Martın 4-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masada Mərkəzin direktoru çıxış edərək bildirib ki, Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdi Azərbaycan musiqi sənəti haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən əldə edilib. "Kitabi-Dədə Qorqud"da, Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilib.
“İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi və Əbdulqadir Marağainin adları ilə bağlıdır”, – deyən Səyyar Məmmədov qeyd edib ki, Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymaqla, onun gələcək inkişafı üçün zəmin yaradıb.
“Azərbaycan musiqisinin davamlı inkişafı, müasirləşməsi və nailiyyətləri ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu mədəniyyət siyasətinin prioritetlərindən olub”, – deyən Mərkəz direktoru vurğulayıb ki, bu proqressiv siyasət XX-XXI əsrlərdə Azərbaycan musiqi mədəniyyəti və incəsənətinin hərtərəfli inkişafının real təminatçısı olub, professional musiqi sənətinin və xalq musiqisinin dünyəvi təbliği yolunda geniş imkanlar və perspektivlər yaradıb.
Sonra mövzu ətrafında Mərkəzin əməkdaşları Günel Sangur, Şəhla Tarverdiyevanın, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin məsləhətçisi David Hüseynovun və Uşaq Musiqi Məktəbinin müəllimləri Gülnar Babayeva, Tünzalə Mustafayeva və Mirzəli Məmmədovun iştirakı ilə müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.