Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Müdriklik rəmzi yallılarımızın üslub xüsusiyyətləri haqqında

Yallı bizim keçmişimizi özündə yaşadan, onu gələcəyə aparan ən qiymətli xalq yaradıcılığı növüdür.  Bu sənət növü  şifahi şəkildə beyinlərdən beyinlərə, yaddaşdan yaddaşa köçürülərək yaşamış, inkişaf etmiş və öz yaşam hüququnu məhz xalqın süzgəcindən keçirərək qazanmışdır. Yallılarda ifa olunan musiqi, oynanılan hər bir hərəkət, özünə məxsus əhəmiyyət kəsb etməklə yanaşı, əcdadlarımızın yaşam tərzini, adət-ənənəsini, məişətini və bədii zövqünü özündə əks etdirir.

 

 
 
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Janrın ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında rast gəlinir. 

Yallı rəqsi incəsənətin sinkretik forması olaraq instrumental, vokal musiqi və ifaçılıq kimi bir neçə sənəti özündə birləşdirir.

Azərbaycanda yallılar müşayiətinə görə iki yerə bölünür: instrumental yallılar, vokal-instrumental yallılar.

Çalğı alətlərinin mövcud olmadığı çağlarda, yəni,  təqribən, 10 min il əvvəl yaranması ehtimal edilən yallılar barədə məlumat kifayət qədərdir.  Adı zaman keçdikcə təhrif olunan (əvvəllər "yollu", sonra "yelli" kimi işlənsə də, dövrümüzə "yallı" formasında  çatıb) yallıların hər iki növünün maraqlı izahı var.

Asta hərəkətlərlə başlayıb, sona doğru yeyin hərəkətlərlə ifa edilən yallıların çoxu hay-harayla başa çatır.

İnstrumental yallılar: 

İlk olaraq bunu qeyd etməliyik ki, kütləvi rəqs olan yallıları açıq havada (dağətəyi yamacda və ya düzəngah çəmənlikdə) oynayırlar. Bu zaman onları güclü tembrə malik olan alətlər müşayiət etməlidir ki, yallı gedənlər hərəkət zamanı və mahnı oxuyarkən, rəqsin musiqisini və ritmini aydın eşidə bilsinlər. Bu səbəbdən ritmləri ifa etmək üçün nağara alətinə çubuq və ya çombaqlar (çilik) da əlavə olunub. Ümumiyyətlə, yallılarımızın ifasında hər zaman qədim musiqi alətlərimiz olan zurna və nağaradan istifadə edilib.

Vokal-instrumental yallılar:

Belə yallılar əvvəllər çalğı, musiqi olmadan, yalnız mahnı kimi oxunaraq gedilirdi. Belə ki, rəqsi oynayan dəstənin bütün iştirakçıları hansısa bir şeiri, mətni xorla mahnı kimi ifa etməklə yallı gedirdilər. Bu zaman oynayanlar oxuduqları mahnının ritmini ayaq hərəkətlərinə (taktlarla) əsasən təyin edirdilər. Bu cür gedilən yallılara qədim Oğuz yurdu Naxçıvanda “dil yallıları” da deyirdilər. Bu cür adlandırma isə Naxçıvan bölgəsinə aid olmuşdur.

Çox maraqlıdır ki, hər bir yallı öz taktlarına uyğun ritmə və ritmik quruluşlara malikdir. Bu səbəbdəndir ki, bir çox yallılar “ikiayaq”, “üçayaq” və “dördayaq” adlanır. Sonralar yallı oyununa yalnız bir zərb aləti (çubuqla çalınan nağara) əlavə olunmuşdur. Təkcə zərb alətinin müşayiəti ilə oxunaraq oynanılan yallılar öz quruluşu etibarilə “halay”lara çox yaxındır.

Musiqi məzmununa mətn (şeir) əlavə edilərək mahnı kimi ifa olunan yallılardan “Ləyli xanı”, “Qaladan qalaya”, “Tirməşal” (“Arzumanı” adlanır), “Tello”, “Hoynəri”, “Güleynare”, “Mərcanlar” və başqalarının adlarını çəkmək olar. Bu yallılardakı mahnıların mətni, əsasən, kəndlilərin əmək fəaliyyətini, onların gündəlik həyat tərzini, cəsarətini, qəhrəmanlığını, sevgisini tərənnüm edir. Belə mahnıların sözləri xalq tərəfindən yaranmış və bu gün də özünün xüsusi bədii-poetik məziyyətləri ilə seçilərək qoşma, gəraylı və bayatılardan ibarət olmuşdur. Bu gün xalq arasında artıq yallı kimi deyil, mahnı kimi məşhurlaşan, yuxarıda adlarını çəkdiyimiz rəqslər müxtəlif mənbələrdə, məcmuələrdə məhz xalq mahnısı kimi göstərilmişdir.

