Müstəqillik dövründə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olub. Qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının da infrastrukturunun yenilənməsinə, əhalinin sosial vəziyyətinin inkişafına, elm, təhsil, mədəni mühitinin yeni inkişaf mərhələsinə keçməsinə şərait yaradıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” digər sahələrlə yanaşı muxtar respublikanın mədəni inkişafı üçün də yeni yol xəritəsidir. Proqrama əsasən, Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələri UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq, mədəniyyət müəssisələrinin infrastrukturu və maddi-texniki bazası təkmilləşəcək. Tarix və mədəniyyət abidələri ilə zəngin olan, hər daşı tarixin şahidinə çevrilən Naxçıvanın abidələrinin beynəlxalq səviyyədə qorunması və tanıdılması həm də dövlət mədəniyyət siyasətinin tərkib hissəsidir. Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müvafiq siyahıya salınacaq tarix və mədəniyyət abidələrinin müəyyənləşdiriləməsinə, inventarlaşmasına və pasportlaşdırmasına başlanılıb. Belə ki, Planın icrası ilə bağlı abidələrdə monitorninq aparılması məqsədi ilə iyul və avqust aylarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu Məhdud Məsuliyyətli Cəmiyyətinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və digər aidiyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan və Ordubad şəhərlərində bir sıra tarix-memarlıq abidələrinin mövcud vəziyyətinə baxış keçirilib. Qeyd edək ki, inventarlaşdırılmış abidələr UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına salındıqdan, nominasiya fayları hazırlanıb təqdim edildikdən sonra beynəlxalq səviyyədə qorunacaq və tanınacaq.
Planda, həmçinin muxtar respublika ərazisində tarix-mədəniyyət qoruqlarının təhlili və inventarlaşdırılması, mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı işlər də əks olunub. Təfsilatlı Tədbirlər Planına əsasən mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırmaq məqsədi ilə onların maddi texniki-bazasının gücləndirilməsi ilə yanaşı bir sıra mədəniyyət ocaqları - Xan sarayı, Möminə Xatın türbəsi, Qızlar bulağı, Yay teatrı, Bazarçayı gölü, Köhnə bazar və Qədim Karvansarayın daxil olduğu tarixi abidələrin bazasında “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksi yaradılacaq və Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Muzey Mərkəzi, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binalar tikiləcək. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən inşa olunacaq müəssisələrlə bağlı layihə tapşırıqlarının hazırlanması işi davam etdirilir. Eyni zamanda, dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin yaradıcı kollektivlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi işləri aparılır.
Təfsilatlı Tədbirlər Planına əsasən reallaşacaq daha bir yenilik isə ondan ibarətdir ki, muxtar respublikada mədəni xidmətin təşkilinin səviyyəsinin yüksəlməsi, mədəni zövqün formalaşmasına xidmət edən uğurlu layihələrin gerçəkləşməsi məqsədi ilə Naxçıvanda ilk dəfə olaraq konsert və tamaşlar üçün biletlər onlayn platformadan satışa çıxarılacaq. Ənənəvi metodlarla yanaşı, innovativ imkanların yaradılması mədəni xidmətlərin əlçatanlığını daha da asanlaşdıracaq.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti