İnsan Hüquqları gününə həsr olunmuş “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib.
İyunun 4-də Naxçıvan Dövlət Film Fondunda “18 İyun – İnsan Hüquqları Günü” münasibətilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir insan hüquqları ilə bağlı videoçarxın nümayiş olunuması ilə başlayıb.
Daha sonra giriş sözü ilə Nazirliyin əməkdaşı Şəfəq Qurbanova çıxış edərək insan hüquqları günü ilə bağlı ümumi məlumat verib.
Qeyd olunmuşdur ki, demokratik cəmiyyət və ya hüquqi dövlət dedikdə ilk öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. Azərbaycan Respublikasının Konstitusiyasına görə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir, doğulduğu andan etibarən hər bir kəsin toxunulmaz, pozulmaz və ayrılmaz kimi təsbit edilən hüquq və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir.
Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması isə müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyevin bu sahədə ən böyük əməyi məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbulu olmuşdur.
Vurğulanıb ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq hər kəsin - şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək məqsədinə xidmət edir.
Daha sonra Nazirlik Aparatının hüquqşünası Ülvi Vəliyev çıxış edərək, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) və onun fəaliyyət istiqamətləri, insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və mövzu ilə bağlı digər məlumatları diqqətə çatdırmışdır.