Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Dövlət Film Fondu fəaliyyətini genişləndirir

Naxçıvan Muxtar Respublikası Dövlət Film Fondu 2000-ci il yanvar ayından fəaliyyət göstərir. İlk olaraq Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi fəaliyyətinə başlayıb. 2006-cı ildən isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində müstəqil qurum kimi öz fəaliyyətini davam etdirir. Bu qurumun nə məqsədlə yaradılması, iş prinsipləri, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat almaq üçün fondun direktoru Mirakif Seyidova müraciət etdik. 

    O bildirdi ki, film fondlarının yaradılma səbəbi o idi ki, sovet dövründə və ondan sonra müstəqilliyimizin ilk illərində filmlərin nümayişi ilə məşğul olan Azərkino Video İstehsalat Birliyi dağıldı, həmin müəssisənin bazasında Azərbaycan Dövlət Film Fondunun yaradılması qərarına gəlindi. Bu proses Naxçıvanda da eyni qaydada davam etdirildi. Azərkino Video İstehsalat Birliyinin Naxçıvan filialının bazasında Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı yaradıldı. Ümumilikdə, fondun məqsədi və vəzifələri respublikada film fondunun kolleksiyasını zənginləşdirmək üçün filmlərin alınması işini təşkil etmək, milli kino sənətinin təbliği məqsədilə yerli və beynəlxalq miqyaslı festivallar və digər tədbirlərin keçirilməsində iştirak etməkdir. 
    Mirakif Seyidovun sözlərinə görə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında fəaliyyət göstərən fondun əsas məqsədi müvafiq qaydada qeydə alınan, nümayişinə və yayımına icazə verilən, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq, mədəni, bədii, ictimai-siyasi, elmi, tarixi və praktiki əhəmiyyət daşıyan filmlərin ilkin materialları və surətlərinin, o cümlədən müəyyən səbəblərə görə kütləvi nümayiş etdirilməmiş və ya istehsalı dayandırılmış filmlərin ilkin materialları və surətlərinin mühafizəsini həyata keçirmək və filmlərin, kinosalnamələrin, onların ilkin materiallarının mühafizəsi zamanı müəlliflik və əlaqəli hüquqlara riayət olunmasını təmin etməkdən ibarətdir. 
    Öyrəndik ki, fondda filmlər 5 boksda saxlanılır. Bədii, elmi-kütləvi, sənədli və animasiya filmləri olmaqla fondda, təxminən, 5000 adda film var. Fondda yaradılan  Heydər Əliyev auditoriyası Ümummilli Liderimizin çoxşaxəli fəaliyyətinə həsr olunub. Burada maraqlı fotolar, filmlər, müxtəlif kitab və albomlar saxlanılır. Film fondunun 77 yerlik kino zalı da var. 
    Buradakı montaj otağı 8, 16, 35 millimetrlik filmlərin elektron formada köçürülməsi və videomontaj üçün nəzərdə tutulub. Həmçinin burada 2004-cü ildə yaradılmış kino muzeyi də fəaliyyət göstərir. Burada Azərbaycan filmlərində istifadə olunan libaslar, silahlar, məişət əşyaları, musiqi alətləri və müxtəlif butaforlar nümayiş etdirilir. Fondda kitabxananın xidməti təqdirolunasıdır. Kitabxanada müxtəlif sahələri, o cümlədən kino sənətini əhatə edən kitablar özünə yer alıb. 100-dən artıq Azərbaycan filminin ssenarisinin montaj vərəqəsinin, filmlərin istehsalına aid sənədlərin surətlərinin, bədii filmlərə aid fotoşəkillərin mühafizə olunduğu bu mədəniyyət müəssisəsinin bərpa otağı lentlərin yuyulması üçün restovrasiya maşını ilə təmin edilib. Fondun dəhlizində müxtəlif ekspozisiyalar yerləşdirilib. Fəaliyyət göstərdiyi illər ərzində fondda olmayan 300-ə yaxın film rəqəmsal formata gətirilərək fondun arxivinə təhvil verilib.
