Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, aktyor və rejissor, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev Türkiyənin İzmir bölgəsinin Foça şəhərində keçirilən II Beynəlxalq Məddah və Masal Festivalında iştirak edib.
Avqustun 10-dan 14-dək keçirilən festivalda Türkiyənin müxtəlif bölgələrindən olan məddah və masalçı aktyorlar, peşəkar pedaqoq-sənətkarlar iştirak edib. İzmir və Foça şəhərlərində, eyni zamanda Foçanın kəndlərində təqdim edilən proqramda Səməd Canbaxşiyev “Kazım Qarabəkir Paşa və Naxçıvan teatrı ”, “Xarı bülbül əfsanəsi”, “Oreqami ilə nağıl”la türkiyəli tamaşaçılar qarşısında çıxış edib. Festivalın sonunda naxçıvanlı sənətkara təşkilatçılar tərəfindən diplomlar və təşəkkürnamə təqdim edilib.
Bundan başqa, qədim türk teatr sənətinin nümunəsi olan məddahlıq ənənəsinə uyğun olaraq Səməd Canbaxşiyevə simvolik məddah aktyorların geyindiyi baş geyimi – “kavuk” və “atqı” təqdim edilib. Eyni zamanda, səfər çərçivəsində Səməd Canbaxşiyev İzmir televiziyalarında çıxış edərək Naxçıvan teatrının tarixi, yaradıcılıq ənənələri və iki ölkə arasında mədəni əlaqələrin getdikcə genişlənən inkişafından danışıb.
Qeyd edək ki, bu il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 10 nəfərdən ibarət aktyor heyəti iyul ayının 12-dən 15-dək türkiyəli aktyor-rejissor Rasim Aşının dəvəti ilə VIII Beynəlxalq Dionis Teatr Şənliyi və Təlim Düşərgəsində Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” tamaşası, “Koskosa”, “Tənzərə yallısı”, “Xınayaxdı” folklor oyunları, iyulun 15-dən 18-dək isə Səməd Canbaxşıyevin rejissor kimi quruluş verdiyi Mehmet Ümit Görgülünün “Cibimizdəki dəlilik” tamaşası ilə Sardes, Foça və İzmir şəhərlərində tamaşaçılar qarşısında çıxış edib. Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun da dəstəyi ilə baş tutan bu qastrol səfəri Naxçıvan Dövlət Milli Dram Teatrının 140 və Türkiyə Cumhuriyyətinin 100 illiyi münasibəyilə həyata keçirilib.
Geniş tamaşaçı marağı ilə qarşılanan, iki qardaş ölkənin insanları arasında həm də mədəni körpü rolunu oynayan sənət festivalı Türkiyə mediasında geniş şəkildə işıqlandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti