Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilməsi məqsədilə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyininin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Bülövqaya yaşayış yerinə baxış keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəni irsimizin qorunmasına və tədqiqinə yönəlmiş tədbirləri, xüsusilə arxeoloji ekspedisiyaların fəaliyyəti üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ölkəmizdə arxeoloji tədqiqatların genişlənməsinə, yerli ekspedisiyaların səmərəli fəaliyyətinə səbəb olmuşdur.
Qeyd edək ki, araşdırmalar Bülövqaya yaşayış yerinin e.ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir. Bu tayfalar köçəri həyat tərzi keçirmiş, yüngül konstruksiyalı, çadır tipli evlərdə yaşamış, ərzaq ehtiyyatlarını döşəməyə basdırılmış iri küplərdə saxlamışlar.
Arxeoloji araşdırmalar zamanı aşkar olunan ən qiymətli tapıntılar boyalı keramika məmulatından ibarətdir. İlkin tədqiqatlar bu keramika məmulatının Şimali Mesopotamiyadan köç edən Ubeyd tayfalarına və Ubeyd mədəniyyətinə aid olduğunu göstərir. İndiyədək Azərbaycanda, o cümlədən Naxçıvanda Xalaf və Ubeyd mədəniyyəti ilə bağlı müəyyən tapıntılar əldə edilmişdir. Qeyd olunan ərazidə tədqiqat işləri davam etdirilir.