"Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.
Ümummilli lider Heydər Əliyev
Həyatda elə insanlar var ki, onlar qısa, ancaq bütövlükdə xalqının inkişafına, intibahına, azadlığına həsr olunmuş ömürləri ilə adlarını o xalqın tarixinə əbədilik yaza bilirlər.O insanlardan biri də dünyaşöhrətli bəstəkar, musiqişünas, pedaqoq, tərçüməçi, ictimai xadim Üzeyir Hacıbəylidir. Üzeyir Hacıbəylinin anadan olmasının 110-cu ildönümündə Ulu öndər Heydər Əliyev “Üzeyir musiqi gününün keçirilməsi haqqında” Fərman imzalamışdır. Fərmana uyğun olaraq hər il bəstəkarın doğum günü Milli Musiqi Günü olaraq qeyd olunur, xatirəsi ehtiramla yad edilir.
Üzeyir Hacıbəyli 138 il öncə mədəniyyət və mənəviyyat şəhərimiz olan Şuşada dünyaya gözlərini açmışdır. “Qafqazın Konservatoriyası” adlandırlan Şuşa mühiti, sazlı-sözlü aşıq məclisləri, muğam, poeziya gəcələri gələcəyin böyük bəstəkarına ilham vermiş, bənzərsiz istedadını cilalamışdır. Hələ kiçik yaşlarından xalqının zəngin mədəni irsinə yaxından bələd olan bəstəkar təkcə mənimsəyib öyrənməmiş, həm də onları notun yaddaşına köçürüb əbədilik yaşamasını təmin etmişdir. Balaca olarkən Məhəmməd Füzulinin əsərindən götürülmüş, həvəskar aktyorlar tərəfindən səhnələşdirilmiş teatr əsəri dahi bəstəkarın dünyagörüşünə böyük təsir göstərmiş, sonralar mədəniyyət tariximizdə imza atdığı ilklərdən birinə çevrilmişdir.
Dahiyanə musiqi zəkası, iti zehni, fövqəladə intuisiya qabiliyyəti ilə seçilən Üzeyir Hacıbəyli əvvəlcə Şuşada, sonra Qori Müəllimlər Seminariyasında, Moskvada və Sankt-Peterbruqda təhsil almışdır. O, müəllim kimi fəaliyyət göstərəndə də, müxtəlif mədəniyyət ocaqlarına rəhbərlik edəndə də, ancaq Azərbaycan mətbuatının, teatrının, musiqisinin inkişafı üçün çalışmış, müstəsna xidmətlər göstərmişdir. 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuş, bir-birinin ardınca yazdığı “Şeyx Sənan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşudbanu,” “Əsli və Kərəm”,“Harun və Leyla” muğam operaları, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları, marş, kantata, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirmişdir. Xalq qəhrəmanlıq dastanının motivləri əsasında yazılan və bəstəkarın yaradıcılığının zirvəsi sayılan “Koroğlu” operası, Azərbaycanda musiqili komediyanın ilk nümunəsi olan “Ər və arvad” əsəri də Üzeyir bəy ömüründən bizlərə qalan qiymətli incilər sırasındadır.
Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyli həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəsilə çatdırmaq kimi müqəddəs bir missiyanı ciyinlərinə qaldırmış və buna nail olmuşdur. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Azərbaycan xalq musiqisini, muğam və aşıq yaradıcılığını özünün yaradıcılıq çeşməsi sayan dahi bəstəkar, həm də Azərbaycan musiqi mədəniyyəti tarixində milli bəstəkarlıq məktəbinin özülünü qoymuş, böyük bir sənət məktəbinə himayədarlıq etmiş, yetişdiridiyi milli kadrların da məhz bu ənənələrdən güc alması üçün əlindən gələni əsirgəməmişdir.
Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Həyat və fəaliyyətinin bütün mərhələlərində yalnız və yalnız xalqın mədəni inkişafı, onun müstəqilliyi, milli şüurun oyanışı və gələcək taleyi var idi. Korifey sənətkar böyük bir nəslin edə biləcəyi işi təkbaşına uğurla həyata keçirmiş, mədəniyyət tariximizdə bir sıra ilklərə imza atmışdır. Şərqdə ilk musiqili teatrın, ilk notlu xalq çalğı alətləri orkestrinin yaranması, Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsinin nəşr etdirilməsi də məhz o əvəzsiz insanın gərgin əməyinin nəticəsi idi. Üzeyir Hacıbəyli, həm də Azərbaycan Dövlət Himninin bəstəkarıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nota alınan Dövlət Himni ölkəmiz müstəqillik qazandıqdan sonra yenidən xalqımızı milli birliyə, həmrəyliyə, vətən uğrunda can verməyə, qan tökməyə səsləyirdi.
