5 iyul 2024 cü il tarixdə Naxçıvan Dövlət Milli Dram Teatrında 141-ci teatr mövsümünün bağlanması ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov teatrın mədəniyyət sahəsindəki mahiyyətindən bəhs edib.
O, bildirib ki, çox qədim və zəngin yaradıcılıq nümunələrinə malik professional Azərbaycan teatr sənəti yarandığı gündən xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, təbliği, estetik zövqünün formalaşması, maarifləndirmənin sürətləndirilməsi kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlmiş, mütərəqqi ideyaların carçısı olmuşdur. Bildiyimiz kimi, bu il Azərbayacan teatrının 151, Naxçıvan teatrının 141 illiyi olması ilə əlamətdardır.
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə peşəkar teatrın inkişafına göstərdiyi diqqət və qayğıdan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrlar da uğurla bəhrələnmişdir. Ölkə başçısı Azərbaycan teatrının inkişafında özünəməxsus yerini, xalqımızın mədəni və ictimai həyatında mühüm rolunu nəzərə alaraq imzaladığı “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” tarixi Sərəncam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilməsi haqqında qərarı göstərilən diqqətin bariz sübutudur deyə qeyd edib.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara nümayiş olunub.
“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvələrindən regionda,eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir. Ermənilər və onun havadarları Naxçıvanı Ermənistana güzəştə getməyə çalışır. Lakin Nəriman Nərimanov, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov kimi milli ziyalılar onların məkrli planlarını puç edir. Səhnə əsərində “Moskva” və “Qars” müqavilələrinin tarixi mahiyyəti, naxçıvanlıların muxtariyyətin qazanılması üçün apardıqları mübarizə,eyni zamanda Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qardaş Türkiyənin göstərdiyi mənəvi dəstək tarixi faktların işığında təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşcu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada xalq artistləri-Rza Xudiyev (Tağı Səfiyev), Rövşən Hüseynov (Kərbəlayi Kərəm), Həsən Ağasoy (Bağır kişi), əməkdar artistlər-Əli Əliyev (Nəriman Nərimanov),Behruz Haxverdiyev (İbrahim Əbilov), Vidadi Rəcəbli (Veysəl bəy), Əbülfəz İmanov(Çiçerin), Nazlı Hüseynquliyeva (Müşkünaz arvad), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev (Mustafa Kamal Paşa), Uğur Nəsirli (Mirzə Davud Hüseynov), Məmməd Mehdiyev (Behbud ağa Şahtaxtinski),Ələsgər Quliyev(Stalin),Anar Eyvazov (Yusif Kamal bəy), Səyyad Məmmədov (Vəlibəyov) və digər aktyorlar, həmçinin “Təməl” teatrstudiyasının tələbələri rol alıb.