Bəhruz Kəngərli xalqımızın təsviri sənət tarixində öz vətənpərvər, realist duyğularını boyalarla tarix salnaməsi halına çevirən əvəzsiz sənətkarlarımızdandır. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan “Qaçqınlar” adlı silsilə əsərləri tarixi keçmişimizə işıq salan reallıqların təbliği baxımından əhəmiyyətlidir. XX əsrin əvvəllərində erməni təcavüzünün çirkin izlərini ifşaedici cavabla, məharətlə boyakarlığa həkk etməsi bu gün də canlı sənət əsərləri kimi hər birimizin diqqətini çəkir. Xalqımız sovetləşmənin və onun ideologiyasının təsirinə məruz qalsa da, hər zaman tarixi köklərinə və ənənələrinə sadiq olmuşdur. Mövcud ideologiya həmin dövrdə İrəvanda törədilən “erməni-müsəlman davası”nın heç bir rəssamın yaradıcılığına sirayət etməsinə imkan vermirdi. Bu o ideologiya idi ki, tariximizi, mədəniyyətimizi, ümumilikdə, milli kökümüzü bizə təhrif etməyə, unutdurmağa çalışırdı. Bəhruz Kəngərli isə o sənətkarlardan idi ki, bütün bu prosesləri heç kimdən və heç nədən qorxmayaraq yaradıcılığında əks etdirməyi bacarırdı. Buna görə də böyük sənətkar xalqımız üçün misilsiz bir miras qoyub getmişdir.
Rəssamın doğulub boya-başa çatdığı Naxçıvan şəhərindəki adını daşıyan Bəhruz Kəngərli Muzeyinə hər dəfə üz tutduqda sanki tablolardan baxan həmin miskin görünüşlü, çılpaq ayaqlı insanlarla canlı ünsiyyətdə olursan. Ötən əsrin əvvəllərində rəssamın fırçası ilə rəssamlıq sənətimizin əbədi mirasına çevrilən həmin o “Qaçqınlar” silsilə portretləri, bu gün bədii-təsvir vasitəsi kimi soydaşlarımıza qaçqınlıq həyatı yaşadanlara ən ifşaedici cavabdır. Rəssam 1918-1921-ci illərdə qədim yurd yerimiz olan Qərbi Azərbaycandan qovularaq Naxçıvana pənah gətirmiş qaçqın soydaşlarımızın düşdüyü vəziyyəti ürəkağrısı ilə yaddaşımıza həkk etməyə çalışmışdır. Vətənpərvərlik hissləri ilə çəkilən bu portretləri rəssama nə sifariş verən, nə də ondan pul müqabilində alan olmuşdu. Lakin uzaqgörən gənc rəssam Canfəda, Avşar və digər kəndlərdən olan qaçqınların zahiri görünüşünü mükəmməl təsvir etməklə bizə böyük bir miras qoyub getmişdir. Otuza qədər əsəri özündə ehtiva edən “Qaçqınlar” silsiləsi Azərbaycan Milli İncəsənət Muzeyində və rəssamın Naxçıvandakı muzeyində qorunur. Rəssam eyni taleyi yaşayan qaçqınların üz cizgilərindəki özünəməxsus dramatik xüsusiyyətləri məharətlə işləmişdir. Mənbələrdə də qeyd olunur ki, özünün maddi çətinliklərinin olmasına baxmayaraq, Bəhruz qaçqın uşaqları evinə gətirər və ya emalatxanasına aparıb qarınlarını doyuzdurar, sonra isə portretlərini bacardığı qədər qısa zaman kəsiyində bitirərək yola salardı.
Bütün bunlar bir daha onu göstərir ki, Bəhruz Kəngərli qaçqınlarla bağlı mövzulara həssaslıqla yanaşmış, tarixin həmin dövrünü zəngin boyalarla kətana köçürmüşdür. “Qaçqınlar” silsiləsi gənc rəssamın yaradıcılığında mühüm yer tutur və bu gün Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın əsl həyat hekayəsini özündə yaşadır.
Aidə İBRAHİMOVA