Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən tədbirdə dahi Müslüm Maqomayevin yaradıcılığına müraciət edən gənc bir ifaçı bariton səsi ilə tədbir iştirakçılarının hər birinin qəlbini fəth etdi. Məşhur “Sinyaya veçnost” mahnısı ilə bütün tamaşaçıların diqqətini özünə çəkən həmin o gənci gəlin birlikdə tanıyaq.
Səhnə mədəniyyəti və güclü səs tembri ilə tamaşaçılarda xoş təəssürat yaradan Emin Hüseyin Naxçıvan şəhərində doğulub, sonradan isə ailəsi ilə birgə Bakı şəhərində yaşayıb. Bakıda orta məktəbə gedərkən orada da vokal məktəbinə daxil olub. Müsahibimiz bildirir ki, onun ilk musiqi müəllimi Ziya Bağırov olub. Sənətinin yollarında addımlayan gənc, 2014 - cü ildə Naxçıvan Musiqi Kollecinə qəbul olub. Burada isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevdən dərs alıb. Böyük səhnələrə qədəm qoymaq arzusunda olan gənc müsahibimizin 4-cü kursda oxuyarkən Naxçıvan şəhərindəki Gənclik Mərkəzində orkestr heyəti ilə birgə solo konserti reallaşıb. Daha sonra hərbi xidmətə yollanaraq əsgər kimi xidməti borcunu yerinə yetirib.
Oxumaq eşqi ilə coşan gənc, hərbi xidmətdən qayıdandan sonra Bakı Milli Konservatoriyasına qəbul olub. Azərbaycan Respublikasının Xalq artisi Azər Zeynalov kimi ustadın tələbəsi olub. Şəxsi səbəblərə görə, ali təhsilini yarımçıq qoyub yenidən Naxçıvana qayıdan gənc, hazırda Naxçıvan Dövlət Filarmoniyasında Kamera Orkestrinin solistidir. Söhbət zamanı xüsusi ilə bildirir ki, Naxçıvanda yaradılan ilk və yeganə “Ada Band” rok qrupunun rəhbəridir. Bu rok qrupu Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərir. Hətta qeyd edir ki, baxmayaraq qrupları rok tərzindədir, amma bununla yanaşı müxtəlif musiqi janrlarına da müraciət edirlər.
Gələcək planlarını soruşduqda isə müsahibimiz bildirdi ki, “Ada Band” rok qrupunun Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş konsert proqramı gözlənilir: “Bununla bağlı məşq prosesləri də gedir. Çünki tamaşaçıların rəğbətini qazanmaq üçün üzərimdə daha çox işləməli olduğumun fərqindəyəm. Məni də sənətimin arxasınca getməyə sövq edən elə tamaşaçı sevgisi və onların alqışlarıdır. Bu isə məni daha da səhnəyə bağlayaraq, ruh yüksəkliyi verir. Arzulayıram ki, gələcəkdə daha böyük səhnələrdə, eləcə də xaricdə konsert proqramları ilə çıxış edim”.
Bəli, bu arzular tutduğu işıqlı yolda parlayan müsahibimiz Emin Hüseynin arzularıdır. Biz də gənc müsahibimizin arzularına qoşularaq, gələcək yaradıcılıq fəaliyyətində ona uğurlar arzulayırıq.
Aidə İBRAHİMOVA