olunur.

7.19. Pedaqoji şuranın qərarı sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda şura sədrinin səsi həlledici sayılır.

7.20. Şuranın qərarı direktorun əmri ilə qüvvəyə minir. Məktəbin direktoru pedaqoji şuranın qərarı ilə razılaşmadıqda onun həyata keçirilməsini dayandırır və bu barədə İdarəyə məlumat verir. İdarənin mübahisəli məsələ ilə əlaqədar çıxardığı qərar qətidir.

7.21. Pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş Məktəb direktoru tərəfindən təşkil olunur. Şuranın növbəti iclasında tədris işləri üzrə direktor müavini görülən işlər və əldə olunan nəticələr barədə hesabat verir.

7.22. Məktəbdə həmçinin direktoryanı şura fəaliyyət göstərir. Onun əsas vəzifəsi pedaqoji şuranın iclasları arasında meydana çıxan təxirəsalınmaz məsələlərin həllində, zərurət yaranarsa kollektivlə bağlı ortaya çıxan hər hansı məsələlərin müzakirəsində, direktorun müəyyənləşdirdiyi digər məsələlərin həllində yaxından iştirak etməkdən ibarətdir. Direktoryanı şuranın yığıncağı şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Direktoryanı şuranın yığıncağı direktor və ya üzvlərinin 3 nümayəndəsinin təklifi ilə keçirilə bilər. Direktoryanı şuranın yığıncağında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq protokol tərtib olunur. Direktoryanı şuranın qərarı sadə səs çoxluğu ilə qəbul olunur.  Səslər bərabər olduqda direktorun səsi həll edici sayılır.

7.23. Direktoryanı şuranın tərkibinə direktorla yanaşı tədris işləri üzrə direktor müavini, şöbə müdirləri, qabaqcıl müəllimlər, yerli həmkarlar komitəsinin sədri daxildir. Direktoryanı şuranın tərkibi direktorun əmri ilə təsdiq edilir.

7.24. Tədris prosesinin təşkili müəllim və şagirdlərin davamiyyətinin səviyyəsinin müəyyənləşdirilməsi monitorinq (müşahidə) qaydasında yalnız Nazirlik və İdarə tərəfindən əmrlə həyata keçirilir.    

 

VIII. MƏKTƏBİN VƏSAİTİ VƏ ƏMLAKI

 

 8.1. Məktəbin xərclər smetası İdarə tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunur və bir nüsxəsi məktəbə təqdim edilir.

8.2.  Məktəb dövlət büdcəsindən maliyyələşdirilir.

8.3. Məktəb qanunvericiliyə uyğun hüquqi və fiziki şəxslər, xeyriyyəçilər, sponsorlar, beynəlxalq təşkilatlar tərəfindən könüllü ayrılan vəsait və qrantlardan istifadə edə bilər.

8.4. Məktəb büdcədənkənar vəsaitlərdən mövcud qanunvericiliyə uyğun olaraq istifadə edə bilər.

8.5. Məktəbin vəsaiti məktəbin saxlanılmasına, əmək haqqına, əsaslı və cari təmirə, avadanlıqların, dəftərxana və təsərrüfat mallarının alınmasına və s. sərf edilir.

8.6. Məktəbin mühasibat işlərini İdarənin mərkəzləşdirilmiş mühasibatlığı və ya bu funksiyanı yerinə yetirən digər mühasibatlıq icra edir və mühasibat işlərinin icraçısı qismində fəaliyyət göstərir. İllik xərclər smetasını tərtib edir və bu işə məsuliyyət daşıyır, onun səmərəli istifadə olunmasına, maliyyə intizamına, mədaxil və məxaric fəaliyyətinə, mühasibat sənədlərinin qorunub saxlanılmasına və digər fəaliyyətlərinə cavabdehdir.

