Dekabrın 22-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət nazirinin müavini Həsən Seyidov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və Keten group yönetin grup başkanı, memar Ferhat Keten Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən bir sıra tarixi və memarlıq abidələrinə baxış keçiriblər.
Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar diyarda mövcud olan tarixi abidələrin mövcud vəziyyətini dəyərləndirmək, həmçinin aparılacaq təmir-bərpa işləri ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Səfərin birinci günü Naxçıvan şəhərində İsmayılxan hamamında, Mömünə Xatın Türbəsində, Xan Sarayında, Yüsif ibn Küseyir türbəsində, İmamzadə Kompleksində, Naxçıvan Buzxanasında, eyni zamanda Kəngərli rayonunda yerləşən Qarabağlar Türbə Kompleksində və nekropol ərazisində olan qədim tikililərdə olan mütəxəssislər aparılan bərpa işlərindən danışıblar. Naxçıvanın tarixi abidələrinə heyranlığını dilə gətirən Oğuz Ceylan bərpa zamanı yol verilən yanlışlıqlardan danışıb. Qeyd edib ki, hər biri ayrılıqda xüsusi önəm daşıyan abidələrin restavrasiyasında beton və digər yad məmulatlardan istifadə edilməsi yol verilməzdir. Abidələrin üzəri metalla örtüldüyü, ətrafına sıx şəkildə daş döşəndiyi üçün, buxarlanma normal getmir, qrunt suları abidələrdə nəmişlik yaradır. Bu da gələcəkdə onların məhv olmasına səbəb ola bilər. Abidələr üzərinə çəkilən boya və beton üzlüklərdən təmizlənməli, ilkin görüntüləri nəzərə alınmaqla tarixi sübutlar əsasında yenidən restavrasiya olunmalıdır.
Qeyd edək ki, mütəxəssislər 23 dekabr tarixdə Ordubad və Culfa rayonlarında olan tarixi abidələrə baxış keçirəcəklər.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
22.12.2023