    Müsahibim diqqətimizə onu da çatdırdı ki, Naxçıvan Dövlət Film Fondu 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində müstəqil qurum kimi fəaliyyət göstərir. 2016-cı ildən başlayaraq fondda “Özfəaliyyət teatr kollektivlərinin muxtar respublika baxış müsabiqəsi”, “Gənc istedad” qısametrajlı filmləri üçün ədəbi ssenari müsabiqəsi, “Naxçıvandan dünyaya”, “Yol bir mədəniyyətdir”, “Keçmişdən soraq, gələcəyə səsləniş” sosial çarx və qısa filmlər müsabiqələri keçirilib. 2018-ci ildən başlayaraq muxtar respublikamızda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 5-9-cu sinif şagirdləri arasında “Mən kinonu sevirəm”, “Milli filmlərimiz”, “Bu kino ki var...” adlı kinoviktorinalar keçirilib, qalib komandalar diplom və hədiyyələrlə təltif olunub. Bu ənənə cari ildə “Sinemotoqraf” layihəsi kimi davam etdirilir. Həmçinin 2018-ci ilin 24-30 sentyabr tarixlərində Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” keçirilib. 
    Məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə mütəmadi olaraq fondda cizgi və bədii filmlərin nümayişi təşkil edilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan kinosu günü” və “Dünya kinosu və kino dünyası” layihəsi çərçivəsində muxtar respublikamızda, rayon və kənd mərkəzlərində, həmçinin yay mövsümü boyunca Naxçıvan şəhərində açıq havada Azərbaycanda və xarici kinostudiyalarda istehsal olunmuş filmlərin nümayişi təşkil olunur.
    2023-cü ildə isə “Bir addım” qısametrajlı filmlər müsabiqəsinin keçirilməsi iş planına salınıb. 
    Bundan başqa, 2016-cı ildə Naxçıvan Dövlət Film Fondunun nəzdində yaradılan və fəaliyyət göstərən “Naxçıvan” kino klubu kino sahəsində maraqlı şəxslərin yaradıcılıq birliyidir. 
    Naxçıvan Dövlət Film Fondu tərəfindən müxtəlif dövrlərdə Naxçıvan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Bahar”, “Araz” kinoteatrları, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzi, Naxçıvan Dövlət Televiziyası və digər təşkilatların müraciəti əsasında müxtəlif mövzulu filmlər nüsxələndirib, təqdim edilib. 
    Mirakif Seyidovun sözlərinə görə bu ildən etibarən Naxçıvan radiosunda “Bu kino ki var...” radio layihəsi təsdiq olunub. Layihə çərçivəsində kinonun müxtəlif sahələri barədə, həmçinin müxtəlif kino sənətkarları, eləcə də yubilyar filmlər haqqında maraqlı məlumatlar radio dinləyicilərinə təqdim edilir.   
    2020-ci ildən etibarən muxtar respublikanın rayon və şəhər mədəniyyət şöbələrinə tabe olan müəssisələrin hazırladıqları xalq yaradıcılığı nümunələrinin, pandemiya dövründə onlayn konsertlərin, həmçinin mədəniyyətin müxtəlif sahələrinə aid qısa videoların çəkilişi, montajı və yayımlanması prosesi film fondu tərəfindən həyata keçirilir. 
    2021-ci ildə “Heydər Əliyev Muzeyi”ndə olan VHS kassetlərin rəqəmsal daşıyıcıya köçürülərək bərpası aparılıb.
    Digər belə mədəniyyət müəssisələrində olmayan nadir eksponatlar barədə sualımıza cavab olaraq bildirildi ki, Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı rejissorun 1963-cü ildə çəkdiyi “Axırıncı namaz” ikihissəli qısametrajlı film çəkdiyi aşkar edilib, həmin filmin yeganə lent nüsxəsi Naxçıvan Dövlət Film Fondunun arxivində olduğu üzə çıxıb, film rəqəmsal daşıyıcıya köçürülüb, bərpa edilərək nüsxələnib. 
    2016-cı ildən indiyə qədər hard diskdə film fondun arxivinə 187 bədii film, 46 cizgi film, 60 sənədli-bədii, 140 sənədli, 11 qısametrajlı olmaqla, ümumilikdə, 444 film daxil olunub. Fondun zəngin fotoarxivi də mövcuddur ki, bu arxivdə Azərbaycan kinosunu əhatə edən on bir mindən artıq fotoşəkil saxlanılır. Fondun sosial şəbəkə hesablarında hər təqvim günü kino, yubilyar filmlər, həmçinin fond tərəfindən keçirilmiş tədbirlərlə bağlı mütəmadi paylaşımlar edilir. Fondda Azərbaycan filmləri ilə yanaşı, dünya kinomotoqrafiyası incilərinin qorunub saxlanıldığını diqqətimizə çatdıran Mirakif müəllim dedi: – Film fondda təkcə yerli istehsal filmləri yox, dünya filmlərindən nümunələr də yer alıb. Xüsusən keçmiş sovet məkanında çəkilmiş həm bədii, həm də elmi-kütləvi, sənədli, eləcə də cizgi filmləri lentlərdə qorunub saxlanılır. Bu gün Azərbaycan Dövlət Film Fondu ilə sıx əlaqədə fəaliyyət göstərərək qarşılıqlı araşdırmalar da aparılır. Nəticədə, müəyyən edilib ki, Naxçıvan Dövlət Film Fondunda çox unikal filmlər vardır. Belə ki, həmin filmlər heç Azərbaycan Film Fondunda yoxdur: – Təəssüf ki, Beynəlxalq Kino Prodüserləri Cəmiyyətinin üzvü olmadığımıza görə digər kino fondları ilə əlaqə saxlaya bilmirik. Söhbətimin əvvəlində də dediyim kimi, ötən il Zeynəb Kazımovanın “Axırıncı namaz” filminin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunda tapıldı. Biz onu rəqəmsal daşıyıcıya köçürərək Azərbaycan Dövlət Film Fonduna göndərdik ki, həmin filmin bir nüsxəsi bizə qaytarılmaq şərtilə orada yenidən bərpa olunsun. Bundan başqa, cizgi filmləri var ki, Azərbaycan Dövlət Film Fondunda onların orijinalı yoxdur. 
    Filmlərin əldə olunması üçün fondda hansı tədbirlər görülməsi ilə maraqlandıqda Mirakif müəllim dedi: – Muxtar respublikada kinostudiya olmadığından, Azərbaycanda çəkilişlər daha çox Bakı şəhərində mərkəzləşdiyi üçün filmləri yalnız Bakıdan – Azərbaycan Dövlət Film Fondundan, Azərbaycanfilm kinostudiyasından, Bakıda yerləşən müxtəlif kino şirkətləri ilə əlaqələr quraraq əldə edə bilirik. Bu il Azərbaycan Dövlət Film Fondu tərəfindən keçirilən kinoforuma biz də dəvət edilmişdik. Bu çox sevindirici oldu. Çünki uzun illər bizim paytaxtla sıx təmasımız yox idi. Bizim orada olmağımızın əsas məqsədi də Naxçıvan Dövlət Film Fondunun arxivinin zənginləşdirilməsi, həmçinin təcrübə mübadiləsi idi. Oradan 46 adda film gətirib film fondumuza daxil etdik. Naxçıvan Dövlət Film Fondunun zənginləşdirilməsi yalnız bu yolla həyata keçirilir. Son dövrlər filmlər lent şəklində təqdim olunmadığı üçün yalnız rəqəmsal daşıyıcılarda gətirilərək arxivimizi zənginləşdiririk. 
    Fondun gələcəkdə həyata keçirəcəyi tədbirlər barədə də ətraflı məlumat verən fondun direktoru bildirdi ki, qarşıya mühüm vəzifələr qoyulub – milli sərvətimiz olan kinoların qorunması və təbliği. Bu vəzifələri yerinə yetirmək üçün fondun kollektivi səy və bacarığını gələcəkdə də əsirgəməyəcək.

Aidə İBRAHİMOVA

"Şərq qapısı" qəzeti