8.7. Məktəb, ödənişli təhsil üzrə daxil olan vəsaitdən əmək haqqı, qanunla müəyyən edilmiş sosial və digər ayırmalar və xərclər ödənildikdən sonra əldə olunan gəlirin qanunamüvafiq qaydada təyinatı və tələbatı üzrə xərclənməsi işində sərbəstdir. Məktəb ödənişli təhsil üzrə əlavə gəlirlərin əldə olunması məqsədi ilə il ərzində xərclərin ödənilməsi üçün tələb olunan vəsaitdən əlavə sərbəst qalmış vəsaiti gəlir gətirən bank hesablarında (depozit) saxlaya və əlavə gəlir əldə etmək məqsədi ilə qanunamüvafiq digər fəaliyyət növləri ilə məşğul olmaq üçün bu sahələrə yönəldə bilər. Əldə olunan gəlir ödənişli təhsil üzrə təhsilin inkişafına, maddi-texniki bazanın yüksəldilməsinə və qanunamüvafiq qaydada digər təyinatlar üzrə istifadə oluna bilər. Ödənişli təhsil və digər fəaliyyət sahələri ilə bağlı ortaya çıxan hər hansı bir məsələ qanunamüvafiq qaydada həll olunur.

8.8. Dövlət mülkiyyəti olan Məktəbin tədris və köməkçi binaları, istifadəsində olan avadanlıqlar, həyətyanı sahəsi Məktəbin əmlakı sayılır.

8.9. Məktəbin əmlakını qanunvericiliyə zidd qaydada hüquqi və fiziki şəxslərin istifadəsinə vermək qadağandır.

 

IX. ƏSAS SƏNƏDLƏRİN TƏSNİFATI

                                                                                               

9.1. Məktəbin bütün sənədləşdirmə işləri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”a uyğun olaraq aparılmalıdır.

 Məktəbdə Nazirliyin təsdiq etdiyi vahid formalı normativ sənədlər tətbiq edilir.

9.2. Məktəbdə aşağıdakı əsas sənədlər olmalıdır:

-  əmr kitabı;

-  pedaqoji şuranın protokol kitabı;

-  şöbələrin protokol kitabları;

-  ixtisas və qrup fənləri üçün sinif jurnalları;

-  şagirdlərin fərdi vərəqələri;

-  şagirdlərin şəxsi işləri;

-  ümumməktəb qiymət jurnalı;

-  şəhadətnamələrin verilməsi üçün qeydiyyat kitabı;          

-  müəllimlərin və başqa işçilərin şəxsi işləri;

-  əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu kitabı və ya kompyuter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatı;

-  əmək kitabçaları;

-  əmək kitabçalarının hərəkət qeydiyyatı kitabı;   

-  daxil olan və göndərilən sənədlərin qovluqları və qeydə alınması kitabları;

-  işçilərin tibbi müayinə kartları;

-  məktəbin binasının texniki pasportu (bina məktəbin balansındadırsa);

-  inventarların uçot kitabı;

-  müvafiq il üçün xərclər smetası.

Qeyd olunan sənədlərdən əmr kitabı, pedaqoji şuranın protokol kitabı, şöbələrin protokol kitabları, şəhadətnamələrin verilməsi üçün qeydiyyat kitabı, əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu kitabı, əmək kitabçalarının hərəkət qeydiyyatı kitabı, daxil olan və göndərilən sənədlərin qeydə alınması kitabları, inventarların uçot kitabı səhifələnməli, qaytanlanmalı, son səhifədə qaytanın üzərinə müəssisənin möhürü vurulmalı və imzalanmalıdır.

Ödənişli təhsil üzrə əmr kitabı, şəhadətnamələrin verilməsi üçün qeydiyyat kitabı, əmək kitabçalarının hərəkət qeydiyyatı kitabı, əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu kitabı və ya kompyuter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatı, inventarların uçot kitabı və direktorun mülahizəsinə görə digər sənədlər ayrılıqda aparıla bilər.

 

X. DİGƏR MÜDDƏALAR

                                                       

10.1.  Məktəbdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir.

10.2. Məktəbin yenidən təşkili və ləğv olunması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.