Əlahiddə Ümumqoşun Ordu və Cəmşid Naxçıvanski Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanskinin anadan olmasının 128-ci ildönümü ilə əlaqədar “Milli hərb tariximizdə Cəmşid Naxçıvanski” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru Abasət Nuriyev açaraq Azərbaycanın milli hərb tarixinə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant İntiqam Ağasıyev “Milli hərb tariximizdə Cəmşid Naxçıvanski”, Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova “Naxçıvanskilər irsinin təbliğində Cəmşid Naxçıvanski Muzeyinin rolu” mövzularında çıxış ediblər. Qeyd olunub ki, həyatının məqsədini Vətənə xidmətdə görən görkəmli sərkərdə Cəmşid Naxçıvanski hərb tariximizdə ilk milli atıcı diviziyanı yaradıb və ona komandanlıq edib. O, Birinci Dünya müharibəsi başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib, 1918-ci il sentyabrın 15-də Bakının erməni daşnaklardan və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərib. 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilib və qısa müddətdə orada əmin-amanlıq yaradılıb.
Vurğulanıb ki, Azərbaycan xalqının digər görkəmli nümayəndələri kimi, repressiya qurbanı olan Cəmşid Naxçıvanski də əsl bəraətini Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində alıb. Xalqımızın Ümummilli Lideri Azərbaycanın rəhbəri seçiləndən qısa müddət sonra “Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar qəbul edib. Bundan sonra Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanskinin yaşadığı evdə adını daşıyan muzey yaradılıb, muzey binası təmir-bərpa olunub, bir məktəbə və küçəyə Cəmşid Naxçıvanskinin adı verilib. Hazırda Bakı şəhərində fəaliyyət göstərən hərbi lisey Cəmşid Naxçıvanskinin adını daşıyır.
Sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.