Martın 4-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xoreoqrafiya şöbəsinin 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konserti keçirilib. Muxtar respublikada ictimai-siyasi, elm, təhsil, mədəniyyət sahəsində fəaliyyəti ilə seçilən qadınların, şəhid ailələrinin iştirak etdiyi konsert başlamadan əvvəl teatrın foesində sərgiyə baxış keçirilib.
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin xoreoqrafiya ixtisası üzrə müəllimi, layihə rəhbəri və baletmeyster Fatimə Kazımova və məktəbin müəllimi Aysel Axundova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada xoreoqrafiya sənətinin inkişaf yolu və məktəbin bu sahədəki uğurlarından bəhs ediblər. Vurğulanıb ki, məktəbin balaca xoreoqrafları ötən il ölkəmizdə ilk dəfə təşkil edilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında solo nominasiya üzrə 2-ci və 3-cü, kollektiv nominasiyası üzrə 3-cü yerin qalibi olublar.Çıxış edənlər əlamətdar gün münasibəti ilə qadınları təbrik ediblər.
Ardından Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin muxtar respublikanın bir sıra tarix və mədəniyyət abidələrinin qarşısında ifa etdikləri rəqs nömrələrindən ibarət videoçarx nümayiş olunub.
Konsert zamanı məktəbin istedadlı şagirdlərinin təqdimatında milli rəqslərimizdən- “Mirvari”, “Turacı”, “Üzümçülər”, “Ay qaşı- gözü qara qız”, “Tənzərə” yallısı, həmçinin xarici bəstəkarların əsərləri təqdim olunub. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin solisti Emin Hüseynov “Ana” mahnısı səsləndirib və səhnəcik nümayiş olunub.
Bayram əhval-ruhiyyəsi ilə baş tutan konsert proqramı alqışlarla sona çatıb.