Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 8 Noyabr Zəfər Günü münasibətilə “44 gün – Zəfərə addım-addım” adlı tədbir keçirilib.
Tədbir başlamazdan öncə ərazi bütövlüyümüz uğrunda canlarından keçən vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz birlik və bərabərliyini nümayiş etdirərək düşmən üzərində parlaq qələbə qazandı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Azərbaycanın şanlı zəfər tarixi” və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, publisist, jurnalist Təranə Arifqızı “Zəfər Günü xalqımızın qəhrəmanlıq rəmzidir” adlı mövzularla çıxış edərək bildiriblər ki, rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin şücaəti sayəsində Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Şəhidlərimizin, Xocalı qurbanlarının, soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı.
Sonra “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvlərindən qazi mayor Quliyev Elvin, Kərimov Mirkənan və Röyal Abdullazadə keçdikləri döyüş yolundan bəhs etdi. Naxçıvan ədəbi mühitinin nümayəndələrindən Əmanət Musayeva, Sona Teymurbəyli–Rəhimli, Təranə Arifqızı, Dilbər Şahbuzlu, Sevinc Azadlı, Rəqsanə Tapdıqlı, Kirman Rüstəmli şəhid və qazilərimizə həsr etdikləri şeirləri səsləndirdiər.
Sonda “Zəfər Meydanı” adlı sənədli filmə və sərgiyə baxış keçirildi.