Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dövlət Bayrağı Muzeyində keçirilən seminar-treninqdə Nazirliyin sistemində olan muzeylərin əməkdaşları iştirak edib.
Muzeylərdə təşkil olunan açıq dərslərin şagirdlərin milli mənlik şüurunun formalaşmasına və onlara vətənpərvərlik hisslərinin aşılanmasına, tədris olunan müəyyən fənlərin əyani şəkildə daha yaxşı mənimsənilməsinə xidmət etdiyini vurğulayan Nazirlik Aparatının baş məsləhətçisi Qumral Əsədova giriş sözündə bildirib ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və təhsil nazirliklərinin birgə təsdiqlədiyi tədbirlər planına əsasən hər il muzeylərlə təhsil şöbələri arasında açıq dərslərin qrafiki təsdiq olunur, bu qrafikə əsasən məktəblilərə açıq dərslər təşkil olunur. 2022-2023-cü tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdlərinə müxtəlif mövzularda 230 açıq dərs və 211 mühazirə keçirilib.
Sonra Dövlət Bayrağı Muzeyinin baş fond mühafizi-elmi işçisi Sevinc Rəsulova məktəblilərin ekskursiyasının təşkili qaydalarından danışıb. Seminar iştirakçılarının diqqətinə çatdırıb ki, muzeylərə ekskursiyaların təşkili muzeylərimizə marağın artmasına, tariximizin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına daha geniş imkanlar açır. Ekskursiya zamanı şagirdlərə muzeydə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilir.
Seminar-treninqdə iştirakçıların suallarına da aydınlıq gətirilib.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.