“Bəhruz Kəngərlinin zəngin irsi mədəniyyət xəzinəmizdə layiqli yer tutur. O, Azərbaycan boyakarlığında realizmin, Naxçıvanda teatr rəssamlığının təməlini qoyub, ölkəmizdə sərgi mədəniyyətinin ilk carçısı olub”.
Bu fikirlər 6 fevralda Bəhruz Kəngərli Muzeyində təşkil edilən anım tədbirində muzeyin direktoru Səbinə Əlincəli tərəfindən səsləndirilib. Görkəmli fırça ustasının qısa, ancaq mənalı ömür yolundan, təkrarsız yaradıcılığından bəhs edən muzey direktoru bildirib ki, Bəhruz bəy Kəngərli yaradıcılığı milli ruh, Azərbaycançılıq ideyaları aşılayan bir xəzinədir. Onun tarixi zərurətdən yaranan, dövrünün ictimai-siyasi həqiqətlərini əks etdirən, sulu boya ilə işlənmiş 30-a yaxın portretin daxil edildiyi “Qaçqınlar” silsiləsi əsərləri tarixi fakt kimi olduqca əhəmiyyətli, rəssamın yaradıcılığının zirvəsi hesab olunmağa layiqdir.
Diqqətə çatdırılıb ki, rəssamın yaradıcılığı Ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib, 2002-ci il iyun ayının 18-də məhz dahi liderin iştirakı ilə Bəhruz Kəngərli Muzeyinin açılışı olub. Ölkə başçısı İlham Əliyevin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncamı ilə fırça ustasının yubileyi dövlət səviyyəsində qeyd olunub.
Bəhruz Kəngərli obrazının əbədiləşdirildiyi ədəbiyyat nümunələri haqqında danışan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov İslam Səfərli, Asim Yadigar, Zaur Vedili, Adil Babayev, Tofiq Mahmud, Fərman Kərimzadə kimi şair və yazıçıların yaradıcılığında rəssama həsr olunan nümunələrdən ətraflı bəhs edib. Bəhruz Kəngərlini yad və təbliğ etməyin hər birimizin vətəndaşlıq borcu olduğunu vurğulayıb.
“Bəhruz Kəngərlinin yaradıcılığı Naxçıvan memarlıq tarixinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir” - deyən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova rəssamın Naxçıvan memarlıq abidələrini təsvir edən zəngin mənzərə qalereyasından bəhs edib, fırça ustasının əsərlərinin müasir dövrümüzdə tarixi abidələrin tədqiqi və öyrənilməsi baxımından əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvü, rəssam Səməd Məmmədov Bəhruz Kəngərliyə həsr olunmuş albomu muzeyə hədiyyə edib.
Anım tədbiri muzeyin ekspozisiyasına baxışla sona çatıb.