9 oktyabr 2023–cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Milli Dram Teatrının keçmiş aktyorları, Azərbaycan Respublikasının əməkdar artisti, Prezident təqaüdçüsü Xəlil Hüseynov və Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyev Babək Rayon Xalq Teatrının üzvləri ilə görüşü keçirib.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq mədəniyyət müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, xalq teatrının fəaliyyətinin optimallaşdırılması məqsədi ilə keçirilən görüşdə Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə bildirdi ki, ilk uğurlu tamaşası Q.Fiqeyradonun “Ezop” əsəri ilə olan Babək Rayon Mədəniyyət Evinin dram dərnəyinə Naxçvan Muxtar Respublikası Nazirlər Kabinetinin 13 iyul 2009-cu il tarixli 51 nömrəli qərarı, Naxçvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 23 iyul 100 nömrəli əmri ilə “Xalq Teatrı” adı verilmişdir.
Teatr bir-birinin ardınca Bəxtiyar Vahabzadənin “Yollara iz düşür”, M.Əlizadənin “Şeyx Rəhmətullah”, İ.Əfəndiyevin “Unuda bilmirəm” pyesi, Ə.Haqverdiyevin “Bəxtsiz cavan” faciəsi, İ.Məlikzadənin “Subaylarınızdan görəsiniz”, M.S.Ordubadinin “Beş manatlıq gəlin”, Ə.Əsgərlinin “Qız atası” və başqa əsərləri səhnəyə qoyaraq tamaşaçı rəğbəti qazanmışdır.
Əməkdar artistlər Xəlil Hüseynov və Yusif Allahverdiyev keçdikləri sənət yolu haqqında xatirələrini xalq teatrının üzvləri ilə bölüşərək tərəf müqabili olduqları səhnə əsərləri, yaddaqalan qastrol səfərləri haqqında danışmışlar.
Babək Rayon Xalq Teatrının rejissoru Yusif Əliyev, aktyorlar Stella Babayeva, Ələkbər İsmayılov və Rasim Qasımov təşkil olunmuş görüşün səmərəli keçdiyini və gələcəkdə də görüşlərin keçirilməsini rəhbərlikdən xahiş etmişlər.
Sonda qocaman aktyorlar tərəfindən gələcəkdə müvafiq rollar üzrə əməkdaşlığın mümkünlüyü qeyd olunub.