Azərbaycan mədəniyyətinin böyük himayədarı Heydər Əliyev Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirir, mədəniyyət, incəsənətlə bağlı çıxışlarında dəfələrlə böyük bəstəkarın sənətinə, bənzərsiz musiqisinə vurğunluğunu dilə gətirirdi. Təsadüfü deyil ki, Ümummili lider Azərbaycanda siyasi hakimiyyətə gələndən sonra dahi bəstəkarın 1975-ci ildə Bakı şəhərində ev-muzeyi açılmışdır. Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmiş, UNESKO miqyasında qeyd edilmişdir.
Ulu öndərin bütün sahələrdə uğurlu davamçısı olan Prezident İlham Əliyevin həssas münasibəti sayəsində Üzeyir Hacıbəylinin irsi bu gün də hörmətlə yaşadılır və təbliğ olunur. Ölkə başçısı 2012-ci ildə Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı zamanı sənətkarın 1930-cu illərdə yazdığı “Koroğlu” operasının əbədi yaşayacağını vurğulayaraq demişdir:“Bütün təntənəli mərasimlərdə “Koroğlu” operasının uvertürası səslənir. Bu, bizim dövlət himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır”. Vuğulamaq yerinə düşər ki, 2009-cu ildən etibarən Üzeyir Hacıbəylinin xatirəsinə ehtiram olaraq bəstəkarın doğum günündə yerli və xarici sənətçilərin iştirakı ilə ölkəmizdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Mədəniyətimizin inkişafı və təbliği yolunda böyük fədəkarlıq göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə və xaricdə dahi bəstəkara həsr olunmuş böyük musiqi layihələri, tədbirlər reallaşır, onun mədəniyyət tariximizdə başlatdığı yol, milli ənənələr yaşadılır və təbliğ olunur. Bu il də ənənəyə sadiq olaraq sentyabrın 18-dən 28-dək ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.
Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir, bu sahənin inkişafı üçün çalışan insanların əməyi yüksək qiymətləndirilir, müxtəlif ad və titullara layiq görülür, sosial problemləri diqqətdə saxlanılır. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın, Naxçıvanın ənənəvi qrup rəqsləri-Yallının (Köçəri, Tənzərə) UNESKO-nun müxtəlif siyahılarına daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
Ölkəmizin hər tərəfində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Son illərdə Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Həmçinin muxtar respublikada xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi, xalq yaradıcılığımızın bu sahələri haqında kitab və monoqrafiyaların işıq üzü görməsi sistemli həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 iyun 2023-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi haqqında Sərəncam imzalamışdır. Dövlət Proqramının icrası mədəniyyət müəssisələrini maddi texniki bazasının gücləndirilməsinə, mədəniyyət sahəsinin inkişafının təmin edilməsinə, milli-mənəvi dəyərlərə bağlı, istedadlı gənclərin yetişib püxtələşməsinə öz töhfəsini verəcək.
Artıq 3 ildir ki, Milli Musiqi Günü xüsusi ab-hava ilə, qələbə ovqatında qeyd olunur. “Dəmir yumruq”ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində Şanlı zəfərə imza atdı, Müzəffər Ordumuz 30 il erməni tapdağında qalan torpaqlarımızı, o cümlədən Üzeyirin vətənini- Şuşanı azad etdi. Qələbədən sonra kərpic-kərpic qurulan Qarabağda dahi bəstəkarın büstü Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidə ucaldıldı, ölümsüz bəstəkarın əsərləri illər sonrada yenidən doğma yurdunda səsləndi, Şuşanın dağlarına bəstəkarın təkrarsız nəğmələri hopdu. Qarabağ bu gün böyük mədəniyyət tədbirlərinə-“Xarıbülbül” Musiqi Festivalına, “Vaqif Poeziya Günlərinə” evsahibliyi edir, şəhərlərimizin işğaldan azad olunduğu günlər bayram ovqatında qeyd olunur. Belə möhtəşəm tədbirlərdə xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti sayılan Üzeyir Hacıbəylinin əsərləri təkrar-təkrar ifa edilir, alqışlarla qarşılanır.
Dahi Üzeyir Hacıbəyli hələ 1910-cu ildə "Həqiqət” qəzetində belə yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”. Bu fikirləri bu gün böyük məmnuniyyətlə elə dahi bəstəkarın özünə şamil etmək olar. Üzeyir Hacıbəyli Azərbaycan musiqisini milli ruhda yenidən yoğrub elə bir mərtəbəyə yüksəldib ki, o ucalıqdan boylananda hər zaman bəstəkarın bənzərsiz sənəti görsənəcək.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti