Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçirilib.
Konsert proqramı başlamadan əvvəl çıxış edən Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov muxtar respublika rəhbərliyi adından qonaqları salamlayıb. Bildirib ki, Azərbaycan dövləti Naxçıvanın muxtariyyətinə hər zaman yüksək qayğı və ehtiram göstərib. Belə tədbirlərin keçirilməsi muxtar respublika mədəniyyətinin, elm və təhsil mühitinin ölkəmizdə tanıdılmasına əsas yaradır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən muxtar respublikada çoxsaylı tədbirlər həyata keçiriləcəkdir.
Muxtariyyətin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan nazir müavini diqqətə çatdırıb ki, ötən əsrin 90-ci illərində xalqımızın başı üzərini qara buludlar alanda Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi bu qədim diyarı xilas etdi. “Olum və ya ölüm” dilemması qarşısında qalan, işıqsız, qazsız, taleyin ümidinə buraxılan Naxçıvan məhz Dahi liderin şəxsi cəsarəti, sevgisi, böyük vətənpərvər ürəyi sayəsində qurtarıldı. Ümummilli liderin Naxçıvanda çıraq işığına qəbul etdiyi qərarlar bütöv Azərbaycanı işıqlı gələcəyə çıxardı.
2024-cü ilin Naxçıvan Muxtar Respublikası üçün yaddaqalan bir il kimi tarixə düşücəyinə əminliyini bildirən Həsən Seyidov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı atılan addımlardan da bəhs edib.
Sonra konsert proqramı təqdim olunub.
Konsert Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Nazim Kazımov və mədəniyyət, ictimaiyyət nümayəndələri tərəfindən izlənilib.
Musiqili gecədə Naxçıvanın incəsənət nümayəndələri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiət ilə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyevin rəhbərlik etdiyi Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir. Nazim Quliyevin “Nəqşicahan” baletindən “Uvertüra” ilə başlayan gecədə Süleyman Ələsgərov, Səid Rüstəmov, Ramiz Mirişli, Ələkbər Tağıyev, Hacı Xanməmmədov, Həsən Rzayev, Firəngiz Babayeva kimi görkəmli bəstəkarların əsərləri, həmçinin xalq mahnıları səsləndirilib. Konsert zamanı Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədlinin muxtariyyətin 100 illiyinə həsr etdiyi “Yurdum mənim” əsəri ilk dəfə ifa edilib.
Azərbaycan Respublikasının əməkdar artistləri - Vilayət İsmayılov, Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri - Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və Aqib Seyidov (kamança), Respublika və beynəlxalq müsabiqələr laureatları - Sevinc Babayeva (qanun) və solist İlkin Abdullayev tərəfindən təqdim olunan əsərlər alqışlarla qarşılanıb. Konsert proqramı Xalq artisti Gülyanaq Məmmədova və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudovun ifasında “Naxçıvan şikəstəsi” ilə sona çatıb.