Mən ona təsadüfən günəş demədim. Memar Əcəmi yaradıcılığı dünən, bu gün, gələcəkdə də bir çox Azərbaycan və dünya memarlarının yaradıcılığı üçün ilham mənbəyidir. Müəllifi olduğu memarlıq abidələri isə zəngin kompozisiyası, istərsə də ifadə etdiyi mənaya görə dünyanın diqqətini cəlb edir.
Əcəmi ibn Əbubəkr Naxçıvani Azərbaycan mədəniyyətinin inkişaf etdiyi bir vaxtda – XII əsrdə Naxçıvanda yaşayıb. Həmin dövrdəki intibah özünü həm memarlıq, həm də ədəbiyyatda göstərirdi. XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi 2021-ci ildə ölkəmizdə geniş şəkildə qeyd olundu. Bu dövrün parlayan ulduzlarından biri də memarlıq sahəsinə yenilik gətirən Әcəmi Naxçıvani idi. O Naxçıvani ki Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamış, Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmış, “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) ləqəbini almışdı.
Naxçıvan şəhərinin mərkəzində yüksələn Möminə xatın, Yusif Küseyir oğlu türbələri görünüşü, zəngin memarlıq elementləri ilə ziyarətçilərini heyran edir. Atabəylər Memarlıq Kompleksi abidələri sırasına daxil olan Möminə xatın türbəsində Memar Əcəminin ustalığı və müdrikliyi aydın duyulur. XII əsrdə Azərbaycanda hakimiyyətdə olan Atabəylər (Eldənizlər) dövlətinin diplomat qadınlarından sayılan Möminə xatının şərəfinə tikilən abidənin inşası Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb. 1186-cı ildə Şərqdə ilk dəfə qadının şərəfinə ucaldılan abidə anaya, qadına hörmət və ehtiramın ifadəsi kimi bu gün də Naxçıvana gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır.
Çox zərif və yüksək bədii təfəkkür məhsulu olan abidənin üzərindəki naxışlarda belə qadın ucalığını, qadın möhtəşəmliyini və zərafətini duyur və hiss edirik. Möminə xatın türbəsi təkcə Azərbaycan memarlığında deyil, ümumən, İslam memarlığında ən uca və incə kompozisiyası ilə seçilən uzunömürlü türbələrdən biri hesab edilir. Bu abidədə təkcə bədii təfəkkürün dərinliyi, zövq incəliyi deyil, eləcə də geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirilib. Abidənin baştağında kufi xətlə yazılan “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” misraları isə onu göstərir ki, mədəniyyətimizdə Möminə xatın kimi heç vaxt köhnəlməyən, öz varlığı ilə yerləşdiyi bölgəni tanıdan, şöhrətləndirən abidələr insanların yaddaşında və tarixdə həmişə qalacaq.
Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini 1999-cu il oktyabrın 14-də ziyarəti zamanı demişdir. “...Bu abidənin qiyməti yoxdur. Möminə xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da, böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Ulu Öndərin bu səfərindən sonra onun göstərişi ilə abidə əsaslı şəkildə bərpa olunub, bu addım xalqımızın zəngin tarixinə, mədəniyyətinə, tarixi köklərinə qayıdışında, onu dərk etməsində mühüm rol oynayıb. Bu əzəmətli memarlıq abidəsi, tariximizi təsdiq edən bir abidə kimi Atabəylər dövlətinin və Azərbaycanın XII əsrdəki dövlətçilik tarixinin tədqiqinə, öyrənilməsinə geniş imkanlar açıb. Möminə xatın türbəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri kimi UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına düşməyə layiqdir.
Yusif Küseyir oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Türbə yeraltı və yerüstü hissələrdən ibarət olub konstruktiv həllinin harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edir. Türbənin xarici səthinin hər biri müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilib. Memar taxçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırıb. Bişmiş kərpiclə işlənən türbənin xarici səthlərində mürəkkəb kompozisiyalı həndəsi ornamentlərdən geniş istifadə olunsa da, kərpiclərin bir rəngli olması onun görkəminə sadəlik verib, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirib, ifadəli kolorit verib. Quruluşu etibarilə türbənin qərb tərəfə baxan səthi fərqli şəkildə həll edilib və burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapının üzərindəki kitabə bildirir ki, bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur və abidə 1162-ci ildə tikilib. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunub.
Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkсə Naxçıvanı əhatə etməyib. Bütün Şərq aləminə onun memarlıq üslubu yayılıb, böyük əsərlər yaradılıb. Şərq memarlığı üçün bir məktəb rolunu oynayan Əcəmi yaradıcılığının təsiri ilə inşa edilən Culfadakı Gülüstan türbəsi (XIII əsr), XIV əsrdə tikilən Qarabağlar, həmçinin türk mühəndisi Memar Sinanın İstanbulda memarı olduğu türbələr bu gün də bütün dünyanı heyrətləndirir.
Bir neçə gün öncə Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilməsi hamımızı qürurlandırdı. Bu onu göstərir ki, Azərbaycan memarlığında iz qoyan, cığır açan Əcəmi Naxçıvani irsi ölməzdir və bütün dünya onun ustalığını qəbul edir. Bu həm də ona imkan verir ki, Memar Əcəmi yaradıcılığı daha geniş tədqiq olunsun. Çünki onun irsi gəncliyimizə, gələcəyimizə nümunədir.
Güntac ŞAHMƏMMƏDLİ