Azərbaycan xalq rəqslərindən biri olan yallı  melodik quruluşu baxımından ritmik ardıcıllığa və müəyyən ölçünün daimi sürətdə təkrarlanmasına əsaslanır. Ritmik ardıcıllıq ikiqsimli və üçqsimli zərbin ardıcıl olaraq növbələşməsidir. Başqa sözlə, 6/8 (ikiqismli) musiqi ölçüsündə olan eyni rəqsin ritmik quruluşu 3/4 (üçqismli) ölçü ilə növbələşir. Nəticədə, Azərbaycan xalq rəqslərinin orijinallığı təzahür edtmiş olur.

Yallılar, ifa hərəkətlərindən asılı olaraq, temp dəyişiklikləri ilə müşahidə olunur. Əgər birinci hissə “moderato” (mülayim) tempindədirsə, o zaman ikinci hissə “allegro” tempində (tez-tez) əks olunur. Üçhissəli yallılarda birinci hissə “andante”, yəni ağır, ikinci hissə “moderato” – mülayim, üçüncü hissə isə “allegro” – tez-tez tempində ifa edilir. Bir məsələni də qeyd edək ki, yallıların istifadə olunduğu melodik cümlədə səs ardıcıllığı əksidilmiş kvinta, kvarta və kvinta sıçrayışları ilə müşahidə olunur.

Yallıların ifası zamanı çox zəruri müşayiət formalarından biri də ritmli küylərdir. “Ritmli küy” terminini ilk dəfə Azərbaycan xalq rəqslərinin öyrənilməsində çox böyük xidmətləri olmuş Bayram Hüseynli (1923-1992) işlətmişdir (Hüseynli, B. X. “Azərbaycan xalq rəqs melodiyaları I dəftər”. B.: l965. 42 s.).

Ritmli küy – ritmik səslər deməkdir. Bu səsləri yallını oynayan iştirakçılar müxtəlif hərəkətlərlə ifa edirlər. Çəpik çalmaqla, ayaqları yerə döyməklə, əlləri dizlərə vurmaqla, çırtma çalmaqla öz oyunlarını müşayiət edən rəqqaslar yallıda yeni bir ritmik ahəng yaradırlar.

Digər rəqslərdə olduğu kimi, yallılar da Azərbaycan məqamlarına (ladlarına) əsaslanır. Yallıların böyük əksəriyyəti “Rast”, “Şur”, “Segah” məqamındadır. Nadir hallarda “Bayatı-Şiraz”, “Çahargah” məqamında da olduğunu görə bilirik. Kiçik tersiya (1,5 ton) münasibətində olan “Rast” və “Şur” məqamları, şərti olaraq, paralel major və minor qarşılaşdırmalarına oxşayır: məs.: “Qaladan qalaya”

Əkrəm Məmmədli ilə Kənan Məmmədlinin 2015-ci ildə işıq üzü görmüş “Naxçıvan – Şərur el yallıları” adlı kitabında 92 yallı nota alınmışdır. Bu yallılardan 43-ü birhissəli, 46-sı ikihissəli, qalan 3-ü isə üçhissəli yallılardır. Həmin yallılar içərisində 9-u xorla müşayiət olunandır. Bunlar “Aman Lelo”, “Ay xanım”, “Bahar”, “Dönə”, “Köşginən”, “Ləyləxani”, “Mərcanlar”, “Tello”, “Tirməşal” yallılarıdır. Kitaba daxil olan yallıların 57-si “Şur”, (“Tello”, “Mərcanlar”, “Əfsəri”, “El yallısı” və s.) 13-ü “Segah”, (“Asta Qarabağı”, “Dönə”, “Qazayağı” və s.) 16-sı isə “Rast” məqamlarındadır (“Hoynəri”, “Güneyi”, “Köşginəngəl” və s.). Digər yallılar isə nadirən müşahidə edilən “Çahargah” (“Şərili”,) və “Bayatı Şiraz” (“İki ayaq”) məqamlarındadır.

Naxçıvan yallıları diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə təşəkkül tapmış və böyük tarixi təkamül yolu keçmişdir. Yallı rəqslərinin Naxçıvanın müasir musiqi həyatında da yaşaması və ifa olunması bunu bir daha təsdiq edir. Yallının qayaüstü təsvirlərə əsasən araşdırılması, ifa edilməsi, xoreoqrafik, eləcə də musiqi baxımından araşdırılması, toplanılması, nota yazılması və çap edilərək gələcək nəsillərə mədəniyyətimizin mirası kimi ötürülməsi modern paleoxoreoqrafiyanın, etnoxoreologiyanın və etnomusiqişünaslığımızın əsas vəzifələrindəndir. Yallı rəqslərinin not nəşrlərinin gələcək araşdırmacıların tədqiqat obyektinə çevriləcəyini ümid edirik.

Şəhla Tarverdiyeva

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin metodisti