23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir təşkil edilib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin, kitabxana əməkdaşlarının və tələbələrin qatıldığı tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli əlamətdar günün tarixi haqqında danışaraq bildirib ki, 1995-ci il noyabrın 15-də UNESCO-nun Parisdə keçirilən Baş Konfransında qəbul edilmiş qərara əsasən hər il aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir. Kitaba və müəlliflərə hörmət əlaməti olaraq təsis edilən bu əlamətdar gün 1997-ci ildən etibarən hər il ölkəmizdə də çoxsaylı tədbirlərlə qeyd edilir.
Vurğulanıb ki, müstəqillik illərində müəlliflik hüququnun qorunması ilə bağlı zəngin qanunvericilik bazası formalaşıb, ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılıb, Azərbaycan Respublikası “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa başlayıb.
Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Əliyev aşıq ədəbiyyatı nümunələrində, Azərbaycan şairlərinin şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasını yaratdıqlarını bildirib. Vurğulayıb ki, bu gün xalqımızın tarixi, mədəni irsi, ədəbiyyat, memarlıq, milli mətbəx nümunələri haqqında kitablar nəşr olunur, onların qorunması, tanıdılması sahəsində məqsədyönlü addımlar atılır. Xalqımızın min illər boyu yaratdığı zəngin mədəniyyət inciləri UNESCO-nun müvafiq siyahılarına daxil edilir.
Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova, Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova bu əlamətdar günün əhəmiyyətindən, kitab mədəniyyəti və onun əqli mülkiyyət sistemində tutduğu mövqedən ətraflı bəhs ediblər.
Tədbir sərgiyə baxışla sona çatıb.