Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 iyun 2023-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədi ilə bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması prioritet sahə olaraq qarşıya qoyulub.
Dövlət Proqramının icrası ilə bağlı işlərin görülməsinə başlanılıb. Avqustun 28-i və 29-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu Məhdud Məsuliyyətli Cəmiyyətinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə Naxçıvan şəhərində bir sıra tarix-memarlıq abidələrinin – Mömünə Xatın türbəsi, Cümə məscidi, Yusif Küseyr oğlu türbəsi, Xan Sarayı, Qızlar Bulağı, Bazar Gölü, İsmayılxan hamamı, Naxçıvan Buzxanası, Zaviyyə mədrəsə binası və Naxçıvan İmamzadə Kompleksinin mövcud vəziyyətinə baxış keçirilib.
Ordubad şəhərində də olan mütəxəssislər Qeysəriyyə və Mədrəsə abidələrinin, Ordubad Came Məscidinin, Sərşəhər və Təkeşiyi məscidlərinin, Ordubad hamamının, Məbədin, Ordubad buzxanasının və bir sıra mülki evlərin mövcud vəziyyəti ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
30.08.2023