Dekabrın 10-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ən böyük Azərbaycanlı – ulu öndər Heydər Əliyev” adlı tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov açaraq dahi rəhbər Heydər Əliyevin müstəqil Azərbaycanın rifahı naminə misilsiz fəaliyyətindən bəhs edib.
Sonra tədbirdə Heydər Əliyev Sarayının direktrou Elvin Xəlilovun “Ən böyük azərbycanlı”, Mədəniyyət üzrə Elmi-metodik Mərkəzin metodistləri Bənövşə Afətlinin “Ulu öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Türkay Məmmədlinin “Dahi rəhbər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və Heydər Əliyev Sarayının bədii rəhbəri Mənsurə Abbasovanın “Heydər Əliyev və Azərbaycan” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, Xalqımızın ümummilli lideri, bütün əsrlər üçün canlı klassik olan dahi şəxsiyyət Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”. Bütün qaynar fəaliyyəti dövrü bu sağlam əxlaqi-etik və estetik prinsiplə yaşayan ulu öndər həmişə xalqın mədəni dəyərlərini, milli sərvətlərini qorumaq üçün mübarizə aparmışdır. Məhz dahi şəxsiyyətin torpağa, milli dəyərlərə dərindən bağlılığının nəticəsidir ki, 1969-cu ildən etibarən mədəniyyətimiz, bir sözlə, milli mənəvi dəyərlərimiz, soy-kökümüz özümüzə qayıdıb. Zəmanəmizin görkəmli dövlət xadimi kimi tanınan Ulu Öndər Heydər Əliyev mənalı ömrünü dövlətçiliyimizin möhkəmlənməsinə, mədəniyyətimizin və incəsənətimizin çiçəklənməsinə həsr etmişdir.