
İyunun 5-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qəhraman Ağayevlə görüşüb.
Görüşdə Şahtaxtı kəndində yerləşən arxeoloji abidələrin tədqiqi və qorunması ilə bağlı məsələlər müzakirə edilib.
Qəhraman Ağayev bildirib ki, Kəngərli rayon Şahtaxtı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrinin təbəqəli şəkildə tarixin müxtəlif dövrlərinə aid olması faktı aşkar edilib. O cümlədən, 2015-ci ildə aparılan qazıntılar zamanı Eneolit dövrünə aid nümünələrə rast gəlinib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının da iştirak etdiyi görüşdə Şahtaxtı kəndi ərazisində aparılacaq arxeoloji qazıntılarla bağlı müzakirələr edilib.
Görüşün sonunda xatirə fotosu çəkilib.
