Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində 18 May-Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.
Muxtar respublikanın muzey əməkdaşlarının, mədəniyyət nümayəndələrinin və NDU-nun müvafiq ixtisas üzrə təhsil alan tələbələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov bildirib ki, YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu bayram xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.
Ölkəmizdə muzey işinin inkişafının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən şöbə müdiri diqqətə çatdırıb ki, müstəqillik illərində muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, muzeylərin müasir binalarla, zəruri inventar və avadanlıqlarla, qiymətli eksponatlarla zənginləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
“Hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 128 mindən artıq ekponat toplanıb” deyən H.Kərimov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan məsələlər muxtar respublikada fəaliyyət göstərən muzey şəbəkəsini də əhatə edir. Muxtariyyətin 100 illiyinin qeyd olunduğu 2024-ci ildə muxtar respublikada fəaliyyət göstərən muzeylərin maddi-texniki bazasının gücləndirilməsi, bu müəssisələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Sonra Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Mədəniyyətin inkişafında muzeylərin rolu”, NDU-nun Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyevin “Muxtariyyətin bəhrələri - Naxçıvan muzeyləri” mövzusunda çıxışları dinlənilib.
Çıxışların ardından bir neçə muzey əməkdaşı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.
Tədbir muzey ekspozisiyasına baxışla sona çatıb.