Fevralın 6-da Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan musiqi mədəniyyəti” mövzusunda tədbir keçirilib.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri giriş nitqi ilə kitabxananın direktoru Tamella Əsgərova açıb. Naxçıvanın musiqi mədəniyyətinin tarixinin qədim olduğunu bildirən direktor vurğulayıb ki, Naxçıvan tarixən ölkəmizin mədəniyyət mərkəzlərindən biri olub.
Ardınca Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədovanın “XX əsrdə Naxçıvan musiqi mədəniyyətinin inkişafı”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının musiqi-not şöbəsinin müdiri Nailə Rəhimovanın “Naxçıvanın musiqi mədəniyyəti tarixi qədər qədimdir” və Naxçıvan Şəhər 3 №-li Mədəniyyət Evinin mədəni təşkilatçısı Jalə İbrahimovanın “Naxçıvan musiqi məktəbinin yetirmələri” adlı mövzularda çıxışı dinlənilib. Qeyd olunub ki, Naxçıvanda musiqi mühitinin hərtərəfli inkişafında dahi bəstəkar Ü.Hacıbəyovun əvəzolunmaz xidmətləri olub, onun sayəsində 1937-ci ildə Naxçıvanda ilk musiqi məktəbi fəaliyyətə başlayıb. Nəriman Məmmədov, Ramiz Mirişli, Yaşar Səfərov, Əkrəm Məmmədli, Həsənağa Qurbanov, Zeynalabdin Babayev kimi musiqi elminə öz töhfəsini vermiş incəsənət xadimləri yetişibdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da musiqinin inkişafı və çiçəklənməsi dövrü Ulu Öndərin hakimiyyət illərinə təsadüf edir. Belə ki, dahi şəxsiyyət hər zaman mədəniyyətimizin ayrılmaz qolu olan musiqinin inkişafına, təbliğinə, dünyada tanıdılmasına xüsusi diqqət göstərirdi.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.