Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilməsi məqsədilə AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Maliyyə nazirliklərinin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Tumbultəpə yaşayış yeri və Meydantəpə şəhərtipli antik yaşayış yerinə baxış keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni irsimizin qorunmasına və tədqiqinə yönəlmiş tədbirləri, xüsusilə arxeoloji ekspedisiyaların fəaliyyəti üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ölkəmizdə arxeoloji tədqiqatların və xarici ölkə alimləri ilə əməkdaşlığın genişlənməsinə səbəb olmuşdur. Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda beynəlxalq ekspedisiyalarla yanaşı, yerli ekspedisiyalar da səmərəli fəaliyyət göstərirlər.
Qeyd edək ki, Tumbultəpə yaşayış yerində Arxeoloji araşdırmalar zamanı Son Eneolit dövrünə və Antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Araşdırmalar göstərir ki, yaşayış yerinin Son Eneolit dövrü təbəqəsi burada Antik dövrə və müasir dövrə aid qəbirlərin qazılması zamanı dağıntıya məruz qalmışdır.
4 hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri isə Naxçıvan-Şahbuz magistral yolunun üstündə yerləşir. Arxeoloji tədqiqatlar zamanı ərazidə daş təməl üzərində qurulmuş binaların qalıqları, antik dövrə aid müxtəlif keramika məmulatları aşkar olunub. Artıq neçə ildir ki, ərazidə tədqiqat işləri aparılır.
Arxeoloji tədqiqatlar zamanı tapılan bu maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq, təsərrüfat həyatını və ticarət əlaqələrini özündə əks etdirir. Qeyd olunan ərazilərdə tədqiqat işləri davam etdirilir.